«Xəstəxanada verdiyimiz rüşvətə görə hər ay 900 manat sələm ödəyirik» - Göyçaydan şikayət

Göyçay rayon Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu “AzPolitika.info”ya şikayət məktubu göndərib. Göyçay rayon xəstəxanasının baş həkimi Famil Zeynalova qarşı bir sıra ittihamlar irəli sürən Səbuhi Quliyevin məktubunu qısa ixtisarla və zəruri redaktə ilə təqdim edirik:

“Bildirirəm ki, 3 iyun 2015-ci il tarixində qardaşım Quliyev Akif Fəxrəddin oğlu Göyçay rayonu ərazisində avtoqəzaya düşdu. Ancaq əsl qəzanı bizə Göyçay rayon xəstəxanasında yaşatdılar.

Bu xəstəxanada bizdən istədikləri və aldıqları rüşvətə görə, məcburiyyət qarşısında anamın və həyat yoldaşımın qızıllarını girov qoyaraq, sələmlə pul götürdük. Bu sələmə görə, hər ay 900 AZN ödəməyə məcbur olduq.

Bundan əlavə ailəmizin dolanışığı olan heyvanlarımızı, taxılımızı da satdıq. Xəsarət alanlar olduğundan biz Göyçay rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Orada cərrah Famil Namazov qardaşımın nişanlısını əməliyyat etmək üçün bizdən rüşvət tələb etdi və aldı.

Travmatoloqlar Elman və Mərdalı cütlüyü isə xəstəmiz olan Hacıyev İntiqamı pula görə şikəst edərək, Bakıya göndərdilər.

Digər xəstəmizə də yalandan səhv diaqnoz qoyaraq Bakı şəhərinə göndərmək istədilər. Lakin bunun üstü tez açıldığından, Bakıya da ehtiyac olmadı. Ancaq həkim Mərdalı xəstəmiz Eyyubu xəstəxanadan çıxarmaq üçün məndən 350 AZN rüşvət tələb etdi.

Bu qədər rüşvət almalarına rəğmən dövlət xəstəxanasında bizə kislorod balonuna reduktor aldıraraq, avtoqəzada xəsarət almış qardaşıma bağladılar.

Mən bütün bunlar barədə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etdim. Lakin nədənsə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə etdiyim şikayəti dövlət xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva araşdırdı.

Ləman xanım isə məndən heç bir izahat almadan, bu cinayəti ört-basdır etdi. Bundan sonra mən Göyçay rayon prokurorluğuna müraciət etdim. Lakin prokuror Muxtar Əminov və müstəntiq Nurlan Məmmədov bu cinayəti araşdırmadılar.

Sonra mən yuxarı instansiyalara - Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə müraciət etsəm də, hamısından cavab gəldi ki, məktubunuz çatıb və adiyyəti üzrə araşdırılmağa göndərilib.

Lakin aidiyyəti üzrə Səhiyyə Nazirliyində müavin Elsevər Ağayev Famil Zeynalovun tələbə yoldaşı olduğundan, onun qanunsuzluqları öz cəzasını tapa bilmir.

Famil Zeynalovun digər əməlləri barədə də ölkə rəhbərliyinə və ictimayyətə məlumat vermək istəyirəm.

Zeynalov sağlam gəncləri hərbi xidmətdən yayındırır. Buna mənim sübutlarım var. Hər birini tanıyıram, heç bir xəstəlikləri yoxdur. Necə olur?

Həmən gənc universitetə girir, sağlam oxuyur, sağlam universiteti bitirir, əsgər çağırılır, olur xəstə. Sonra sağlam və sürücülük vəsiqəsi alır. Bu barədə bəlkə 20-dən çox faktım var. Müdafiə Nazirliyindən bu məsələni araşdıracaqlarını bildirsələr də, hələlik bir tərpəniş yoxdur.

Biz ailədə iki qardaşıq. Hər ikimiz hərbi xidmətdə olmuşuq. Qardaşımsa xidmət müddəti ərzində heç bir dəfə də olsa evə gəlməyib və valideyinlərim onun üzünü görməyib.

Cənab prezident, Sizə yazdığım məktublar itir. Xahiş edirəm mənim müraciətimin araşdırılımasına göstəriş verin”.

Redaksiyadan: Məktubda göstərilənlərlə bağlı Göyçay rayon xəstəxanasının baş həkimi Famil Zeynalovun və adları çəkilən digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar