Rauf Mirqədirovun məhkəməsi dekabrın 2-də davam edəcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə prosesdə ittihamçı tərəfin dörd şahidi dindirilib.

Xatırladaq ki, məhkəmə qapalı rejimdə keçirilir, vəkildən və şahidlərdən prosesin gedişinin açıqlanmaması barədə iltizam alınıb.

Vəkil Fuad Ağayev qısaca olaraq jurnalistlərə bildirib ki, bu gün şahidlərin ifadələri dinlənilib, müdafiə tərəfinin vəsatəti olmayıb.

O həmçinin qeyd edib ki, bundan əvvəl R.Mirqədirovun şüşə barmaqlıqdan çıxarılması barədə vəsatət təmin edilməyib. Lakin proses zamanı onun müdafiə etdiyi şəxslə məxfi ünsiyyətinə maneçilik olmayıb.

Jurnalistin səhhəti və əhval-ruhiyyəsi barədə sualın cavabında vəkil deyib ki, bu gün o, “pis görünməyib”, ancaq xeyli arıqlayıb.

Öz növbəsində jurnalistin anası Rəfiqə Mirqədirova qeyd edib ki, həbsdən öncə oğlu heç vaxt səhhətindən şikayətlənməyib. Lakin həbsdə olduğu müddətdə onun görmə qabiliyyətində və arterial təzyiqilə bağlı problem yaranıb.

Növbəti iclas dekabrın 2-nə təyin edilib.

Xatırladaq ki, jurnalist Türkiyədən deportasiya edildikdən sonra aprelin 19-da həbs olunub. O, CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham edilir. Jurnalist ittihamı rədd edir. Hüquq müdafiəçiləri R.Mirqədirovu siyasi məhbus kimi tanıyırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar