Azərbaycanda inqilab olacaqmı?

Sərdar CƏLALOĞLU

------------------------

İnqilab – o nə vaxt və nə üçün baş verir?!

Qurani-Kərimin “Ənam”surəsinin 123-cü ayəsində bəyan edilir: “Beləcə, Biz hər bir topluda günahkar camaatın başçılarını hiylə-kələk işlədən etdik. Lakin onlar yalnız özlərinə hiylə-kələk işlədirlər və dərk etmirlər”, “İsra” surəsinin 16-cı ayəsində bəyan edilir: “Biz hər hansı bir cəmiyyəti həlak etmək istəyəndə onların böyüklərinə və əyyaşlarına əmr edirik. Belə olduqda onlar həmin mühitdə Allaha qarşı itaətsizlik edərlər. Beləliklə, Bizim qəti və əzəli hokmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik”.

Birinici ayədən görünür ki, hiylə-kələk işlədən insanların aşağı keyfiyyətli hakimiyyətlərdə yüksək dövlət postlarını tutması bir günahkar camaatın cəzalandırılmasının başlanğıcıdır. Aşağı vəzifələrdə vəzifəsindən sui-stifadə etmiş və ya səlahiyyət həddini aşmış istənilən məmur hiylə-kələk işlədən insandır. Hansı ki, onun yuxarı vəzifələrə təyin olunması camaatın və həmin məmurların özlərinin ağır cəzalandırılacağına işarə edir.

Günahkar camaat - ədalət hissini itirmiş sosial nizamı pozmaga meyl edən insanlara aiddir. Bu gün Azərbaycanda özü mövcud qanunlar çərçivəsində yaşamağa meyl edən və məmurların qeyri-qanuni hərəkətinə müqavimət göstərən insanların sayı ümumi əhalinin sayının bir-iki faizini təşkil edir ki, bu da “günahkar camaat” deməkdir.

İkinci ayə bu cür məmurlarla bu cür camaatın necə cəzalandırılacağına aydınlıq gətirir. Hansı ki, camaatla məmurların eyni anda cəzalandırılma forması sosial inqilablardan ibarətdir. Beləliklə, ayənin böyük dağıntılar və insan təlafatına səbəb olan inqilabların ilahi səbəblərinə işarə etdiyi təsdiq olunur...

Ayədən görünür ki, inqilab ən yuxarılarla ən aşağıların vəhdətdə fəsad törətməsindən - Allaha qarşı itaətsizlikdən ibarətdir ki, hər iki tərəf cəmiyyət nizamını pozmaqla ictimai xaosa - inqilaba səbəb olur. İctimai nizamın ən ümumi təzahürü ədalətdir, hansı ki, ədalətsizlik Allaha itaətdən imtina kimi təzahür edir. Bu, sosiologiyada “yuxarıların idarə edə bilməməsi, aşağıların tabe olmaması” kimi yanlış traktovka olunmuşdur. Halbuki, inqilabları yetişdirən səbəb yuxarıların əvvəlki kimi idarə etməsi, aşağıların əvvəlki kimi tabe olması ilə bağlıdır. Əgər yuxarılar əvvəlki kimi idarə edirsə, aşağılar tabe olmursa, buradan dinc hakimiyyət dəyişilmələri, yuxarılar əvvəlki kimi idarə edə bilmirsə, amma aşağılar əvvəlki kimi tabe olursa, buradan anarxiya, yuxarılar əvvəlki kimi idarə etmirsə, aşağılar əvvəlki kimi tabe olmursa, buradan islahatlar meydana çıxır. Qurani-Kərimdən aydın olur ki, inqilablar həm ən yuxarıların, həm də ən aşağıların əvvəllərki kimi, yəni sürəkli olaraq ictimai qanunları gücdən salmasından meydana çıxır. Buradan da, aşağı keyfiyyətli idarəetmələrdə “inqilablar nə üçün meydana çıxır?” sualının cavabın tapmaq olar. Yuxarıların total şəkildə korrupsiyaya uğraması, hakimiyyətdən sui-istifadə, səlahiyyətlərini aşması, vəzifə cinayətlərinə meyl etməsi, aşağıların kütləvi şəkildə sosial neqativ davranışlara - hüquq pozuntularına, özbaşınalığa, cinayətlərə meyl etməsi inqilabın başlanmasının səbəblərini təşkil edir. Azərbaycanda cinayətkarlıq, hüquq pozuntuları, asayişin pozulması yüksələn xətt üzrə həm sayca, həm keyfiyyətcə inkişaf edir. Cinayətkarlığın mütləq forması inqilabdır – hansı ki, hər iki tərəfin -yuxarıların və aşağıların birgə səyi ilə yaranır.

İnqilabın nə vaxt başlaması ictimai - neqativ davranışlarla yuxarıların hakimiyyət cinayətlərini vəhdətə gətirən təsadüfi faktorların meydana çıxması ilə bağlıdır. Buradan da “inqilabların nə üçün nə vaxt başlayacağını bilmək olmur?” sualının cavabı tapılır.

“İnqilab” sözü astronomiya elmindən götürülmüş və hakimiyyət dəyişilmələrinin xarakterini izah edən sözdür, mənası “qəfləti dəyişilmə” deməkdir. Bu mənada islahatlarla tədricən dəyişilməyən aşağı keyfiyyətli hakimiyyətlərin zorakılıqla qəflətən dəyişilməsinin də sosial partlayışlardan baş verdiyi aydın olur.

İnqilablar zorla siyasətdən kənar saxlanılmış insanların (əyyaşların) kütləvi şəkildə eyni zamanda müəyyən dövr ərzində siyasətdə iştirak etməsidir.

“Əyyaş” sözü sosiologiyada “qaragüruh” adlanır, hansı ki, istənilən inqilab qaragüruhun əl işi kimi meydana çıxır. Qaragüruh emosiyalarla idarə olunan aşağı intellektuallığa malik adamlardan təşkil olunur.

İnqilablar üçün ritorika, pafos xarakterikdir, hansı ki, insanın nadanlığının gizlədilməsinin ən yaxşı üsulu kimi işləyir. Buradan da, Qurani-Kərimdə “əyyaş” sözünün ictimai sərxoşluq vəziyyətinə düşən adamlara işarə etdiyi aydın olur. Sosiologiyada belə vəziyyət “inqilabi ruh” adlanır. İnqilabi ruh cəmiyyətin çoxluğunun ictimai sərxoşluğa keçməsidir, hansi ki, sağlam mühakimə öz yerini ictimai halsunasiyalara buraxır. İnqilabi ruh təhtəlşüur işi olduğundan, bu ruhun əmələ gəlməsini, inkişaf etməsini və təzahürünü zahirən izləmək və aşkarlamaq çətindir. Buradan da, inqilabların gözlənilməzliyi sindromu meydana çıxır.

İnqilabi ruhun yeganə funksiyası dağıtmaqdan ibarətdir, hansı ki, quruculuğa keciddə inqilabi ruh yarandığı kimi də yox olur. Cəmiyyət ictimai sərxoşluqdan ayılır və dağılmış köhnənin əsasında yenini qurmağa cəhd edir. Əgər inqilablar qələbə çaldıqdan sonra inqilabi ruh saxlanılırsa, onda inqilab öz dağıdıcılığını davam etdirir və xalq inqilablardan qazanmaq əvəzinə, itirir.

İnqilabın hərəkətverici qüvvəsi - ictimai əyyaşlar üç naqisliyin - nadanlığının, əxlaqsızlığının və mədəniyyətsiziyinin sublimasiyasından meydana çıxır. Nəticədə, inqilabçının nadan, əxlaqsız və mədəniyyətsiz olduğu zahirən dərkolunmaz olur. Buradan sual meydana çıxır: inqilablarda alimlərin, böyük sənət adamlarının və din xadimlərinin iştirakı necə izah oluna bilər? Əslində ən ümumi şəkildə əxlaqsızlıq, nadanlıq və mədəniyyətsizlik fərdi səviyyədə hakimiyyət əzminin boğulmasının sosial sferada təzahüridir. Üç müxtəlif siyasi funksiya hakimiyyət əzmini yaradir. Bura hakimiyyəti təşkil etmək, hakimiyyəti tənzimləmək, hakimiyyətə nəzarət etmək aiddir. Hakimiyyətin özü iki cür - siyasi və qeyri-siyasi meydana çıxır. Qeyri-siyasi hakimityyətdə hakimiyyətin təşkili biliyin təşkili - ziyalılıq kimi, hakimiyyətin tənzimlənməsi - mədəni yaradıcılıq kimi, hakimiyyətin tənzimlənməsi - əxlaq kimi meydana çıxır. Hansı ki, uyğun olaraq siyasi hakimiyyətdə əxlaq- məhkəmə hakimiyyətini, yaradıcılıq - icra hakimiyyətini, ziyalılıq - qanuunverici hakimiyyətin təbiətinə keçir. Beləliklə, qeyri-siyasi hakimiyyətin siyasi hakimiyyətə proyeksiyasından inqilabi kütlə yetişir.

İnqilabçı özündə dağıdıcılıq ruhu daşıyan heç bir qanun tanımayan, tabeçilik nümayiş etdirməyən və anarxist meylli adamlardan ibarətdir.

İnqilabçı necə yetişir?

Aşağı keyfiyyətli idarəetmədə kütləvi narazılıq başlanğıcda hamıda narazılıq yaradır, narazılığın xüsusi formaya keçməsi ilə narazılığın təşkil olunması meydana çıxır ki, buradan müxalifət meydana çıxır. Müxalifətin antidemokratik cəmiyyətlərdə hakimiyyət dəyişikliyini həyata keçirə bilməməsindən və iqtidarın öz hakimiyyətini qorumaq ücün repressiyyalar həyata kecirməsi, hakimiyyətin tədrici dəyişilmələrinin qarşısını alması (sanksiyalaşdırılmamiş dövlət zorakılığının tətbiqindən) narazılarda nailiyyətsizlik sindromu meydana çıxır.

Nailiyyətsizlik sindromu dəyişilmələrin baş verməməsinin səbəbini özündə axtarmağa səbəb olur. Nəticədə, narazılar iki yerə - ittiham edənlərə və ittiham olunanlara ayrılır. İttiham olunanlar - leqal, ittiham edənlər - gizli müxalifət kimi formalaşır.

Gizli müxalifətin əsas təzahüri qorxaqlıqdır. Qorxaqlıq daxili hiss olub, insanda yarımcıqlıq kompleksi -yaşanmayan həyat (arzulanan həyatı yaşamamaqdan doğan daxili kimlik) əlaməti meydana çıxarır. Belə insanlar hakimiyyətdiklərin həyatına oxşar yaşamaq istəyirlər, lakin buna nail ola bilmirlər. Bu da komplekslər şəkilndə təzahür edir. Yarımçıqlıq kompleksi istəklərinə çatmayan və buna görə də bu ikisinin vəhdətindən təzahür edən “qorxan insan” deməkdir. Buradan insan öz istəklərini etməyi iradəvi olaraq boğduqda, həmin istəklərlə bağlı hərəkətliliyin - mübarizənin ideyaları şüuraltında süzülür və orda toplanmağa başlayır. Belə insan sürəkli olaraq istəkləri artan, amma həmin istəklər üçün heç bir fəaliyyət göstərməyən fərdə cevrilir. Buradan yarımçıqlıq kompleksinin kompensasiyası - bilavasitə narazı qaldığı hakimiyyətdən bəhrələnməklə öz istəklərini yerinə yetirmək ideyası yaranır. Bu ideya narazılığını -kimliyini gizlədərək hakimiyyətin tərəfinə keçməyi tələb edir. Buradan şəxsiyyətin deqredasiyası - öz kimliyini gizlətmək sinmdromu yaranır. Özünü gizlədən ziyalı nadana - biliyi olub, amma biliyini düzgün məqsədlərə yönəltməyən savadlı adama, yaradıcı şəxsiyyət mədəniyyətsiz adama - yaradıcılığını öz istədiyi ideyalara yox, zorla ona qəbul etdirilən və öz əleyhinə olan ideyanı müdafiə edən adama, əxlaqlı insan öz dəyərlərindən imtina edib, onu narazı salanın dəyərlərini qəbul edən əxlaqsız insana çevrilir. Bu üçünün vəhdətinin əlaməti ictimai əyyaşlıq yaradır.

İctimai narazılıq - hakimiyyətdə məmurların uzurpasiya ideyalarının inkişaf etdirilməsinə paralel inqilabi ruhun yetişməsinə doğru narazılıq davranışlarını inkişaf etdirir. O ölkədə ki, dövlət çevrilişləri olur, həmin ölkədə buna uyğun narazı kütlədə inqilabi ruhun yetişdiyi təsdiq olunur. Və əksinə, o yerdə ki inqilabi vəziyyət yetişir, bunu ali rutbəli məmurların dövlət çevrilişlərinə cəhdi təsdiq edir.

Buradan aydın olur ki, leqal müxalifət heç vaxt inqilabi kütləyə daxil olmur. Buna görə də, inqilablarda leqal müxalifət də inqilabçıların hədəfinə çevrilir. Leninçi bolşeviklərin çara müxalifətdə olan kadetleri, eserləri və menşevikləri kütləvi repressiyaya məruz qoymaları, İran İslam inqilabında şaha qarşı leqal müxalifət olan tudəçilərin, demokratik yönümlü pariyaların və şaha açıq müxalifətdə olmuş insanların inqilabçılar tərəfindən məhv edilməsi, Şəriətmədari, Müntəziri kimi böyük ayətullaların ev dustağı edilməsi bununla bağlı olmuşdur.

İnqilablar konkret nə vaxt baş verir?

O vaxt ki, islahatlar və ya dövlət çevrilişləri cəhdləri hakimiyyətin dəyişməsi ilə nəticələnmir, onda yüksək rütbəli məmurlarda - uzurpasiya ideyası olanlarda nailiyyətsizlik sindromu yaradır və nəticədə həmin məmurlar öz uzurpatorluqlarını xalqa qarşı yönəldir (xalqı xalqlıqdan, fərdləri insan olmaqdan məhrum etməyə - onları devirməyə cəhd edirlər) və bu da xalqın narazılığını mütləq həddə çatdırır, özünü qoruma insitinkti təhtəlşüura toplanmış hərəkətlilik ideyalarını üzə çıxarır. Nəticədə insanlar heç bir məqsəd güdməyən hərəkətliyə cəhd edir ki, bu da dağıdıcılıqdan ibarət olur.

Buradan iki mühüm məqama diqqət etmək lazimdir. O şəxslər ki, islahatlar yolu ilə baş verən dəyişilmələrdə öz hakimiyyət ambissiyasını təmin edə bilmir, belələri həm iqtidarda, həm də müxalifətdə anti-islahatçı mövqeyinə keçir. Oktyabr inqilabından qabaq bolşeviklərin Stolıpini terror etməsi və çarın Rusiya zadəganlarının islahatçı nümayəndələrini - dekabristləri Sibirə sürgün etməsi Oktyabr inqilabına yaşıl işıq yandırdı. Eyni hadisələr islam inqilabından qabaq İranda da müşahidə olunmuşdur. Şah öz iqtidarinda və cəmiyyətdə olan islahatçılara qarşı dözülməzlik nümayiş etdirmiş, islahat yolu ilə dəyişiklik istəyən din xadimlərini terror etmişdir. Bu da İslam inqilabına yol açmışdır. İnqilablardan sonra da inqilabi liderlər islahatlara təhəmmül etməmişlər. Rusiyada sosialist inqilabında Trotski, Martov, Buxarin, Bulqanın fiziki cəhətdən məhv edildiyi kimi, İranda da rejim daxili islahatçı qanadı Müntəziri , Şəriətmədari və başqalarının simasında siyasi həyatdan kənarlaşdırmışdır.

Azərbaycanda inqilab olacaqmı?

Apardığımız təhlildən görünür ki, Azərbaycanda narazı kütlənin çox az bir hissəsi leqal müxalifətdədir, narazı kütlənin nəhəng bir hissəsi iqtidardan heç bir gözləntisni ifadə etmədən zahirən onun yanındadır. Bu, ictimai əyyaşlıgın əhalinin nəhəng çoxluğuna sirayət etdiyini sübut edir. Son 20 ildə bu hakimiyətə qarşı bir neçə dövlət çevrilişi cəhdləri heç bir nəticə verməmişdir. Ölkədə həqiqi islahlatlar da aparılmır. Bu, Azərbaycanda hakimiyyətə sığınmış öz narazılığını gizlədən və hakimiyyətin əmrlərini sözsüz yerinə yetirən yüz minlərlə inqilabçının olmasından xəbər verir.

Bəs inqilab nə vaxt olacaq? Artıq növbəti çevrilişin də qarşısı alınıb. Qubada, İsmayıllıda, Mingəçevirdə bir-birinin ardınca baş verən iğtişaşlar yatırılıb. İndi xalqın və şəxsiyyətin hakimiyyətinin yenidən daraldılması ilə hakimiyyəti saxlamağa cəhd edilir. Seçkilər tam şəkildə siyahı əsasında keçirildi, hakimiyyət xalqı yenidən köləliyə - rus əsarətinə salmaq istiqamətində cəhd edir. Ölkədə inqilabi kütləni daha da narazı salan proseslər -hakimiyyəti müdafiə edənlərin işdən çıxarılması, əmək haqlarının azaldılması, sosial imtiyazların ləğv edilməsi prosesi başlayıb. Bu müəyyən sayda insanı əhatə etdiyi andan kicik bir hadisə Azərbaycanda inqilabı başladacaqdır.

Nə etməli? İnqilab bu hakimiyyət üçün nə qədər təhlükəlidirsə, leqal müxalifət üçün bir o qədər təhlükəlidir. Buradan üç çıxış yolu vardır:

İnqılabın baş verməsinin qarşısını almaq üçün aşağı keyfiyyətli idarəetmədən imtina. Bunun üçün növbədənkənar parlament seçkiləri keçirmək və ölkədə real islahatlar başlatmaq: Bu iqtidardan asılıdır.

Müxalifət təcili olaraq bir araya gəlib beynəlxalq dəstək əldə etməklə hakimiyyətin dinc demokratik üsulla dəyişdirməsi. Bu bugünkü beynəlxalq konyukturaya uyğun və mümkün deyildir.

Nəhayət, iqtdar və müxalifətin birlikdə Azərbaycanda fazalı demokratiya keçidi -qansız və qadasız tədrici hakimiyyət dəyişilmələrini başlatması. Bizcə, ən real variant, amma eyni anda həm də ən az şansı olan variant budur. Son illərin təcrübəsi və bizim tərəfimizdən ardıcıl və inadlı şəkildə müdafiə edilən siyasi dialoq təcrübəsinin iflası da bunu sübut edir.

Bir şeyi unutmaq olmaz ki, sosial siyasi proseslər müəyyən mərhələyədək geri dönən, müəyyən dövrdən sonra geri dönməz olur. Bu üzvü aləmin inkişaf qanunlarına uyğundur. Üzvi aləmin inkişafının 4-cü qanununda deyilir: “Əgər üzvi varlıq formalaşma mərhələsini başa çatdırıbsa, xarici təsir nə onun quruluşuna (təşkilatlanmasına), nə funksiyasına təsir edə bilməz, sadəcə hansısa bir funksiyasını deformasiya edə bilər”.

Əgər bu qanunu inqilablara tətbiq etsək, demək olar ki, inqilabi ruh özünün son yetkinlik mərhələsinə çatdıqda iqtidarın heç bir güzəşti, eləcə də islahatçı müxalifətin iqtidarla əməkdaşlığı inqilabın başlanmasının qarşısını ala bilməz, əksinə onun daha eybəcər formada başlanmasına səbəb olar. Bunu rus inqilabı çox əyani göstərir. İnqilabın son mərhələsində Rusiyada inqilabdan qaçmaq naminə çarın hakimiyyətdən imtinası Kerenskinin müvəqqəti hökuməti və onunla əməkdaşlıq edən islahatçı müxalifət rus inqilabının başlanmasının nəinki qarşısını ala bilmədi, əksinə Rusiyada inqilab vətəndaş müharibəsinə keçdi.

Bizi narahat edən budur. Keçən hər bir gün cəmiyyətin inqilabdan qaçmaq şansı azalır.

İnqilab nə vaxt gözlənilir?

Dünyada sosialist inqilabı nəzəriyyəsinin banisi kimi taninan V.İ.Lenindən bir jurnalistin “Rusiyada inqilab nə vaxt olacaq?” sualına Lenin belə cavab vermişdir: “Cox güman ki, onu bizim nəsil görməyəcəkdir". Bu müsahibədən üç ay sonra böyük oktyabr inqilabı başladı və bu inqilab Rusiya xalqlarına 50 milyon insan itkisi bahasına, sonrakı sistemlərarası münaqişələrdə bütün dünyada yüz milyondan artıq insan itkisi bahasına başa gəldi. Nə üçün bir inqilab nəzəriyyəçisi üç ay öncəgörənlik edə bilməmişdir? Cünki inqilablar zərurətə görə yetişir, təsadüfə görə başlayır.

Əhalinin sayı ilə inqilabçı kütlənin nisbətindən belə nəticəyə gəlmək olar ki, hakimiyyətdə gizlənmiş narazı kütlənin yenidən narazılaşdırılması yüz minləri keçdikdə, artıq hər an inqilablar gözlənilməlidir.

İnqilabların liderləri məsələsi də çox önəmlidir. İnqilabçı liderlər simasını itirmiş, amma kifayət qədər iddiali olan, müəyyən dəstəyi olan, iqtidarin yüksək pillə məmurlarının cərgəsində olub, sonra kənara çıxan və ya qovulan şəxslərin içindən, ya da inqilabçı kütlənin icərisindən öz ictimai əyyaşlığı -mədəniyyətsizliyi, əxlaqsızlığı və nadanlığı ilə hamıdan daha üstün olan bir şəxs olacaqdır.

İnqilabların ən önəmli məsələlərindən biri də inqilabın aparıcı qüvvəsi - avanqard dəstəsi məsələsidir. Kimlər inqilaba rəhbərlik edir və onu təşkil edir? Bütün inqilabların tarixi göstərir ki, inqilabların avanqard dəstəsi gizli təşkilatlardır. Onlar hökümətdə də, cəmiyyətdə də gizli olduqlarından onların varlığı haqqında vaxtında nəsə demək olmur. Burada gizli təşkilat dedikdə, faktiki gizlilikdən yox, formal gizlilikdən - yəni niyyətlərini gizlədən təşkilatlanmalardan gedir. Belələrinə üzdə dövlət başçısına sədaqət andı içən yüksək rütbəli məmurlar (inqilabçıların tərəfinə keçməyə hazırlaşan “xalq qəhrəmanları”) və ya demokratiyanın nə oldugunu bilmədən gecə-gündüz demokratiyadan dərs deməyə cəhd edən müxalifət aiddir.

Bu gün inqilabların başlanma anının qeyri- müəyyənliyindən çaşanlar, cəmiyyətin ətalət üzrə hərəkət etdiyini əsas götürən bir çoxları Azərbaycanın düzgün yolda inkişaf etdiyini, aparılan siyasətin doğru oldugunu, Azərbaycanı heç bir sosial fəlakət gözləmədiyini, Azərbaycanda möhkəm sabitlik olduğunu, heç bir gücün Azərbaycana təsir etməyəcəyini iddia edir. Belələrinə yenə də Qurani-Kərim cavab verir. Qurani-Kərimin “Ta-Ha”surəsinin 135-ci ayəsində bəyan edilir: “De:”Hər birimiz gözləyirik. Buna görə də gözləyin. Tezliklə dogru yolun sahiblərinin kimlər olmasını və kimin doğru yolu tutmasını biləcəksiniz”.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar