Zulu xalqının səhiyyəsi

İdmana 976, səhiyyəyə 823 milyon

“Tullanmaq hər dərdə dərmandır!” - bu, Afrikadakı məşhur zulu xalqının misalıdır. Indi dünyada bir çox xalqlar öz səhiyyəsini zulu xalqının baxışı ilə qurur. Bir həftə öncə Dünya Bankı açıqladı ki, Azərbaycan özünün ümumi daxili məhsulundan səhiyyəyə ayırdığı paya görə bütün ölkələr arasında ən axırıncı qrupdadır. Dünya Bankı bu araşdırmaları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə aparır. Daha doğrusu, ÜST həmin araşdırmalara o qədər önəm verir ki, Dünya Bankının bu hesabatlarını öz sənədləri ilə birgə yayır.

Amma bunu heç cür Azərbaycana qüsur tutmaq olmaz. Səhiyyəyə pul az ayırsa da, dövlətimiz idmana, zulu xalqının misalında deyildiyi kimi, tullanmağa çox böyük pullar ayırır.

Tanınmış iqtisadçı Rövşən Ağayev bir neçə gün öncə Azərbaycanın 2014-cü il büdcəsi ilə bağlı bir şərh vermişdi. Onu oxuyanda adam zulu xalqının müdrikliyinə bir daha əmin olur.

Rövşən bəy yazır: “2014-cü ilin büdcəsindən Azərbaycan hökuməti idman tədbirlərinə və layihələrinə 976 milyon manat ayırıb. Bu vəsaitin 923 milyon manatı investisiya xərcləri, 53 milyon manatı isə ”Idman" köməkçi bölməsində ayrılıb.ÿ

Səhiyyə sisteminin saxlanmasına və səhiyyə layihələrinin həyata keçirilməsinə isə ümumilikdə 823 milyon manat nəzərdə tutulur. Həmin vəsaitlərin 725 milyon manatı bilavasitə səhiyyə funksional bölməsi, 98 milyon manatı isə investisiya xərcləri çərçivəsində ayrılacaq".

Yəni, qısaca söyləsək, idmana 976, səhiyyəyə 823 milyon manat ayrılıb.

Gəlin indi 2014-cü ilin ən bahalı idman layihələrinə ayrılan büdcə vəsaitlərinə diqqət yetirək:

1. 65 000 nəfərlik stadionun tikintisi - 280 milyon manat. 2013-cü ildə 200 milyon ayrıldığını nəzərə alsaq, ümumilikdə 480 milyon manat.

2. Su idman sarayının tikintisi - 190 milyon manat. 2013-cü ildə də 40 milyon ayrılıb, cəmi 230 milyon manat.

3. Gimnastika kompleksi - 80 milyon manat. 2007-2013-cü illərdə də üst-üstə 87 milyon manat, ümumilikdə 167 milyon manat.

4. 1-ci Avropa oyunları ilə əlaqədar layihələr - 373 milyon manat.

Səhiyyənin inkişafıÿilə bağlı ilk dövlət proqramı 2012-ci ildə bitdi və indi yenisi elan edilib. Həmin proqram üzrə son 5 ildəÿnə qədər vəsait xərclənsə yaxşıdır? Cəmiÿ200 milyon manat.

Sizə təəccüblü gələr bilər bu müqayisə və fərqlər. Amma zulu xalqının nümayəndələri burada qəribə heç nə görmür. Onlar deyir ki, hökumətin səhiyyəyə, dava-dərmana pul qoyması mənasızdır və bir faydası yoxdur. Fayda tullanmaqdadır. Ona görə də bizim hökumət idmana bu qədər böyük pullar ayırmaqda çox doğru yol tutub.

Zuludan olan politoloqlar deyir ki, Rusiya da düz yoldadır. Soçi olimpiadasına ayrılan milyardların hədsiz çox olması, onun parlaq gələcəyinə işarədir. Azərbaycan da Soçi olimpiadasında sübut etdi ki, o qışda da, yayda da tullanmağa üstünlük verir. Özünün qış idmanı ilə məşğul olan heyəti olmasa da, Azərbaycan da pis-yaxşı bir komanda düzəldib Soçiyə gedə bilmişdir. Medal qazanacaq idmançılara vəd edilən mükafatın məbləğinə görə isə Azərbaycan dünya lideridir. Bu da tullanmağa verilən yüksək dəyərdir.

Zuludan olan ekspertlər Azərbaycanı nəzərdə tutub deyir: tam doğru yoldadırlar. Pulu səhiyyəyə yox, idmana qoymaq gərəkdir. Həkimlər nə qədər oxuyur oxusun, çalışır çalışsın, idmançılar kimi güclü və sağlam ola bilməz və onlar heç vaxt ölkəsinin bayrağını böyük tədbirlərdə yüksəkliyə qaldıra bilməz. Ayağa qaldırdıqları xəstələr də həmçinin.

(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar