Əli Abbasovu bağışlamaq olarmı?

Etibar Əliyev

Fəlsəfə doktoru

Azərbaycan aliminin ən qüsurlu cəhətlərindən biri vəzifə hərisliyidir. Çoxları vəzifə almaq, yaxud vəzifəsini bərkitmək üçün elmə girişir. Elmi dərəcələr xeyli sayda vəzifəlinin bioqrafiyasının əsas naxışına çevrilib. Ancaq ölkədə barmaqla göstəriləsi normal alimlər də var. Elmi adları zəhmətləri ilə qazanan alimləri nəzərdə tuturam. Onlardan biri də keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovdur. Onun yaxşı alim olduğunu bilirəm, mədəni və alicənab şəxs olması barədə isə danışırlar. Mənim onunla şəxsi münasibətim olmayab. Tədbirlərdə onu uzaqdan görmüşəm. Əli müəllimin vəzifədən getməsinə çox adam təəssüfləndi. Halbuki, korrupsiya əməlləri ilə Əli Abbasovu yarı yolda qoyan Misir Mərdanovun işdən azad edilməsinə, demək olar ki, hamı sevindi.

Vaxtilə mən onu Misir Mərdanovla birgə icra etdikləri “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı”na ayrılan vəsaitin (30 milyon manat) dağıdılmasına görə kəskin tənqid etmişəm. Tam dəqiqliklə bilirəm ki, o vaxt da onu Mərdanov aldatmışdı. Əli müəllim asanlıqla aldana bilməyini dərk edə bilmədi. Onun əsas qüsuru budur.

Əli Abbasov nazirliyə gətirdiyi kadrların və mətbuatın yazdığına görə, Eldar Mahmudovun güdazına getdi. Özü tanınmış ziyalı ola-ola ətrafına quldurları toplamışdı. Həmin quldurlar isə rəhbərin alimliyi və səmimiyyətindən istifadə edib, sistemi dağıdırdılar. İşdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmış Bakı şəhəri Maliyyə İdarəsinin rəisi Vidadi Zeynalovu İqtisad Universitetinə prorektor vəzifəsinə Əli müəllim təyin etmişdi. Adı ölkənin ən varlı adamlarından biri kimi hallanan həmin şəxsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Aparat rəhbəri gətirmək tamamilə yanlış idi.

Bütün bunlar azmış kimi o, Azərbaycan Dillər Universitetindən əxlaqsızlıq üstündə qovulmuş Misir Mərdanovun qardaşı İlham Mərdanovu isə Zeynalova müavin təyin etmişdi. Deməli nazirliyin aparatının korrupsiya yuvasına çevrilməsinə şərait yaradılmışdı. Bütün bunlar Əli müəllimin işdə yol verdiyi qüsurlardır. Azərbaycanda dövlət qurumları içərisində (nazirlik, komitə, şirkət) Aparat rəhbərinin 1-ci şəxsdən (nazir, komitə sədri, şirkət prezidenti) imkanlı olması halı üzə çıxıb. Bu mənada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nümunə kimi tarixdə qalacaq.

Əli Abbasovun spesifik və əhəmiyyətli bir elm sahəsi üzrə tanınmış alim olmasını heç kim danmır. O, akademiklərin əksəriyyətindən fərqli olaraq, öz sahəsi ilə yanaşı ingilis və rus dillərini mükəmməl bilir, BMT-nin Baş Katibinin yanında “Rəqəmli İnkişaf üçün Genişzolaqlı Komissiya”nın üzvüdür. 2012-ci ildə “Şöhrət” Ordeninə layiq görülüb. Pannonia Universitetinin, Moskva Energetika Universitetinin, Odessa Milli Rabitə Akademiyasının, Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin Fəxri Doktorudur.

Qabağına qaçan alimlər, deputatlar, vəzifə adamlarından heç biri indi onun adını çəkmir. Bu cür hərəkətlər mentalitetetimizin xarakterik cizgisidir. Əli Abbasovu tanıyanlar bilir ki, onun əxlaqı kiminsə telefon danışıqlarının dinlənilməsinə rəvac verə bilməzdi. Onu aldadıblar və təsir altına salıblar. Bütün nöqsanlarına baxmayaraq, onun elmlə məşğul olmasına və reabilitasiyasına şərait yaradılmalıdır.

Bütün bunlar onu göstərir ki, elmi vəzifəyə qurban vermək olmaz. Elmdən istifadə edib, vəzifə tutmaq olar. Ancaq vəzifədən sonra elmə qayıtmaq əzabdır. Elmin itələyici qüvvəsi çox güclüdür. Ona görə də yaxşı alimlərin elmdə qalmaları onların həyatını da rahat edir.

Fikrimcə, Əli müəllim kimi alimi təcrid etmək ölkə üçün sərfəli deyil. Səhvi bağışlamaq böyüklükdür. Ona özgələrin avantürasından zərbə dəyib və özü də bunu etiraf edir. Başqa sözlə, sadəlövhlüyü onu bu vəziyyətə salıb. Onun əleyhinə danışan adama kimsə rast gəlibmi? Şəxsən mən rast gəlməmişəm. Bu faktın özü onun dövlətçiliyə bağlılığının sübutudur.

İndi təsəvvür edin, Fərəc Quliyev, Araz Əlizadə, Rasim Musabəyov kimi adamlar parlamentdə təmsil olunurlar. Əli Abbasov isə özünün dediyi kimi, evində oturur. İnsana əzab verən budur...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar