Prezident məmurlara şərt qoydu - Neftin qiymətinin aşağı düşməsi bir stressdir

2016-cı ilin dövlət büdcəsi proqnozlarında üç xərcin toplam məbləği 2015-ci il proqnozlarının müvafiq göstəriciləri ilə müqayisədə 8,5 milyard manat azdır. ANS PRESS-in məlumatına görə, 2015-ci ilin büdcə proqnozlarında sənaye və tikinti xərcləri, dövlət əsaslı xərcləri və əsas bölmədən olmayan xidmətlər üçün toplam 16 milyard 539 milyon manat nəzərdə tutulub. Qarşıdan gələn 2016-cı ilin büdcə proqnozlarında isə bu məqsədlə 8 milyard 30 milyon manat nəzərdə tutulub.

Nəzəri olaraq, büdcənin əsas xərclərinə, yəni dövlət idarəetməsi, təhsil, səhiyyə, sosial təminat və müdafiə xərclərinə heç bir dəxli olmayan üç xərc istiqaməti hesabına dövlət büdcəsinin ümumi xərclərini 40% azaltmaq mümkün olub. Əslində isə toplam büdcə xərcləri üzrə proqnozlar 4 milyard 836 milyon manat və ya 23% azalıb. 2015-ci il proqnozlarına görə büdcə xərcləri 21 milyard 100 milyon manat nəzərdə tutulurdusa, 2016-cı il proqnozlarında bu göstərici 16 milyard 264 milyon manata bərabər götürülüb.

2016-cı il proqnozlarında bəzi büdcə xərclərinin azaldılması (milyon manatla)

İlk baxışdan vəziyyət elə də pis görünmür. Dövlət qurumları üçün avadanlıq və s. alınmasına, şəhər və kəndlərin, yolların abadlaşmasına, bəzi dövlət qurumlarının işçilərinin elə də vacib olmayan komfortlu iş şəraiti üçün nəzərdə tutulmuş xərclər azaldılır, həmin pulların bir qismi bütün dünyanın qəbul elədiyi və xalqın birbaşa güzəranına təsir göstərən, pensiyaların, müəllim, həkim maaşlarının artmasına imkan verən klassik büdcə istiqamətlərinə yönəldilir.

Amma bu xərclərin azaldılmasının yaratdığı ciddi problemlər də var. Bu pulların xərcləndiyi sektorlarda xeyli mütəxəssis işsiz qalacaq. Eyni zamanda, bu sektorların sifarişlərini yetirən sahələrin də işi azalacaq.

Nəzəri olaraq, həmin işçilərin kiçik və orta sahibkarlıq (KOS) sektoruna keçməsi nəzərdə tutulur. Təsadüfi deyil ki, büdcə gəlirlərində sadələşdirilmiş vergi üzrə gəlirlərin 17,2 % artması proqnozlaşdırılır. Beləliklə, rəsmi qurumlarının qarşısında KOS-da məşğulluğun artımı ilə bağlı çətin vəzifələr qoyulur. Həmçinin, idarə və qurumların rəhbərlərinin qarşısında xərclərə maksimum qənaət edilməsini nəzərdə tutan çətin il gəlir.

Bu fikir ölkə başçısı İlham Əliyevin V çağırış Milli Məclisinin ilk iclasında çıxışı zamanı da səsləndirilib: “Biz iqtisadi inkişafı daha da sürətləndirməliyik. Neftin qiymətinin aşağı düşməsi əlbəttə ki, bizim gəlirlərimizə və xərclərimizə mənfi təsir göstərir. Ancaq digər tərəfdən hesab edirəm, bu, bizim iqtisadiyyat üçün, məmurlar üçün bir stressdir ki, indiki şəraitdə də nəyə qadir olduğumuzu göstərməliyik”.

Oqtay Haqverdiyev - Nazirlər Kabinetinin sabiq şöbə müdiri

Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev əslində gələn ilin büdcə xərclərini azaltmamağı mümkün sayır: “Biz büdcə nəzarətini dərinləşdirməklə gəlirləri artıra bilərdik. Beynəlxalq qurumların hesabatına görə, ölkə iqtisadiyyatının 30-40 faizi kölgədədir, yəni büdcəyə pul ödməkdən yayınır. Bəzi müəssisələr isə gəlirlərini dəfələrlə az göstərir. 10-15 müəssisəni birləşdirən holdinqlər var ki, büdcəyə ildə 10-15 min manat ödəyir. Onları büdcə nəzarətinə cəlb etmək lazımdır”,- deyə Oqtay Haqverdiyev ANS PRESS-ə bildirib.

İqtisadçı ekspert yaranacaq işsizlərin kiçik və orta sabikarlığa keçməsini də çətin sayır: “Onların yeni iş qurması üçün vəsait lazımdır. Məcburdurlar kredit götürsünlər. Çox vaxt KOS təmsilçiləri kreditləri ödəyə bilmirlər və tam müflis olurlar”.

O həmçinin, kiçik və orta sahibkarlıq üçün sağlam fəaliyyət mühitinin yaradılmasını da vacib sayır: «Bunun üçün Azərbaycan iqtisadiyyatının əsas düşməni olan inhisarçılıq və korrupsiya aradan qalxmalıdır».

Beləliklə, gələn ilin əsas iqtisadi orientirləri müəyyən edilib. Həm məmurlar, həm də iş adamları, eləcə də iş yerini itirdikdən sonra fərdi əməklə məşğul olmalı sadə vətəndaşlar qarşıdan gələn ilin sınaqlarına dözməlidirlər. Hər halda, 2016-cı il Azərbaycanın ən yeni tarixində ilk azalan büdcə ili olacaq. Ona görə də, kəmərləri sıxmağa hazır olun!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar