Azərbaycanın borcu 4,5 milyard ola bilər

Prezident İlham Əliyev "Azərbaycan Mərkəzi Bankı haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. ANS PRESS-in məlumatına görə, qanuna əsasən, Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qədər artırılıb.

Prezidentin həmçinin "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişiklik edilməsi barədə də qanun imzalayıb.

Sənədə əsasən, Azərbaycanın 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 1, 5 milyard manatdan 4,5 milyard manata qaldırılıb.

Yeni qanunlara əsasən edilən dəyişikliklər

Bu qərarların verilməsinin bir neçə səbəbi var. İqtisadçı Rəşad Həsənov ANS PRESS-ə açıqlamasında bildirib ki, kommersiya bankları 50 milyon manat nizamnamə kapitalı ilə fəaliyyət göstərdiyi halda Mərkəzi Bankın 10 milyon manat nizamnamə kapitalı ilə fəaliyyət göstərməsi məntiqə uyğun deyildi.

O həmçinin qeyd edib ki, Mərkəzi Bankın nizamnamə kapitalını artırmaqla onun iş imkanlarının artırılmasına da nail olmaq olar.

Rəşad Həsənov ikinci səbəb kimi son dövrlərdə Mərkəzi Bankın intervensiya xərclərinin kifayət qədər artmasını göstərib.

“Bu, bankın valyuta ehtiyatlarının kəskin şəkildə azalmasına gətirib çıxarıb. Belə vəziyyət isə Mərkəzi Bank üçün narahatedici durumdur”, - deyən iqtisadçı qərarın əhəmiyyətini vurğulayıb.

Bundan başqa, Mərkəzi Bankın əsas funksiyalarından biri ölkədə valyuta sabitliyinin qorunub saxlanmasıdır. Bunun üçün Mərkəzi Bank ciddi şəkildə maliyyə bazarlarında iştirak edir - bazarlara dollar intervensiya edir ki, bu da kifayət qədər böyük vəsait tələb edir.

Rəşad Həsənov daxili borclanma limitinin artırılmasını isə dünyada gedən iqtisadi proseslərlə əlaqəli olduğunu bildirib.

“2014-cü ilin sonundan etibarən neftin qiymətinin ucuzlaşması səbəbindən ölkənin maliyyə imkanları məhdudlaşıb. Bundan başqa dövlət strukturları və müəssisələri əvvəlki dövrlərdə müəyyən layihələrin icrasını öz öhdəliklərinə götürüblər. Bu öhdəliklərin yerinə yetirilməsi zamanı xərclərdə ciddi problemlər, çatışmazlıqlar yarana bilər”, - deyən Rəşad Həsənov həmin layihələrin dayandırılmasındansa, müəyyən itkilər bahasına olsa belə reallaşdırılmasının daha məqsədəuyğun olduğunu qeyd edib.

İqtisadçının fikrincə, məhz bunun sayəsində dövlət qurumları, dövlətin əmanəti ilə fəaliyyət göstərən müəssisələr daha çox borclanmaqla öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə biləcəklər.

Rəşad Həsənov - iqtisadçı

Bir sözlə, hər iki qanun ölkədə maliyyə stabilliyinin qorunmasına, iqtisadiyyatın möhkəmlənməsinə xidmət edir. Belə ki, əlavə vəsait sayəsində reallaşdırılacaq layihələr dövriyyəyə əlavə vəsaitlərin daxil olmasına şərait yaradacaq. Bu isə öz növbəsində ölkə iqtisadiyyatının bir çox sahələrinin inkişafına, büdcə gəlirlərinin artmasına imkan yarada bilər.

Eyni zamanda iqtisadi çətinlik dövründə ölkədə işsizlik, yoxsulluq səviyyəsi kimi göstəricilərin artmasının qarşısını ala bilər.

Bundan başqa, Mərkəzi Bankın nizamnamə kapitalının artırılması sayəsində bank daha çox borclana bilər. Bu vəsait ölkədə manatın stabil saxlanması üçün istifadə edilə bilər. Milli valyutanın stabilliyi isə ölkədə inlfyasiyanın qarşısının alınmasına imkan verəcək.

Mərkəzi Bankın nizamnamə kapitalının artırılması ölkədəki problemlərlə üzləşən kommersiya banklarına yardım üçün də ayrıla bilər. Çünki son dövrlərdə problemli kreditlərin artması nəticəsində bir sıra banklar maliyyə çətinliyi ilə üzləşib. Bəzi kredit təşkilatları işçilərin, filialların və bir sıra xərclərin azaldılması hesabına iqtisadi çətinliklərdən xilas olmağa çalışır.

Lakin əgər Mərkəzi Bank həmin təşkilatlara maliyyə yardımı ayırarsa, onların maliyyə problemləri nisbətən yüngülləşə bilər.

Məsələn, Rusiyada çətinliklərlə üzləşən banklara maliyyə yardımı edilir. Bu zaman ehtiyacı olan təşkilatlara uzun müddətə aşağı faizlə və ya faizsiz vəsait ayrılır. Nəticədə banklar öz müştərilərinə daha çox güzəşt edir, bununla həm də kreditlərin geri qaytarılmasına nail olurlar. Banklar maliyyə vəziyyəti stabilləşəndə həmin vəsait geri qaytarılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar