“Rusiya strateji seçimlə qarşılaşıb, Əsəd hakimiyyətdə qala bilməz” - OBAMA

ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiya Suriya məsələsinin həll olunması ilə əlaqədar strateji qərar qəbul etməlidir və gələcək bir neçə həftə, Rusiya prezidenti Vladimir Putinin Bəşər Əsəd rejimini müdafiə etməyi dayandırmağa və həmçinin də, İŞİD-lə mübarizədə beynəlxalq kфmpaniyaya qoşulmağa nə dərəcədə hazır olmasını göstərəcək. (Bloomberg)

Obamanın sözlərinə görə, artıq Suriya xalqının gözündə reablitasiya edilməsi mümkün olmayan Əsədin hakimiyyətdə qalması çərçivəsindəki planla istənilən halda razılaşmayacaq. Bəşər Əsəd hakimiyyətdə qaldıqca müxtəlif müqavimət qruplarını İŞİD-ə qarşı mübarizədə birləşdirmək müşkül bir işdir.

Kuala-Lumpur şəhərində keçirilən mətbuat konfransında çıxış edən Obama deyib: “Əhalinin böyük əksəriyyətinin nifrət bəslədiyi və hakimiyyətdən getməyənə qədər onunla mübarizə aparmağa hazır olduğu bir vəziyyətdə, Əsədə ölkədə legitimliyini saxlmağa imkan vermək mümkün deyil”.

Obama bildirib ki, Putin Rusiya üçün ekstremist qruplaşmaların, Əsədin timsalındakı müttəfiqin itirilmsindən daha böyük təhlükə təşkil etdiyini yaxşı başa düşür. Rusiya sərnişin təyyarəsinin vurulması ilə Putin buna tam əmin oldu.

- İrəliyə doğru hərəkət

Obamanın sözlərinə görə, ABŞ və onun müttəfiqləri, İraq və Suriyada Rusiyanın müdafiəsi ilə və ya onsuz, İŞİD-ə qarşı mübarizədə irəliyə doğru hərəkət edəcəklər. Bundan başqa Vyanada Suriya münaqişəsinin siyasi həll yollarının axtarılması istiqamətində diskusiyalar davam edəcək.

Barak Obama qeyd edib: ”Rusiya Əsədin getməsini nəzərdə tutan keçid prosesinə tərəfdar olmasını rəsmi şəkildə təsdiq etməyib, lakin onlar siyasi keçid prosesinin özü ilə razıdırlar. Mən düşünürəm ki, Rusiyanın öz nöqteyi nəzərini dəyişdirməsinin vacibliyini ona inandıra biləcəyimizin mümkün olub-olmaması yaxın həftələrdə aydınlaşacaq”.

Fransa prezidenti Fransua Olland əvvəl Obamanı, sonra isə Putini ABŞ və Rusiyanın İŞİD-ə qarşı mübarizədə birləşməsinin vacibliyinə inandırmağa cəhd edəcək. Hazırda bu qruplaşma Parisdəki 130 nəfərin ölümü ilə nəticələnən terror aktlarına cavabdehliyi öz üzərinə götürdüyü üçün, Olland ABŞ və Rusiyanı İraq və Suriyadakı hərbi kampaniyanı koordinasiyalı şəkildə həyata keçirməyə çağırır. Həmşinin Rusiya da İŞİD terroru ilə qarşılaşıb. Beləki, həmin terror qruplaşması 224 nəfərin həlak olmasına səbəb olan Misir səmasındakı təyyarənin partladılmasına cavabdehliyi öz üzərinə götürüb.

- Ollandın missiyası

Olland beynəlxalq ictimaiyyətin Parisdə baş verən terror hadisəsi ilə əlaqədar çaşqınlığından istifadə edərək, onları ekstremistlərə qarşı daha aktiv qlobal kampaniyaya başlamağa səsləyir. Hərçənd ki, Paris hadisəsindən sonra ABŞ fransızlarla bölüşəcəkləri kəşfiyyat məlumatlarının həcmini artıracaqlarına razılaşsalar da, hələlik Vaşinqton Suriya səmasındakı hərbi əməliyyatlarda iştirak üçün Rusiya qoşunlarına qoşulmaq barəsində bəyanat verməyə tələsmir.

Kuala-Lumpurda çıxış edən Rusiyanın baş naziri Dmitri Medvedyev bildirib ki, İŞİD-in möhkəmlənməsi müəyyən mənada ABŞ-ın öz gücünü terrorizmin kökünü kəsməyə cəmləməsi əvəzinə, bu imkanları Əsədə qarşı istiqamətləndirməsi kimi məsuliyyətsiz siyasətin nəticəsində baş tutub. Obama administrasiyası isə həmin bəyanata şərh verməkdən imtina edib.

Prezident Obama ümumi yekunda öz müttəfiqləri ilə birlikdə, Suriya və İraq sərhədlərindən xeyli kənarda da, zərbə vurmaq imkanına malik olduqlarını nümayiş etdirən İŞİD-in məhv olunmasına müvəffəq olacaqlarını deyib.

Obamanın tənqidçiləri onun əvvəlki bəyanatlarına söykənərək, prezidenti İŞİD-i və onun yaradacağı təhlükəni lazımı səviyyədə qiymətləndirə bilməməkdə günahlandırırlar.

- Respublikaçıların reaksiyası

ABŞ prezidentiyinə namizəd, respublikaçı senator Marko Rubio bir neçə gün əvvəl məsələ ilə bağlı söyləyib: ”Obama hətta qələbənin nədən ibarət olduğunu bildirməyib”. Digər namizəd olan Rik Santorum isə qeyd edib ki, Obama üçüncü dünya müharibəsinə başlayıb.

Respublikaçılar partiyasının adından həftəlik müraciət ünvanlayan Arizona ştatından olan konqresmen Marta Maksli bildirib ki, bu mübarizədə Obamada operativlik çatışmır. O deyib: ”Biz administrasiyanı aktivləşməyə çağırırıq. Bu terror təhlükəsinə ciddi yanaşmaq gərəkdir. Biz həmin mübarizədə lider rolunu öz üzərimizə götürməliyik”.

- Ölümcül zərbə

Obama administrasiyası Suriya müxalifət qruplaşmaları ilə Suriya hökuməti arasında barışıq əldə etməyə cəhd göstərməklə, ABŞ-ın rəhbərliyi altındakı koalisiyanın İŞİD-ə zərbə vurmasına imkan yaratmaq istəyir.

ABŞ, Rusiya, İran və digər ölkələrin diplomatları Suriyadakı siyasi keçid məsələsində razılığa gəliblər (problem yalnız Əsədin hakimiyyətdə qalmasıdır). Bu razılığa əsasən, Əsəd hökuməti ilə müxalifət gücləri arasındakı danışıqlar 1 yanvar tarixindən başlamalıdır. Həmin plana müvafiq olaraq, 18 ay ərzində ölkədə seçkilər keçirilməlidir.

Keçən həftə Böyük İyirmiliyin sammitində Obama ilə Putin arasında, Ağ evin “konstruktiv” adlandırdığı 35 dəqiqəlik söhbət olmuşdu.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar