SABİQ REKTORDAN MEHDİYEVİN YAXINLARINA QARŞI YENİ İTTİHAMLAR - Müraciət

Elşad Abdullayev Prezident Adminstrasiyası rəhbərinin yaxın qohumu tərəfindən Dubayda həbs etdirildiyini bildirir

 

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev yeni müraciətini yayıb. "AzPolitika.info"-ya da göndərilən müraciətdə sabiq rektor orqan alveri ilə bağlı yeni sensasion açıqlamalar verib. Həmin müraciəti təqdim edirik.

“Bu gün mənim əleyhimə ”fabrikovat" olunmuş, iştirakımız olmadan gizlin aparılan prokurorluq istintaqında və məhkəmədə ABU Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılova ifadə verib ki, o, mərkəzinin baş həkimi vəzifəsində çalışmayıb. Prokurorluğun sorğusuna cavab olaraq 23 dekabr 2010-cu il tarixində (Azərbaycan Respublikası Baş Prokurorluğun Ağır Cinayətlər Üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbərənskiyə cavab olaraq) Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılova haqqında aşağıdakı sənədləri təqdim etmişik:

1. ABU Tibb Mərkəzinin Baş Həkim kimi Dilarə İsmayılova tərəfindən ABU Tibb Mərkəzinin möhürünün qaytarılması haqqında 21.X.2010 il tarixli əlyazma Aktını;

2. ABU Tibb Mərkəzinin baş həkimi kimi Dilarə İsmayəlovanın DİN-in Bakı Baş Polis İdarısinin rəisi geneal Rafiq Abbasova 21.X.2010 il tarixli əlyazma ərizəsini

3. ABU Tibb Mərkəzinin möhürünü;

4. Dilarə İsmayılovanın ABU Tibb Mərkəzinin baş həkimi təyin olunması haqqında 19.ll.2007 il tarixli əmri;

5. Dilarə İsmayılova ilə 19.ll.2007 il tarixli təsisçi müqaviləsini ;

6. Dilarə İsmayılovanın ABU Tibb Mərkəzinin baş həkimi təyin olunması haqqında 12.Xl.2007 il tarixli əmr;

7. Dilarə İsmayılovanın ABU Tibb Mərkəzinin 21.V.2009 il tarixli lisenziyası əsasında Baş Həkim təyin olunması haqqında əmrini;

8. Dilarə İsmayılova ilə 21.V.2009 il tarixli Təsisci müqaviləsini".

“ABU-da Tibb Mərkəzinə bilavasitə rəhbərliyi  Ramiz Mehdiyevin yaxın qohumu həyata keçirib”

E.Abdullayev qeyd edib ki, mülki qanunvericiliyin tələblərinə görə, onların ABU Tibb Mərkəzinin baş həkimi D.İsmayılova ilə əlaqələri tam hüquqi çərçivədə olub və lisenziyadan kənar hər hansı işbirliyi qurmayıblar: “Bizim lisenziyadan kənar heç bir iş birliyimiz olmayıb. Belə ki, Dilarə İsmayılova müstəqil hüquqi şəxs statusunda olub və ABU Tibb Mərkəzində aparılan bütün tibbi əməliyyatlara bilavasitə məsuliyyət daşıyıb. Onun lisenziyada nəzərdə tutulmayan hər hansı tibbi əməliyyatı aparmasını qanunsuz hesab edirəm. Bizim əlaqələrimiz təsisçi müqaviləsi ilə məhdudlaşdırılmışdır və ondan kənarda nə baş veribdirsə qanunsuz əməldir”.

Sabiq rektor həmçinin yazıb ki, D.İsmayılova ABU Tibb Mərkəzinin baş həkimi kimi fəaliyyətini 21 oktyabr 2010 il tarixinə qədər davam etdirib. Onun yazdığına görə, D.İsmayılova hətta sözügedən tarixdə DİN-in Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general Rafiq Abbasova möhürün itirilməsi haqqında ABU Tibb Mərkəzinin baş həkimi kimi əlyazması ilə müraciət edib: “Lakin elə həmin günü fikrini dəyişərək 3-5 saatdan sonra ABU Tibb Mərkəzinin möhürünü təhvil verdi. Biz də həmin möhürü AR Baş Prokurorluğunun ACİÜ müstəntiqi İbrahim Ləmbəranskiyə 23.Xll.2010 il tarixindən rəsmi olaraq təhvil verdik"

Sabiq rektor D.İsmayılovanın fəaliyyətinə görə özünün məsuliyyət daşımasının absurd olduğunu bildirir: " Üçüncüsü, Azərbaycan Konstitusiyasına və cinayət qanunvericiliyinə görə, hüquqi məsuliyyət fərdi xarakter daşıyır, hər kəs öz əməllərinə özü cavabdehdir.Əgər elədirsə gündə bir həkimi cinayət məsuliyyətinə cəlb edirlərsə nə ücün AR Səhiyyə Naziri Oqtay Şirəliyev cinayət məsuliyyətinə cəlb olunmur ??? Yaxud, “Qarabulaq sussurluguna” görə AR Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış Şöbəsinin rəisi polis polkovniki Hacı Məmmədov  vəa həmin nazirliyin Baş Cinayət Axtarış İdarəsinin rəsi polis general Zakir Nəsirov ömürlük həbs edilibdir.  Bəs  nə ücün nazir Ramil Usubov  məsuliyyətə cəlb edilmir?..."

Sabiq rektor yazıb ki, ABU-nun Tibb Mərkəzində Ukrayna qara transplantasiya cinayətləri olmayıb. Onun fikrincə, bu saxta cinayət işi zərərçəkmişi susdurmaq məqsədi ilə “fabrikovat” edilib: “Bizim bu cinayət işi ilə nə bilavasitə, nə də ki, yanakı əlaqəmiz olmamışdır. Əgər olubsa, bu işə bilavasitə ABU Tibb Mərkəzinin baş Həkimi Dilarə İsmayılova məsuliyyət daşıyır. ABU-da Tibb Mərkəzinə bilavasitə rəhbərliyi PİA-in müdiri Ramiz Mehdiyevin yaxın qohumu, ”KQB"-də (MTN-red.) idarə rəisi, ixtisasca həkim olan Fikrət Əliyev  həyata keçirib. Hesab edirəm ki, Dilarə İsmayılovanı bu işə məcburi cəlb edən ABU-da tibb sahəsinə bilavasitə gündəlik oğlu vasitəsi ilə rəhbərlik edən “KQB” polkovniki Fikrət Əliyevdir".

 

E.Abdullayevin müraciətində F.Əliyev barədə əvvəlki ittihamlarını təkrarlayır. Bildirir ki,2008 ildə qardaşı, elmlər namizədi Eldəniz Abdullayevin xalq arasında Ramiz Mehdiyevin restoranı kimi tanınan “Qurd qapısı “ restoranında Sevinc Babayeva sayagı zəhərləyiblər və adam Ankara həkimlərinin təcili tibbi yardımı ilə təsadüfən həyatda qalıb: "Amma, nəticədə normal danışıq və əmək qabiliyyətini itirdi. Səhərisi günü polkovnik Fikrət Əliyev MTN-nin rəsmi məktubu ilə hec bir elmi dərəcəsi olmadan ABU-da ikinci şəxs vəzifəsini zəbt etdi. Qeyd etmək istəyirım ki, həmin vaxta qədər “Abitruyent” jurnalının rəsmi məlumatına görə ABU azərbaycan universitetləri arasında reytinq göstəricisinə görə uzuun müddət birinci onluqda idi. Təhsilə biznes mənbəyi kimi baxan KQB polkovniki hec bir elementar elmi vərdişi olmayan ABU rəhbərliyində ikinci adam olduqdan sonra ABU-in qara günləri başladı. Fikrət Əliyevin məqsədi ABU-da birinci adam olmaq və onu ələ kecirmək idi".

Sabiq rektor daha sonra bildirir:  “Fikrət Əliyevin ilk həmləsi ABU-in Tibb Mərkəzinə oldu, əvvəlcə Tibb Mərkəzinə ”KQB" sayağı oyun qurdu. Onun silahlı, qoçu dəstəsi günün günorta çağı bütün tibb kollektivinin gözü qarşısında ABU Tibb Mərkəzini sökməyə başladı. Bu zaman mərkəzin baş həkimi Dilarə İsmayılova ağlaya-ağlaya zəng edib məndən köməklik istədi. Mən hadisə yerinə yaxınlaşdım, Fikrət Əliyev Tibb Mərkəzini bir tərəfdən sökməyə başlamışdı, qiymətli tibb avadanlıqlarını belə sındırmaqdan çəkinmirdilər. Hətta qoçu dəstəsinə mane olan Dilarə İsmayılovaya da fiziki zor göstərmişdilər, o, ağlamaqdan özünü saxlaya bilmirdi. Fikrət Əliyevin qoçu dəstələri məni Tibb Korpusuna buraxmadılar. Dedilər ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının əmrini yerinə yetirirlər. Mən hadisə yerindəcə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı ilə telefon əlaqəsi saxladım. O isə bildirdi ki, bu işdən xəbəri yoxdur. Daha sonra Hacıbala Abutalıbova zəng etdim. O da bildirdi ki, mənim bu işlərdən məlumatım yoxdur, məni bu işlərə qatmayın. Bundan sonra, Fikrət Əliyevə müraciət etdim ki, sənin qohumun nüfuzlu adamdır, PİA-in rəhbəridir, bəlkə bu “banditlərin” qabağını o ala bilər. Nəhayət, bütün kollektivin gözü qarşısında “KQB” polkovniki Fikrət Əliyev öz qurduğu “KQB” şousunu bir göz qırpımında həll etdi və ABU Tibb Mərkəzi normal fəaliyyətə başladı".

“Fikrət Əliyev məni qara transplantasiya cinayətlərinə cəlb etmək istəyirdi”

E.Abdullayev F.Əliyevlə aralarındakı iş əlaqəsinin növbəti mərhələsinə sonuncunun oğlunun da qarışdığını yazıb. Onun sözlərinə görə, F.Əliyev Dövlət Tibb Universitetinin Stomatologiya fakültəsinin axırıncı kursunda oxuyan oğlunu ABU-ya gətirərək “Elşad müəllim, əgər istəyirsənsə Tibb Mərkəzi normal fəaliyyət göstərsin, mənim oğlumu ABU Tibb korpusuna stajor stomatoloq təyin et ki, mən Tibb Mərkəzinə gündəlik oğlum vasitəsi ilə rəhbərlik edim, yoxsa oranı belə saxlamaq olmaz, batıb gedir” deyib: “Bundan sonra Fikrət Əliyev ABU Tibb Mərkəzini oğlu vasitəsi ilə faktiki nəzarətə götürdü. Bundan sonra o, Kiyev əməliyyatını hazırlamağa başladı. O, Daxili İşlər Nazirliyinin Ukrayna Nümayəndəsi, polis polkovniki Zəfər Abıyevin (deputat Əhəd Abıyevin qardaşı) yardımı ilə mənə təklif etdi ki, Kiyev Həkimləri Təkmilləşdirmə İnstitutunun filialını ABU Tibb Mərkəzində yaradaq və mənə Kiyev HTİ-in təklif layihəsini təqdim etdi. O bildirdi ki, bunun üçün mən Kiyev şəhərinə gedib müəyyən sənədlərə imza atmalıyam. Eyni zamanda Fikrət Əliyev mənə telefonla Kiyev həkim xanımların müntəzəm olaraq şirnikləndirici dəvətlərini çatdırırdı. Bir hüquqşünas kimi başa düşürdüm ki, bu, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın növbəti oyunudur. Hadisələrin bu günkü inkişaf nöqteyi-nəzərindən baxsaq, deməli, mən Fikrət Əliyevlə Kiyev getməliydim. Orada ixtisasca həkim olan KQB polkovniki Fikrət Əliyev məni saxta, ”fabrikovat" olunmuş Ukrayna qara transplantasiya cinayətlərinə cəlb edib, Kiyev şəhərindəki cinayət işinə görə həbs etdirib, sonra da Ukraynada saxlamalı, bunun ardınca ABU-nu ələ keçirməli idi".

“O, Alı Qocayevin qoçu dəstəsini təhqir edib ABU-dan qovdu”

Sabiq rektor müraciətində “asfalt qalmaqalı”na da toxunub. E.Abdullayevin yazdığına görə, Binəqədi İcra Hakimiyyətinin başçısı Alı Qocayev də onun üstünə gələrək, “siz ABU-dan ”Mətanət" şadlıq evinə qədər asfalt yol çəkməlisiniz" deyə tələb irəli sürüb: “Bizim və Binəqədi Rayon İcra Hakimiyyəti mütəxəssislərinin iştirakı ilə yolun smeta dəyəri 6.3 milyon dəyərində hesablandı. Mən buna etiraz edəndə Alı Qocayev ABU-nu bağlamaq təhdidi ilə üstümə gəldi, aramızda mübahisə düşdü. Bu zaman Fikrət Əliyev öz qurduğu - ABU-nu ələ keçirmək şousunu özü həll etdi. O, Alı Qocayevin qoçu dəstəsini təhqir edib ABU-dan qovdu, icra başçısı bizə barışıq elan etdi. O, bu əməlləri ilə də ABU kollektivi qarşısında nüfuz qazanırdı”.

"Fikrət Əliyevin qara maskalıları mənə silahlı basqın etdilər"

Sabiq rektorun yazdığına görə, müəyyən mərhələdən sonra F.Əliyev “sizi işləməyə qoymurlar” bəhanəsi ilə ondan ABU-nu öz adına keçirməyi təklif edib: " Nəhayət, o, belə bir cıxılmaz vəziyətdə özünü acıq bürüzə verib əsas məqsədini həyata kecirməyə başladı. Mənə təklif etdi ki, Elşad müəllim Sizi işləməyə qoymurlar, ABU-in təsisciliyini (“xozeyinliyini”) kecir mənim adıma, özündə qal rektor. Mən Fikrət Əliyevə etiraz etdim, deməli qardaşımı ABU-ya görə ogurladıb, girov götürüb məndən onun əvəzinə universitet istəyirsən, deməli bu müsübətləri bizim başımıza ABU-ya görə edirsiniz  deyərək,  KQB polkovniki Fikrət Əliyevi ABU-dan qovdum".

E..Abdullayev bundan sonra Prezident Aparatına çağırılaraq, qarşısına açıq mətnlə ABU-nu F.Əliyevin adına keçirmək tələbinin qoyulduğunu vurğulayır: “Etiraz etdikdən sonra Fikrət Əliyevin ”qara maskalıları" mənə silahlı basqın etdilər. Fikrət Əliyevin Dubay susurluğuna da toxunum. Kiyev qara transplantasiya şousundan əvvəl Fikrət Əliyev BƏƏ-in Dubay şəhərində də mənə qarşı “fabrikovat” olunmuş saxta cinayət işi açdırıb. 29 avqust 2009 il tarixində Amerika Universitetinin dəvəti ilə Dubay şəhərinə getdim. Məni Dubayın aeroportunda polis tanımadığım qadını öldürmək istədiyimə görə həbs etdi. 3 gün istintaq getdi və zərərçəkmiş qadın ifadəsində bildirdi ki, 19 may 2009 il tarixində mən onu öldürmək istəmişəm, mənim əlimdən qaçıb canını qurtarıbdır. Mən istintaq etiraz edərək bildirdim ki, “mən heç bir vaxt 19 may 2009-cu il tarixində Dubay şəhərində olmamışam. Dubayda olmaya-olmaya mən sizi necə öldürmək istəmişəm?” BƏƏ elektron hökumət olduğu üçün mənim həmin müddətdə Dubayda olmadığımı müəyyən etdi və polis məndən üzr istəyib azad etdi".

"Dubay əməliyyatı baş tutmadı, saxta Ukrayna qara transplantasiya şousu yaradıb"

E.Abdullayev onu da qeyd edib ki, F.Əliyev Dubay əməliyyatının baş tutmadığını görüb, onun əleyhinə saxta Ukrayna qara transplantasiya şousunu yaradıb: “Fikrət Əliyev həmçinin ABU-ya məxsus minik avtomobilini də oğurlayıb. Onun qanunsuz hərəkətlərindən 23 iyun 2008-il tarixdə şikayət etmişəm. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun nəzdində Müstəqil İstintaq-Əməliyyat Qrupunun rəhbəri, baş Ədliyyə Müşaviri Elmar Camalov qarşısında rəsmi vəsatət qaldırılıb. Amma bu vəsatət də rədd edilib. Camalovun belə bir əsassız qərarı onunla izah edilib ki, guya vəsatətdə qaldırılan məsələ mülki mübahisə predmeti olduğundan, bu səbəbdən də cinayət işinin ibtidai istintaqı çərçivəsində araşdırılmasına əsas olmadığından həmin vəsatət rədd olunmalıdır”.

E.Abdullayev sonda qeyd edib ki, bütün baş verənlərdən bir nəticə çıxır: “Azərbaycanda qara transplantasiya və adam oğurluğu ilə məşğul olanlara bir mənbədən idarə olunan qeyri-rəsmi lisenziya verilir. Bu cinayətləri ifşa edənlər isə hədə-qorxu, qarayaxma və həyatı təhlükə ilə üzləşirlər. Sabiq rektor transplantasiya ilə bağlı məsələyə bir daha qayıdacağını vurğulayıb.

Sabiq rektor bu məsələ ilə bağlı növbəti məktublarının da olacağını qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar