“MTN-də GÖRDÜM Kİ, ARTIQ DƏLİ OLURAM...” - Arif Yunus+ VİDEO

Arif Yunus barəsindəki bugünkü məhkəmə qərarından sonra jurnalistlərə açıqlama verib.

Virtualaz.org xəbər verir ki, Arif Yunus noyabrın 6-dan aclıq aksiyası keçirdiyini və dərmanların qəbulundan imtina etdiyini deyib. Hüquq müdafiəçisi həyat yoldaşı Leyla Yunusun da tezliklə azadlığa çıxmasını arzuladığını bildirdi:

-Hipertoniyaya qarşı Almaniyadan gətirilmiş xüsusi dərmanlar qəbul edirdim. Əsas tələbim isə həyat yoldaşıma qarşı işgəncələrə son qoyulmasıdır. Yaşlı qadındır, dekabrın 21-də 60 yaşı tamam olacaq, özü də xəstədir. Son illərdə Leylanın üzərində altı dəfə cərrahiyyə əməliyyatı aparılıb, diabetdən əziyyət çəkir. Leyla xanımı indi hansısa yaxşı bir xəstəxanaya aparıb orada müalicə etsələr də buna baxmayaraq ən azı üç il ərzində vəziyyəti ağır olaraq qalacaq. Gözündə problemləri var, kor da ola bilər. Mənim aclıq etməkdə də tələbim o idi ki, Leyla xanım mütləq azadlığa çıxsın. Mən III qrup hipertonikəm. Dünən xəstəxanada hipertonik kriz keçirdim, təzyiqim 234-ə qalxmışdı, səhərə qədər yata bilmədim. Hipertoniya elə bir xəstəlikdir ki, mən infarktdan bu gün də ölə bilərəm, 10 ildən sonra da.

Leyla xanımın vəziyyəti isə məndən dəfələrlə pisdir. Azərbaycanda tez-tez milli dəyərlərdən, humanistlikdən danışırlar. Burada söhbət yaşlı, xəstə qadının həbsdə saxlanılmasından gedir. O, mütləq azadlığa buraxılmalıdır. Çünki o, ağır xəstədir.

-Tələbiniz yerinə yetirilmədi. Bundan sonra hansı addımı atmaq fikrindəsiniz?

-Mənim bir silahım var - mənim dilim. Mən susan deyiləm.

-Leyla xanım qərarı necə qarşıladı? Məhkəmə zalında eyni kabinədə idiniz. Yəqin ki, qərar elan olunandan sonra bu barədə qısaca da olsa söhbət eləmək imkanınız oldu...

-Leyla xanım məhkəmə zalına gətirilən ilk dəqiqədən ağlayırdı. Çünki inanmır ki, onu azadlığa buraxacaqlar. Məsələ burasındadır ki, onu aldadıb qadın koloniyasına aparmaq istəyirlər. Orada isə vəziyyət həddən artıq pisdir. Leyla xanım özü də dediyim kimi, xəstədir. Yəni söhbət onun faktiki olaraq ölümündən gedir. Hətta bu gün onu Almaniyada ən yaxşı xəstəxanaya aparsalar belə onun özünə gəlməsi üçün 3 il vaxt lazım olacaq. Bir adam ki Hepatit C, şəkərli diabet, böyrək daşı kimi xəstəliklərdən əziyyət çəkir, üzərində son bir neçə ildə 6 dəfə cərrahiyyə əməliyyatı aparılıb, onun orqanizminin yarısı yoxdur. Onu cəzaçəkmə müəssisəsinə göndərməklə faktiki ölümə göndərirlər. Belə vəziyyətdə mən susmalıyam? Onda mən nə kişiyəm bundan sonra?! Əlbəttə ki, susmayacağam. Aclığa başlayanda da dedim ki, 37 il bu xanımla yaşamışam, mən onu satan deyiləm ki, məni azadlığa buraxıb onu ölümə göndərsinlər. Hətta dedim ki, əksinə olsun, onu buraxsınlar, məni göndərsinlər cəzaçəkmə müəssisəsinə. Mən bunu istəyirdim. Əgər biz azərbaycanlıyıqsa və İslamdan, dəyərlərdən danışırıqsa, ilk növbədə qadınlara hörmətlə yanaşmalıyıq. Özü də burada söhbət cavan qadından getmir, 60 yaşlı xəstə qadından gedir.

-Sizə qarşı ittihamlar, barənizdəki hökm barədə nə düşünürsünüz?

-Mən həbsdən sonra onların suallarına cavab verməmişəm, heç bir sənədi imzalamamışam. Hətta məxfi xarakterli sənədi də imzalamamışam. Yanıma gəlib soruşanda ki niyə imzalamırsan, dedim əgər biz Almaniyada olsaydıq, normal məhkəmə sistemi olsaydı, bütün suallara cavab verərdim. Amma mən bilirəm ki, sifarişlə həbs olunmuşuq. Onu da gözəl bilirəm ki, müstəntiq olaraq sən heç bir rol oynamırsan, Yaqub Məmmədovun sözü olmasın, sən “peşkasan”, sənə “həbs elə” deyiblər, sən də həbs eləyirsən.

Bizə qarşı bütün ittihamları “Azərbaycan”, “Səs” qəzetlərindən götürüblər. O qəzetlər məndə də var. Xaricdə tələbələr qarşısında çıxış edəndə həmin qəzetlərdə bizim barəmizdə yazılan yazıları göstərirdim. Yazırdılar ki, Leyla Yunus, Arif Yunus ermənilərə satılıb. Müstəntiqə dedim ki, siz də o yazıları götürüb ittiham düzəltmisiniz, mənbəni də göstərməmisiniz. Demokratik ölkədə o qəzetlər sizi məhkəməyə verərdi ki, onların məlumatını götürmüsünüz. Bu, istintaq deyil, sifarişdir. Ondan sonra hər şey kəsildi. Bir-iki dəfə də gəldilər. Mən dedim ki, qol çəkmirəm.

-MTH-də sizə fiziki təzyiq olubmu, işgəncə verilibmi?

-MTH-in təcridxanası bilirsinizmi necə bir yerdir? Mənim xəbərim yox idi ki, dünyada nə var, nə yox. Həyat yoldaşımın vəziyyətindən, qızımdan xəbərim yox idi. Adama ən çox pis təsir edən də budur. Gündüzlər fikir bir az dağılır, amma axşamlar lap çətin olur. Adam fikirləşəndə ki mənim yoldaşımın vəziyyəti necədir, onda dəhşətə gəlirsən. Düşünürsən ki, sən nə kişisən, yoldaşını müdafiə edə bilmirsən. Onda təzyiqim qalxmağa başladı. Gördüm ki, artıq dəli oluram. Fikirləşdim ki, belə olmaz, nəsə etməliyəm. Bilirsinizmi MTN kimin üçün nisbətən asandır? Dindarlar üçün. Onlar hesab edirlər ki, burada çəkdikləri əzab Allah yolundadır. Axı mən onlar kimi deyiləm... Xüsusən də nəzərə almaq lazımdır ki, mən aliməm, həmişə nəsə yazmalıyam. Yazmayanda mənim üçün çətin olur.

-Barənizdə çıxarılmış məhkəmə hökmü barədə nə demək istəyirsiniz?

-Mən əvvəldən də dediyim kimi, bu, sifarişdir. Bizim heç bir günahımız yoxdur. İttihamlar da saxta xarakter daşıyırdı. Məni indi həbsdən buraxanda iltizama qol çəkdirdilər ki, Bakıdan kənara çıxmaq olmaz. Yeri gəlmişkən, məni bilirsinizmi necə həbs eləmişdilər? Polis bölməsində yazıblar ki, guya mən Bakının rayon sərhədlərini pozmuşam. Soruşdum ki, nə rayon. Sən demə, Yasamal rayonundan Səbayel rayonuna getməyimi nəzərdə tuturlar. Mən indi çörək almaq üçün ərazi baxımından başqa rayondakı mağazaya gedirəmsə, deməli, sərhədi keçirəm? Bu nə deməkdir? Onda bir post da qurun, adamlardan vergi yığın da. Dedim ki, əgər yazmağı bacarmırsınızsa, onda verin mən yazım.

t=vid&id=27359982&w=640&h=363&skin=embeded" width="640" height="363" frameborder="0" scrolling="no">

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar