Sarkisyan rəsmi Bakıya meydan oxudu- "Azərbaycanın nə gücü, nə də imkanı var...”

Vəfa Quluzadə: «Sarkisyanın səsləndirdiyi fikirlər Rusiyanın sifarişidir»

Ermənistanda Qarabağ müharibəsində iştirak etmiş erməni veteranlarının yarımhərbi “Yerkrapa” könüllülər ittifaqının qurultayı olub və prezident Serj Sarkisyan keçmiş səhra komandirləri qarşısında çıxış edərək, Azərbaycanla bağlı ittihamalar səsləndirib. Virtualaz.org saytı erməni mənbələrinə istinadən xəbər verir ki, Sarkisyan çıxışının əsas hissəsini Qarabağ məsələsinə ayırıb və Azərbaycana qarşı davakar ritorikadan istifadə edib.

“Atəşkəsin əldə edilməsindən bu yana 20 ildən çox vaxt keçib. Bu müddət ərzində Dağlıq Qarabağ öz yaralarını əhəmiyyətli dərəcədə sağaldıb və daxili azadlıqlar məsələsində beynəlxalq ictimaiyyətdən Azərbaycandan daha yaxşı qiymət alır. Bakıdakı rejim hesab edir ki, əgər Ermənistan cəbhə xəttindəki itkilərini gizlətmirsə, öz xalqını aldatmırsa və dövlətin bütün problemlərini açıq müzakirə edirsə, deməli, zəifdir. Onlar başa düşmür ki, bizim gücümüz elə bundadır. Və başa da düşə bilməzlər. Bu dəyərlər onlar üçün yaddır” - deyə Sarkisyan bildirib

Sarkisyan daha sonra 90-cı illərin əvvəlinə qayıdaraq deyib: “Burada iştirak edənlərin çoxu yəqin yaxşı xatırlayır ki, 90-cı illərdə Azərbaycanın müdafiə naziri təyin edilən hər kəsin ilk bəyanatı hökmən bir həftədən sonra Stepanakertdə (Xankəndi-red.) çay içəcəyinə dair vəddən ibarət olurdu. Lakin ayındır ki, heç kim onları Stepanakertdə çaya qonaq etməyə hazırlaşmırdı. Açılan atəşlərdən sərhəddə bizim hərbçilərimiz və dinc sakinlərimiz həlak olur. Bu, müharibə deyil, qətldir. Azərbaycan bununla təmas xəttində gərginliyi saxlamaq və öz xalqına göstərmək istəyir ki, guya Qarabağ uğrunda mübarizə gedir. Azərbaycanın müharibəyə başlamaq üçün nə gücü, nə də imkanı var”.

Politoloq Vəfa Quluzadə Sarkisyanın səsləndirdiyi fikirlərin Rusiyanın sifarişi olduğunu bildirdi: “Mən Sarkisyanın çıxışını oxudum və hesab edirəm ki, bu çıxışın mövzusu Rusiyanın Xarici Işlər Nazirliyindən gəlib. Səslənən fikirlər o mesajı verir ki, Qarabağ münaqişəsinin həlli Rusiyanın əlindədir və Ermənistan bu məsələdə Rusiyaya arxayındır. Əgər Rusiyanın siyasəti başqa istiqamətə yönəlmiş olsaydı, Sarkisyan başqa formada çıxış edəcəkdi. Ermənistan müstəqil dövlət olmadığı üçün, öz siyasətini müəyyənləşdirə bilmir. Ermənistan əhalisi Sarkisyandan narazıdır və belə çıxışlar narazılığı daha da artırır. Çünki, erməni xalqı hakimiyyətdən başqa addımlar atmağı gözləyir, münaqişənin həll edilib, ticarət əlaqələrinin bərpasını istəyir. Ona görə də Sarkisyanın səsləndirdiyi fikirləri ciddi qəbul etmək, onun siyasi iradəsinin ifadəsi kimi qiymətləndirmək düzgün olmazdı”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar