“Bu qədər də nankorluq olarmı?!”

Türkiyəni Rusiyadan üzr istəməyə çağıranlara Gültəkin Hacıbəylidən sərt etiraz

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli Türkiyənin Rusiya hərbi təyyarəsini vurduğu üçün Moskvadan üzr istəməli olduğu haqda Bakıda bəzilərinin səsləndirdiyi fikirlərə etirazını bildirib. G.Hacıbəyli feysbuk səhifəsində bunu deyənlərin yadına 13 il əvvəl Türk şahinlərinin Bakı səmalarında Azərbaycana dəstək üçün göstərdikləri nümayişi xatırladıb. Keçmiş deputat yazır:

“2002-ci ildə İran təyyarələri sistemli şəkildə Azərbaycanın Xəzər dənizi üzərindəki hava sərhəddini pozurdu. Vəziyyət çox gərgin idi. Azərbaycanın İrana müqavimət göstərmək imkanları məhdud olduğu üçün mərhum prezident Heydər Əliyev Türkiyədən kömək istədi. Və Azərbaycanın yeni tarixinin bütün ağır, həlledici məqamlarında olduğu kimi Türkiyə Azərbaycandan qardaş yardımını əsirgəmədi. Bakı səmasında qəhrəman Türk Şahinlərinin göstərilərini keçirməklə Türkiyə Azərbaycana görə İran boyda bir dövlətə diş qıcıdı, gövdə göstərdi. O zaman böyük qürur və iftixarla Türk Şahinlərini izləyən 2 milyon Bakı sakini arasında mən də daxil Milli Məclisin 125 deputatı da vardı. Ürəyimiz Türkiyəyə minnətdarlıq, sevgi, qürur hisləri ilə atırdı, bir-birimizi təbrik edir, gözaydınlığı verir, “nə yaxşı ki, Türkiyəmiz var” deyirdik. İndi həmin Milli Məclisin deputatları öz hava sərhəddini pozan rus qırıcı təyyarəsini dəfələrlə edilən xəbərdarlıqlardan sonra vurduğuna görə Türkiyənin Rusiyadan üzr istəməli olduğunu deyirlər. Rusiyanın 366-cı motoatıcı alayının təşkilatçılığı ilə Xocalı soyqırımıni yaşamış millətin vəkilləri Suriyada soydaşlarımızı Rusiyanın törətdiyi növbəti soyqırımından qorumağa çalışan Türkiyəni Rusiyanın qarşısına çıxdığı üçün qınayırlar. Bu qədər də nankorluq olarmı?! İlahi, niyə başımıza göydən daş yağdırmırsan?! Görünür, biz hələ bundan betərinə də layiqik!”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar