NAZİR POLKOVNİKİ İŞDƏN QOVDU – Generalın isə qanunsuz əməlləri üzə çıxdı

Müdafiə naziri Zakir Həsənov daha bir komandiri ağır cəzalandırıb. AzNews.az xəbər verir ki, nazirin əmri ilə Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Surxay Hüseynov tutduğu vəzifədən azad edilib. Buna səbəb S.Hüseynovun vəzifəsindən sui-istifadə etməsi, dövlət əmlakını mənimsəməsi, eləcə də korrupsiya əməlləri törətməsi olub. Müəyyən edilib ki, o, sovet dövründən qalan texnikaların bir hissəsini, eləcə də onların hissələrini qanunsuz olaraq satmaqla böyük məbləğdə qazanc əldə edib. Bundan başqa, hərbi hissəyə aid olan külli miqdarda metal qırıntılarını qeyri-qanuni yolla aradan çıxarıb.

Xəbərə görə, komandir bütün bu əməllərini Hərbi Hava Qüvvələrinin Maddi-Texniki Təminat Aparatında mühüm vəzifə tutan polkovnik-leytenant Emin Şabanovun himayədarlığı ilə edib.

Lakin E. Şabanov Hərbi Hava Qüvvələri komandanı, Müdafiə nazirinin müavini general-leytenant Ramiz Tahirovun doğma xalası oğlu olduğundan ona hər hansı cəza verilməyib. Məsələ burasındadır ki, qanuna görə R.Tahirovun xalası oğlunu tabeliyindəki qurumda işlətməsi yolverilməzdir.

Çünki Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 7-ci maddəsində, yaxın qohumların birgə işləməsinə yol verilməsi, həmin maddənin 1-ci bəndində isə vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan hər hansı bir vəzifə tuta bilməsi qadağan edilir.

Ancaq general Tahirov rəhbərlik etdiyi qurumda nəinki bir xalası oğlunu, hətta onun qardaşını da yüksək vəzifəyə gətirib. Belə ki, E.Şabanovun böyük qardaşı Müşfiq Şabanov Hava Qüvvələrinin qərargah rəisinin müavinidir.

Elə buna görə də, bildirilir ki, Surxay Hüseynovun cəzalandırılması sadəcə, aşkarlanan yeyinti hallarının üstünün ört-basdır etmək üçün atılan addımdır.

* * *

Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin "N" saylı hərbi hissəsinin komandiri işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kütləvi informasiya vasitələrində dəqiqləşdirmə aparılmadan guya Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Surxay Hüseynovun tutduğu vəzifədən azad edilməsi barədə əsassız və şayiə səviyyəsində məlumat yayılıb: “Konkret olaraq bildiririk ki, polkovnik-leytenant Surxay Hüseynovun xidmətində aparılan araşdırma nəticəsində cinayət əməli olmayan müəyyən çatışmazlıqlar aşkar edilib. O, xidməti zərurətlə əlaqədar bir hərbi hissədən digər hərbi hissəyə daha az həcmli iş olan bərabər vəzifəyə təyin edilib. Yazıda digər şübhə doğuran və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan məqam yaxın qohumların eyni qurumda çalışması məsələsidir.

Bildiririk ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində yaxın qohumların təsnifi verilib (maddə 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar).

Bu səbəbdən də ucuz sensasiya xatirinə dərc edilən məqalədə “yaxın qohumluq” anlayışı məsələsi təhrif edilməklə, onu sifariş verənlərin şəxsi və qərəzli mövqeyi aydın görünür”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar