Ziyad Səmədzadə ittihamlara cavab vermədi

Siyavuş Novruzov: “Kimsə vaxtilə bir səhv edibsə, sonradan o səhvini düzəldibsə, lap yaxşı”

Azərbaycanın hakim partiyasının üzvü, “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu “Yeni Müsavat”a müsahibəsində Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə barədə ilginc fikirlər səsləndirib.

A.Həsənoğlu son vaxtlar MTN-in sabiq rəhbəri Eldar Mahmudovun təsirinə düşmüş bir sıra şəxslərin siyahısında hətta akademik Ziyad Səmədzadənin də adının hallandırıldığını deməklə yanaşı, hökm çıxarmağa tələsməməyi məsləhət görüb. Amma sabiq baş yazar ardınca ötən illərə ekskurs edib: “Yaxşı və dəqiq yadımdadır, Heydər Əliyev müsahibələrinin birində deyirdi ki, mən 1991-ci ildə, Ali Sovetdə Azərbaycanın müstəqilliyi haqqında çıxış edəndən dərhal sonra Ziyad Səmədzadəni mənim əleyhimə danışdırdılar. Bildirirdi ki, Ziyad Səmədzadə sübut etməyə çalışdı  ki, Azərbaycan müstəqil dövlət kimi yaşaya bilməz, müstəqil dövlət kimi yaşamaq üçün Azərbaycanın iqtisadi potensialı təminat vermir. Bu gün Ziyad müəllim müstəqil dövlətimizdə, həm də məhz Heydər Əliyevin qurduğu dövlətin parlamentində İqtisadi siyasət komitəsinin sədridir”. A.Həsənoğlu qeyd edib ki, bu, nonses, bizim siyasi tariximizdə analoqu olmayan hadisədir. “Ancaq həqiqətdir. Bunun üçün siyasi səriştə və yüksək manevr etmək məharəti tələb olunur. Ona görə də bu cür siyasi keşməkeşlərdən keçib ayağa qalxmağı bacaran bir adamın yenidən kiminsə təsiri altına düşməsi, səhv etməsi inandırıcı deyil. Onun üçün də gəlin hökm çıxarmağa tələsməyək”-deyə, A.Həsənoğlu əlavə edib.

YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun məsələyə reaksiyası maraqlı oldu: “O hadisələr hamının, Azərbaycanın bütün ictimaiyyətinin yadındadır. Ancaq deputatı seçicilər seçir. Sən seçiciyə deyə bilməzsən ki, bu, filan vaxt filan şey edib. İndi baxır, götür-qoy edir, seçir. Kimsə vaxtilə bir səhv edibsə, sonradan o səhvini düzəldibsə, lap yaxşı. Deputat təyinatlı vəzifə deyil ki, dediyim kimi, onu seçici seçir, seçiciyə kim nə deyə bilər? Komitə sədrini də parlament seçir. O baxımdan da mən burada başqa bir məqam axtarılmasının tərəfdarı deyiləm. Bu, seçki ilə bağlı olan məsələdir, təyinatla yox”.

Məsələ ilə bağlı Ziyad Səmədzadəyə də müraciət etdik. “Mən tədbirdəyəm” deyən komitə sədrinə barəsində ittihamların səsləndiyini və bir cümlələlik də olsa, münasibət bildirməsini xahiş etdik. Lakin “bilirəm, amma hökumət üzvlərinin yanındayam” deyib telefonu qapatdı...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar