“KİM BAŞINA LƏÇƏK BAĞLAMALIDIR?” – Rəhim Qazıyev sual edir

“Onun mənim yanıma ağlaya-ağlaya gətirilməsini o dövrdə hamı bilirdi”

Respublikanın keçmiş hərbi komissarı, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Əliağa Hüseynovla sabiq müdafiə naziri Rəhim Qazıyev arasında KİV üzərindən sərt söz atışması davam edir. Sonuncu dəfə Əliağa Hüseynov açıqlama verib və Rəhim Qazıyevin vədini yerinə yetirməyən adam kimi “başına şal bağlamalı, ləçək taxmalı” olduğunu deyib.

Qeyd edək ki, sabiqlər arasında bu dava Rəhim Qazıyevin müsahibəsindən sonar başlayıb. Sabiq nazir deyib ki, vaxtilə Oktyabr, indiki Yasamal rayonunda hərbi komissar işləyən Əliağa Hüseynov ona zəng edərək hönkür-hönkür ağlayıb, onu həbs etmək istədiklərini bildirib. Lakin R.Qazıyev bu həbsə imkan verməyib və bu cəhdi edənləri Daxili Qoşunların əməkdaşlarını cəzalandırıb.

Ə.Hüseynov isə R.Qazıyevin dediklərini “ağ yalan” adlandırıb, ona qarşı sərt sözlər deyib və ittihamlar səsləndirib.

“O, yalan danışır. Bu adam “torpaqlar getsə, başıma güllə vuracam” deyib, sonra da sözünə əməl etməyib. Ondan nə gözləyəsən? Vədini yerinə yetirməyən adam başına şal bağlamalı, ləçək taxmalıdır.”

Əliağa Hüseynovun bu sözlərinə Rəhim Qazıyev də sərt reaksiya verib. “Mən başa düşmürəm, bu qədər həyasızcasına bu yalanları niyə danışır. Onun mənim yanıma ağlaya-ağlaya gətirilməsini o dövrdə hamı bilirdi”, deyə keçmiş nazir, AzPolitika.info-ya açıqlamasında deyib.

R.Qazıyev bildirib ki, o, nazir olandan bir həftə sonra Əliağa Hüseynov əlində Xəlil Rza Ulutürkün foto-məktubu onun yanına xahişə gəlib. “Bu foto-məktub indi də qalır, mənim əlimdədir. Yoxsa mən onu işdə saxlamazdım…”

Keçmiş nazir “ləçək bağlamaq” məsəlisinin üzərində xüsusi duraraq, sual edib:

“Bu adam general-leytenant olub, ön xəttə bir dənə də güllə atmayıb. İndi örpəkdən, ləçəkdən danışır. Kim başına ləçək bağlamalıdır: Ərazisinin 20 faizi işğal altında olan ölkədə düşmənə 1 dənə güllə atmadan və 1 saat cəbhə bölgəsində olmadan general-leytenant olan şəxs, yoxsa 11 ay nazir olduğu dövrdə Dağlıq Qarabağ ərazisinin 52 faizi azad olunan riyaziyyat müəllimi olan müdafiə naziri?”

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar