«Çodar»la «çovdar»ın fərqinə varmayanda...

«OBXSS kaqortası» MTN-ni «quldurxana»ya çevirər!

Mirzə AĞ

Son günlərin tək mövzusu bitmək bilmir - Azərbaycanın «popuqay xoru» (Azərbaycanın «qozbel media»sı) nəfəs dərmir. Uydurma, fantazlama və s. dizə çıxıb - kim necə bacarır, eləcə də «mehraba qalxıb, moizə yapır»...

Sanki postmahmudov günlərində yazılanlar barədə bundan əvvəl heç kim heç nə bilmirmiş, eşitmirmiş. Daha rəzalətin buynuzu olmaz ki...

Mahmudovun «çöküşü»ndən üzübəri Azərbaycan mediasının davranışı sanki Bakının «qul bazarı»nı xatırladır - bir müştərinin çağırışına dəstə-dəstə «işsiz» axışıb gəlir. Belə çıxır ki, möhəşəm mediamız «mövzu qıtlığı» yaşayırmış və Mahmudov olayı onun üçün göydəndüşmə olub...

Bu qısa «obzor»dan sonra mətləbə keçmək yerinə düşərdi. Mətləb isə xeyli qəliz, o qədər də ibrətamizdir. Nəyi ilə? Məsələ burasındadır ki, MTN-i, Eldar Mahmudovu, onun kadrlarını («OBXSS kaqortası»nı), xüsusilə də «nadziratel-general» Akif Çodarovu amansız tənqid atəşinə tutanlar indiyə qədər heç fərqinə belə varmayıblar ki, onun soyadı «Çovdarov»du, yoxsa «Çodarov»? Hesab edirəm ki, indi «MTN işi» kimi müzakirəyə çıxarılmış bu rəzalətin kökündə məhz həmin mətləb dayanır...

Diqqət yetirin, Azərbaycan türkcəsində «çodar» sözü də, «çovdar» sözü də var. Amma onların mənası tamamilə fərqlidir. «Çodar» - isimdir, şəxs adıdır. Keçmişlərdə mal-qara alveri ilə məşğul olan şəxslərə çodar deyərmişlər (Məsələn, «Koroğlu» dastanında belə bir məqam var - Koroğlu deyir: «Çodaram, qoyun almaq istəyirəm»). «Çovdar» sözü də isimdir, amma şəxs adı yox, bitki adıdır - unundan qara çörək bişirilən dənli bitkidir «çovdar». O da var ki, türklərdə şəxsə bitki adı vermək nadir hadisələrdən sayılır, olsa da bitki adının hallanmış formasına təsadüf edilir. Məsələn, Dağıstanda yaşayan türkdilli kumık xalqı arasında «Buğdaçı» adına rast gəlinir - yəni ki, «buğda» yox, «buğdaçı». Bu mülahizədən çıxış etsək, gərək üzdəniraq generalın soyadı «Çovdarçı», «Çovdarçıyev» və ya «Çodarov» (mal-qara alveri eliyənin nəvəsi-nəticəsi...) olaydı...

Sözümün canı budur ki, keçmiş «türmə nadzirateli» psevdogeneral «Çovdarov»u MTN-ə işə götürərkən, gərək soyadına diqqət yetirəydilər, fəqət, yeirməyiblər. Düşünürəm ki, məhz bu səbəbdən dolayı, o, keçmiş «OBXSS»-in rəhbərliyi altına düşərkən, MTN-çiyə yox, quldura çevrilib!

Bir haşiyəyə çıxmaq istəyirəm. Qarabağda müharibənin qızğın çağlarında (1992-ci ilin əvvəli) Azərbaycan Milli Ordusunun ilk nizami hissələrindən biri olan 836 saylı motoatıcı alayın komandiri, Azərbaycanın Milli Qəhrəmanı, mərhum Şirin Mirzəyev (Bu kişi rəhmətini özünün sağlığında qazanıb!) şəxsən mənə qeyri-rəsmi göstəriş vermişdi ki, orduya könüllü yazılmağa gələnlərin sənədlərini yoxlayarkən, hərbi biletlə bərabər biletə əlavəni - «vkladış»ı da tələb edim, baxım - şəxsin anası qeyri-millətdən deyil ki? Qeyri-millətdəndirsə, bir bəhanə ilə onu sıralara qəbul etməyim (o zaman mən, alayın qərargah rəisinin kadr və nizami xidmət üzrə baş köməkçisi vəzifəsini daşıyırdım). Səbəbi çox sadədir - o illərdə döyüş bölgələrində satqınlıq-xəyanət baş alıb gedirdi. Komandir də bu hallardan yayınmaq isitəyirdi və deyirdi ki, anası türk olan vətəni satmaz...

Hesab edirəm ki, MTN kimi çox milli-önəmli struktura işə qəbul zamanı namizədlərin cik-bikini yoxlamaq gərəkdir ki, «Çodar» sözü dönüb «çovdar» olmasın. Yoxsa ki, satqınlıqdan-xəyanətdən yaxa qurtara bilməyəcəyik – MTN-imiz isə «nadziratel»lə «OBXSS»-in simbiozundan başqa bir şey olmayacaq...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar