MTN GENERALININ FOTOİFŞASI - Xarici ölkələrdə qızlarla... + FOTOLAR

“Elçin Quliyevin xaricə gedib belə fotolar çəkdirməsi tutduğu posta uyğun deyil”

Eldar Mahmudovun kadrları haqda məlumatlar yayıldıqca məlum olur ki, milli təhlükəsizliyimizə cavabdeh olmalı şəxslər əslində təhlükə mənbəyi olublar. Nazirliyin idarə rəisi Akif Çovdarovun ittiham olunduğu cinayətlər sırasında adam oğurluğu, qanunsuz olaraq azadlıqdan məhrumetmə cinayətlərinin olması durumun düşündüyümüzdən də acınacaqlı olduğunu göstərir.

Dünəndən bir sıra saytlar MTN Antiterror Mərkəzinin (ATM) rəisi, general-mayor Elçin Quliyevin fotolarını paylaşıb. Qonşu ölkələrdən birində, çox güman ki, Rusiyada çəkilən fotolarda E.Quliyev iki xanımla əks olunub. Fotolardakı qadınlar hüquq-mühafizə orqanlarının işçisidir. Kadrda olan digər bir mülki geyimli şəxsin kimliyi isə məlum deyil. Elçin Quliyevin onlarla belə səmimi fotoşəkil çəkdirməsi, özü də xarici ölkədə bu hərəkəti etməsi kəşfiyyatçıya yaraşmayan hərəkətdir. Üstəlik, bu qadağan olunan haldır. Fotoları saytların, o cümlədən "AzPolitika"nın elektron poçtina göndərən şəxs də yazır ki, xüsusi xidmət orqanının əməkdaşı, zabitinin hər hansı bir xarici ölkədə qadınlarla bu qədər səmimi olması nizamnaməyə görə qadağandır. "Elçin Quliyevin fotoşəkil çəkdirdiyi qadınlardan hər hansı birinin xarici xüsusi xidmət orqanının əməkdaşı ola bilmə ehtimalı da çoxdur. Ona görə ki, həmin kəşfiyyat qurumları Azərbaycandan olan generalla fotoları ciddi dartışmalı mövzu sayıla bilər”.

E.Quliyevin fotoları sosial şəbəkələrdə də müzakirə mövzusudur. Müzakirələrdə xüsusi xidmət orqanı əməkdaşının ölkədən hansı üsulla çıxdığı da sual olunur.

Musavat.com-un əməkdaşı məsələ ilə bağlı uzun illər xüsusi xidmət orqanında çalışmış ekspertlərdən birinə müraciət edib. Təhlükəsizlik üzrə ekspert bildirib ki, E.Quliyev ölkənin terrordan müdafiə etməli olan mərkəzin rəhbəri olaraq ölkədən çıxması məqsədəmüvafiq deyil: “Məxfi məlumat daşıyıcıları var. Belə daşıyıcılar bir neçə kateqoriyaya ayrılır. Belə məxfi məlumatların daşıyıcısı olan şəxslər ölkədən çıxa bilməzlər. Ölkədən çıxanda isə minimum nazir müavini səviyyəsində buna icazə verilməli idi. Adətən belə icazə verilmirdi. Belə məlumatları daşıyan şəxslərin xaricə getməsi arzu olunan deyildi. Eldar Mahmudovun nazirliyi dövründə isə belə qadağalara riayət olunmurdu. Eldar Mahmudova qədər xaricə getmək məsələsi xüsusi xidmət orqanı əməkdaşları üçün çox, həddən artıq çox müşkül bir məsələ idi. Elçin Quliyev məxfi məlumatlar daşıyıcısı olan şəxsdir. Onun xaricə gedib belə fotolar çəkdirməsi tutduğu posta uyğun deyil. Eldar Mahmudova qədər hətta xüsusi xidmət orqanı əməkdaşlarının ailə üzvləri xaricə gedəndə onlara ümumi nəzarət vardı. Onların xaricdə kiminlə ünsiyyətdə olduğu, haralara getdiyi aydınlaşdırılırdı. Əgər kənara çıxmalar olurdusa, xəbərdarlıq da olurdu”.

Ekspert deyir ki, Elçin Quliyevin belə fotoları olmamalı idi: “O, fotolardan istifadə edib onu şantaj da edə bilərdilər. Onun fotolarının haradasa qalıb sonradan sosial şəbəkədə peyda olması da məqsədəmüvafiq deyil. Üstəlik bu şəxs Antiterror Mərkəzinin rəisidirsə, bu yolverilməzdir”.

Ekspert maraqlı bir məsələni də açıqladı: “Qonşu dövlətlərdən birinin xüsusi xidmət orqanları çox çalışırdı ki, Azərbaycanda istifadə olunan telefon məlumat kitabçalarını əldə etsinlər. Bunun üçün min oyundan çıxırdılar. Hətta belə kitabçaları əldə etmək üçün 5-10 min dollar təklif etmələri faktları da müəyyən olunmuşdu. Çünki adamların telefonlarını əldə etməklə onların şantaj olunması üçün onların qızlar vasitəsi ilə “verbovka” olunmasına yol açılırdı. Belə görünür ki, Elçin Quliyevin belə özfəaliyyətinə nazirliyin xüsusi inspeksiyası göz yumub. Daxili təhlükəsizlik inspeksiyası hara baxıb? Bu adamların başı pul qazanmağa qarışıb. Əməkdaşların özlərinin, ailə üzvlərinin təhlükəsizliyi qorunmalıdır. Bu adamlar isə özlərinə sərvət toplayıblar. Elçin Quliyevin həyat tərzi fotodan aydın görünür. O xarici xidmət orqanları üçün asan “yem”ə çevrilə bilərdi. 20 ildən artıq orada çalışmışam, amma 1 dəfə də olsun xaricə çıxa bilmədim. Küçənin ortasında qızlarla foto çəkdirmək bizim heç ağlımıza gəlməzdi”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar