“İŞ ADAMI KİMİ TƏQDİM OLUNMAĞIMI XOŞLAMIRAM” – İlham Rəhimov (Müsahibə)

“Mən özümü həmişə elm adamı kimi hiss etmişəm və elmi nailiyyətlərimdən daha çox ləzzət alıram, nəinki biznesdəki uğurlarımdan... ”

Rusiyada  məşhur azərbaycanlı iş adamlarından biri, professor İlham Rəhimovla söhbətimiz hələ aylar öncədən baş tutmalı idi. Lakin həmin vaxt AzPolitika.info-da dərc olunmuş bir neçə yazıya görə münasibətlərdə müəyyən gərginlik yarandığından, onunla müsahibə alınmadı. Zamanla kənar şəxslərin yersiz müdaxiləsi nəticəsində yaranmış bu gərginlik aradan qalxdı...

Bu yaxınlarda Bakı Dövlət Universitetində İlham Rəhimovun yeni kitabının təqdimat mərasimi keçirildi və bu tədbirə dəvətlilər arasında AzPolitika.info-nun rəhbəri də var idi...

Qısası, professorun mətbuat xidmətinin rəhbəri Xanoğlan Əhmədovun təşəbbüsü ilə münasibətlərdəki ciddi kökü olmayan gərginlik arxada qaldığından cənab Rəhimovla müsahibə istəyimiz bu dəfə baş tutdu.

Onunla Bakıdakı ofisində görüşüb, dünyanın ən qüdrətli adamlarından biri – Rusiya prezidenti Vladimir Putinlə dostluğundan titmuş, biznesdə qısa müddətdə əldə etdiyi fantastik uğurların sirri, Kəmaləddin Heydərovla münasibətlərinə kimi, ən müxtəlif məsələlər barədə suallar ünvanladıq.

Cənab Rəhimovla maraqlı müsahibənin birinci hissəsini təqdim edirik.

- İlham müəllim, artıq neçə illərdir Rusiyada bizneslə məşğul olursunuz. Adınız «Forbes» kimi dünyanın məşhur dərgilərində Rusiyanın ən uğurlu iş adamları sırasında çəkilir. Maraqlidır, qısa bir zamanda belə böyük bir uğurun sirri nədir?

- Sualınızın qoyuluşundan belə başa düşdüm ki, siz diplomatik dildə İlham Rəhimovun biznesdəki nailiyyətlərini Rusiya dövlətində təmsil olunan insanlarla bağlayırsınız. Belədirmi?

- Bəli, elə də demək olar...

- Mən sualınıza tam səmimi və birbaşa cavab verəcəyəm. Əvvəla, onu deyim ki, işadamı kimi təqdim olunmağımı xoşlamıram, mən özümü həmişə elm adamı kimi hiss etmişəm və edirəm, elmi nailiyyətlərimdən daha çox ləzzət alıram, nəinki biznesdəki uğurlarımdan... Mən elm sahəsində daha çox təsdiq olunmağıma güvənirəm. Məsələn, bu yaxınlarda yeni kitabım çıxdı, çox böyük zövq aldım. Baxmayaraq ki, paralel biznes sahəsində də müəyyən uğurlarımız oldu.

Sualınıza gəlincə, biləsiniz ki, 1996-cı ilə qədər bizneslə məşğul olmaq heç vaxt mənim ağlıma gəlməmişdi. Yəni iş adamı olmaq nə mənim planımda vardı, nə də bu haqda düşünürdüm. O vaxta qədər mən 16 il idi ədliyyə sistemində işləyirdim. Sonuncu vəzifəm də Ekspertiza İnstitutunun direktoru idi. O vaxt elə hesab edirdim ki, dövlət işindən başqa heç bir işi bacarmaram. Həmin ərəfələrdə mən doktorluq dissertasiyası yazdım, müdafiə etdim.

Amma bu gün o vaxtkı ədliyyə naziri Südabə Həsənovaya çox sağ olsun deyirəm ki, 1996-cı ildə məni institut direktorluğundan azad etdi. Düzdür, qeyri-obyektiv qərar vermişdi, ancaq indi deyirəm ki, nə yaxşı elə bir qərar verdi, taleyimdə belə bir dəyişikliklər baş verdi.

Qaldı ki, nailiyyətlərə, bəziləri elə hesab edir ki, biznesdə qısa müddətdə nə qazanmışam, hamısı Rusiyanın rəsmi adamları ilə bağlıdır. Bunu təbii qəbul edirəm. Ancaq tam səmimi deyirəm ki, biz indiyə qədər Rusiyanın rəsmi dairələrindən hansısa maliyyə yardımı və digər kömək göstərilməsini xahiş etməmişik. Rusiya hakimiyyətində fəaliyyət göstərən hansısa bir məmur deyə bilməz ki, professor Rəhimov bizneslə, işi ilə bağlı nəyisə xahiş edib. Belə bir şey olmayıb, ola da bilməz.

Qeyd edim ki, Rusiyada bizneslə məşğul olmaq, bəzilərinin düşündüyü kimi asan məsələ deyil, çox çətindir. Xüsusən də başqa bir millətin nümayəndəsi üçün. Çünki Rusiyanın özündə də biznes üçün tələb olunan normal iqtisadi mühit hələ yeni yaranmaq üzrədir. Belə problemlər olanda, bəli, Rusiyanın rəsmi adamlarının bizə köməyi olub, qanunsuzluğun qarşısı alınıb.

- Biznes şərikləriniz Qod Nisanov və Zarax İliyev bu yaxınlarda Rusiyanın “əmlak kralı” hesab edildilər. Önların bizneslərinin 2000-ci ildən sonra sürətlə inkişaf etməsi sizin adınız, himayənizlə bağlanır. Bununla bağlı nə deyə bilərsiniz?

- İş adamları yaxşı bilir; bizneslə məşğul olduqda uğur qazanmaq üçün irəlini görmək gərəkdir. Hansısa bir sahə ilə məşğul olmaq istəyəndə, bilməlisən ki, bunun perspektivi var, ya yox. Bunu kim görür, o udur.

Məsələn, indi mənim işbirliyində olduğum Qod Nisanov və Zarax İliyev 2000-ci ilə qədər də bazar və digər iznes sahələri ilə məşğul olurdular. Mən o vaxt onları tanımırdım, amma Qod Nisanovun atasıyla dostluq münasibətim olub. Yəni onun vasitəsilə indiki şəriklərimlə tanış olmuşam.

Mən onlara biznesin inkişafı üçün konkret tövsiyyələr vermişəm. Onlar bazar işini, ticarəti bilsələr də, Moskvanın perspektiv inkişaf planı barədə məlumatsız idilər. Və biz birlikdə işləmək qərarına gəldik. Bunun nəticəsidir ki, bu gün bizim şirkət Moskva şəhərində mülkiyyətin, daşınmaz əmlakın dəyərinə görə birinci yerdədir.

- Yəni sizi də, şərikləriniz kimi Rusiyanın “əmlak kralı” hesab etmək olar...

- Belə də, düşünənlər var.

- İlham müəlim, «Forbes» bəzi şirkətlərdə payınızın 10-15 faiz olmasını, Sizin həmin şirkətlərin himayəçisi kimi çıxış etməyinizlə izah etmişdi. Yəni, Putinin dostu kimi adınız həmin şirkətlərə müəyyən üstünlüklər verdiyindən, Sizə müəyyən pay verilir. Bu haqda nə deyə biərsiniz?

- İlk növbədə qeyd edim ki, «Forbes» həmin qalmaqallı yazı çxmazdan əvvəl bir neçə ay məndən müsahibə götürmək istədi. Bura - ofisə də zəng etmişdilər, Sankt-Peterburqda, Moskvada da - hər yerdə məni axtarırdılar. Mən onlara müsahibə vermək istəmirdim. Təxminən bilirdim ki, hansı sualları verəcəklər. Təbii ki, ən çox sual da Putinlə bağlı ola bilərdi. Həmin suallara mənim verəcəyim cavablar isə bunları qane etməyəcəkdi. «Forbes»də belə xüsusiyyət var ki, onlar öz məntiqlərilə nəticə çıxarırlar. Ona görə də görüşmək istəmirdim. Belə olan təqdirdə dedilər ki, özümüz sizin haqqınızda məqalə hazırlayacağıq. Dedim, yaza bilərsiniz, ancaq qeyri-obyektiv olmasın. Sonra gördüm məqalədə bəzi məsələləri düz yazmayıblar.

O ki, qaldı “pay” məsələsinə, mən “Forbes”də göstərilmiş şirkətlərin tam hüquqlu səhmdarlarından biriyəm. Ona görə də, bu cür iddialar həqiqəti tam əks etdirmir, dəqiq deyil.

- Bu yaxınlarda bəzi media orqanları sabiq baş prokuror Eldar Həsənovla Rusiyada şərikli biznesinizin olduğu haqda məlumatlar yaydı. Düzdür, həm Siz, həm də cənab Həsənov bunu təkzib etdiniz və sifarişlə yazıldığını bildirdiniz. Maraqlıdır, bu sifarişin kimdən gəldiyini blirsinizmi. Məqsəd nədir?

- Bəli, olub elə yazılar. Mən bunu qeyri-ciddi iş hesab edirəm, Ona görə də, heç əhəmiyyət də vermirəm. Eldar Həsənovla 30 ildən çoxdur bir-birimizi tanıyırıq. Eyni vaxtlarda hüquq-mühafizə orqanlarında işləmişik. Bu baxımdan bizim əlaqələrimiz vardır. İndiyə qədər də Həsənovla dost münasibətlərimiz durur.

Eldar Həsənovun Rusiyada hansısa biznes şərikliyinin olması mənə məlum deyil. Məncə, bu uydurmadır, fantaziyadır.

- Türkiyədə biznesə başladığınıza dair məlumatlar var. Hətta saytımıza daxil olan məlumatda Sizin Türkiyədə şərikli kauçuk zavodunuzun olduğu bildirilir. Bu məlumatlar nə qədər doğrudur?

- Türkiyədə heç bir biznesim yoxdur. Ancaq biznes qurmaq istəyirəm. Əlverişli, ürəyə yatan bir təklif olarsa qəbul edəcəyəm.

- İlham müəllim, Azərbaycan cəmiyyəti sizi uzun illərdir elm adamı, bir müddət siyasətçi kimi tanısa da, etiraf edərsiniz ki, Rusiya prezidenti ilə dostluğunuz məlum olandan sonra bütün ölkədə, həmçinin Rusiyada populyarlaşdınız. Dünyanın ən güclü insanlarından biri ilə dostluq necə bir hissdir?

- Mən Putinlə bir siyasətçi, dövlət başçısı kimi deyil, daha çox tələbə yoldaşı kimi ünsiyyətdə oluram. Ona görə də, dostluğumuza siz deyən aspektdən yanaşmamışam. Amma bir tələbə yoldaşı, bir dost kimi Putinin çox orijinal insan olduğunu deyə bilərəm. Dostluqda çox möhkəm adamdır, səmimidir, çox sevir ki, qarşı tərəf də onunla səmimi olsun.

Maraqlı insandır, çox məlumatlıdır. Özünün üzərində çox çalışır. Dost kimi ona hər zaman güvənmək olar.

- Bu günlərdə bütün dünyanın diqqəti Rusiyanın Soçi şəhərinə - Qış Olimpiya Oyunlarına cəmləşib. Maraqlıdır, Putin bir dostu kimi Sizi Soçiyə dəvət etmişdimi? Nə əcəb ora getməyibsiniz? Bu Sizin idmana maraqsız münasibətinizdən irəli gəlir, yoxsa başqa səbəb var?

- Bəli dəvət etmişdi... Sizə kim deyir ki, mən getməmişəm?...

- Sizinlə bağlı maraq doğuran suallardan biri də budur ki, Rusiyada böyük biznesiniz olduğu halda, niyə öz doğma vətəninizdə biznes qurmursunuz. Bir azərbaycanlı iş adamı kimi ölkə iqtisadiyyatına niyə kapital yatırmırsınız, müəyyən istehsal sahələri açmırsınız?

- Bizim biznes sahəmiz təmiz başqa istiqamətdədir. Təbii ki, Azərbaycanda da sərfəli şərtlərlə maraqlı təkliflər olsa, niyə də məşğul olmayaq ki?

- Azərbaycanın regionlarında turizmin inkişafına diqqət yetirilir. Siz də hansısa regionda, elə boya-başa çatdığınız Tovuz rayonunda otellər, xidmət obyektləri aça bilməsinizmi?

- Mən bu suala qismən cavab verdim. O ki, qaldı Tovuz rayonuna, orda öz vəsaitimlə poliklinika tikib Səhiyyə Nazirliyinin sərəncamına vermişəm. İşçilərin maaşını da özüm ödəyirəm. Bu mənim üçün biznes deyil, öz elimə-obama bir hədiyyədir. Məktəb təmir etdirmişəm, yol çəkdirmişəm, artezian quyusu qazdırmışam və s. belə işlər görmüşəm və görürəm.

- Ümumiyyətlə, Azərbaycandakı biznes mühiti ilə bağlı həm xarıcdə fəaliyyət göstərən bir iş adamı, həm də Azərbaycanda yaşayan ziyalı kimi hansı fikirdəsiniz. Ölkədə işgüzar fəaliyyətə mane olan obyektiv və subyektiv amillər kimi nələri görürsünüz?

- Obyektiv fikir bildirmək üçün, gərək özün Azərbaycanda bizneslə məşğul olasan. Ancaq mənim Azərbaycanda heç bir biznesim yoxdur. Burda heç bir işgüzar fəaliyyətlə məşğul deyiləm. Birmənalı fikir söyləmək çətindir, birdə ki, problemlər hər yerdə var, yəqin həll olunar.

- İstərdim ki, hər nə qədər siyasətlə məşğul olmadığınızı desəniz də, bir qədər siyasətlə bağlı danışaq. Rusiyada bir qrup iş adamının seçkiqabağı “Milyarderlər ittifaqı” deyilən qurumu - RATİ-ni yaratması Moskvanın Bakıya təzyiqi kimi qiymətləndirilirdi. Sonrakı proseslərin də bunu müəyyən mənada təsdiqlədiyi qeyd olundu. Hakimiyyət tərəfindən də bu qurumun yaranması ciddi narazılıqla qarşılandı. Maraqlıdır, Sizə bu qurumda təmsil olunmaq təklif edilmişdimi? Və bu qurumun Kremlin istəyilə yaradıldığı fikrini doğru qəbul edirsinizmi?

- Mənə təklif olunmayıbsa, deməli Kreml yaratmayıb da (gülür)... O təşkilatın yaranmasından mən də səhərisi gün mətbuatdan xəbər tutmuşam. Elə həmin gün də bu məsələ ilə bağlı fikirlərimi «Azadlıq» qəzetində bildirmişəm. Mənə həmin təşkilatda təmsil olunmaq təklif edilməyib.

Hansısa təşkilata üzv olmaq problem deyil, gərək niyyətini biləsən.

Sualınızın ikinci hissəsinə gəlincə isə, deyə bilərəm ki, həmin təşkilat Kremlə, birbaşa Putinlə bağlı olsa idi, elə birinci ora üzv olmaq mənə təklif edilərdi. Putinlə dostluğumuz hamıya məlumdur.  Təklif olunmasa belə, hər halda bir məlumatım olardı. Amma mən dediyim kimi yaranana qədər bu haqda məlumatım olmayıb. Ümumiyyətlə bu təşkilatı Kremlə bağlamaq doğru deyil. Kreml bunu nədən ötrü yaratsın? Azərbaycana təzyiq göstərmək üçün? Neynir onu  edib? Onsuz da Azərbaycanla Rusiyanın münasibətləri çox yaxşıdır - seçkidən qabaq da, indi də. Düzdür, bəzi qüvvələr vardı - həm iqtidar daxilində, mətbuatında,  həm də müxalifətdə - istəyirdilər münasibətləri gərginləşdirsinlər. Ancaq  zaman göstərdi ki, iki ölkənin prezidenti arasında çox gözəl münasibət var. Bu baxımdan Kremlin elə bir təşkilatı yaratması inandırıcı deyil. Xüsusən də Putinin...

Həmin təşkilatın “Milyarderlər ittifaqı” adlandırılması da doğru deyil. Çünki əksəriyyəti milyarder deyil. Onların hamısını tanıyıram, Rüstəm İbrahimbəyovdan başqa hamısı ilə şəxsi tanışlığım var. Bəzilərini çox yaxından tanıyıram. Məsələn, Natiq Ağamirov vaxtilə mənim işçim olub, sonra köçüb gedib Moskvaya. İsgəndər Xəlilovu 30 ildən çoxdu tanıyıram. Vahid Ələkbərovun yanında işləmişəm, Araz Ağalarovla da tanışlığımız var.

- Hər halda Putinin səlahiyyətli nümayəndəsi olan Söyün Sadıqovun RATİ-nin yaradılmasında fəal iştirakı həmin təşkilatın Kremlin istəyilə yaradıldığı fikrini formalaşdırmışdı…

- Mən onu şəxsən tanımıram. Bilirsiniz, Putinin 500 nəfər səlahiyyətli nümayəndəsi olub. Hər millətdən seçkiqabağı kimisə seçirdilər ki, orda diaspora ilə iş görsün. Söyün Sadıqov da yəqin ki, Azərbaycan diasporunun nümayəndəsi kimi orda təmsil olunubdu.

- Rusiya siyasi elitası ilə münasibətlərinizin olduğunu da nəzərə alaraq bu sualı verirəm: Azərbaycanın Gömrük İttifaqına qoşulmaması Moskvada necə qarşılanır. Ümumiyyətlə, Siz necə hesab edirsiniz, Azərbaycan bu ittifaqa qoşulmalıdırmı?

- Əvvala deyim ki, mən Moskvada siyasətçilərlə bir o qədər də ünsiyyətdə olmuram. Əsasən hüquqşünaslarla, hüquq sistemində işləyənlərlə oturub-dururam.

Sualınızın ikinci hissəsinə gəlincə, bununla bağlı Azərbaycanda müxtəlif fikirlər var. İndiyə qədər nə bir siyasətçi, nə bir iqtisadçı, nə də bir dövlət adamı Azərbaycanın Gömrük İttifaqına qoşulmasının ziyanı və ya xeyiri olduğuna dair bir analiz ortaya qoymayıb. Biz müstəqil dövlətik, heç kim zorla bizi hansısa quruma dartıb apara bilməz. Ona görə də, əvvəlcə bir analiz edilməlidir ki, Gömrük İttifaqına qoşulmaq Azərbaycanın xeyrinədir, ya ziyanına.

- Bir qədər əvvəl deputat Qüdrət Həsənquliyev Sizi Putinlə dostluğunuzun verdiyi imkanlardan Qarabağ probleminin ədalətli həlli üçün yararlanmamaqda qınadı. Bunu necə qarşıladınız. Ümumiyyətlə, Qarabağ münaqişəsi ilə bağlı nə zamansa cənab Putinlə söhbətiniz olubmu?

- Bu çür müzakirələr aparmaq, axı mənim səlahiyyətimdə deyil. Biz onunla təbii ki, söhbət edirik. Bir azərbaycanlı kimi Qarabağ problemi mənim də dərdimdir. Bu haqda da danışırıq. Ancaq bu söhbətlər qeyri-rəsmi xarakter daşıyır. Mən onunla hansısa məsələ ilə bağlı rəsmi söhbət apara bilmərəm. Rəsmi söhbəti rəsmi adam apara bilər.

O ki qaldı kiminsə qınamasına, yerinə düşməyən iddiadır. Belə məsələlərlə parlamentdə oturanlar daha çox məşğul olmalıdır, nəinki adi vətəndaşlar.

- Sizə səlahiyyət verilərsə, Rusiyanın köməyi ilə bu problemin həllində hər hansı rol oynaya bilərsinizmi?

- Səlahiyyətim olsa da, olmasa da bir azərbaycanlı kimi, ziyalı kimi mənim borcumdur ki, əlimdən nə gəlir, onu edəm. Öz səlahiyyətim daxilində. Mənə əgər bununla bağlı tapşırıq verilsə, təbii mənim borcumdur ki, onu həyata keçirəm. Ancaq Qarabağ problemi bir adamın səlahiyyəti ilə həll olunan məsələ deyil axı. Bu bir. İkincisi də, Qarabağ problemi ilə bağli mən hansı işləri görməliyəm və görürəm, onu kim bilməlidirsə o adam bilir.

- İlham müəllim, uzun illər siyasi fəaliyyətlə məşğul olmusunuz. Yenidən siyasi fəaliyyətə qayıtmaq haqqında fıkirləşirsinizmi? Axı belə bir deyim var ki, böyük pullar hakimiyyət tələb edir... Parlament seçkilərində iştirak etməyi düşünürsünüzmü?

- Əgər mənim nə vaxtsa ağzımdan bir söz çıxırsa, mən onun yiyəsiyəm. Bir dəfə demişəm, yenə təkrar edirəm, mənim siyasətlə məşğul olmaq fikrim yoxdur. Parlament seçkləri 2015-ci ildədir. Hazırda elə bir fikrim yoxdur. Amma deyirlər ki, bir ölülər, bir də dəlilər fikrini dəyişmir. Yəni zaman, şərait özü hər şeyı göstərəcək...

- Seçkidən sonra belə məlumat yayıldı ki, Prezident İlham Əliyevin start verdiyi kadr dəyişiklikləri çərçivəsində İlham Rəhimova da yüksək postlardan biri təklif olunacaq. Bu söz-söhbətlər nə qədər əsaslıdır? Ümumiyyətlə, indiyədək Sizə hər hansı vəzifə təklif olunubmu? Bizdə məlumat var ki, Prezident İlham Əliyevlə görüşünüz də olub və həmin görüşdə Sizin hakim komandaya qoşulmağınız haqda söhbət də keçib...

(Ardı var)

İ. İSMAYILBƏYLİ

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar