CASUS EHTİRASLARI - Təhlil

Azərbaycanın media məkanında casus ehtirasları qeyri-adi fantasmaqorik formalarda qızışır. Müstəqil jurnalistlər, vətəndaş fəalları, müxalifət xadimləri casus, agent, məxfi əməkdaş qismində auditoriyaya təqdim edilir.

Publikaya təqdim edilən son süjet “Azadlıq” radiosunun şərhçisi Xədicə İsmayılovanın guya, Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq edən ictimai xadimlərin siyahısını amerikalı “kəşfiyyatçılara” ötürməsi haqqındadır, həmçinin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Milli Təhlükəsizlik Nazirliyinin çox məxfi agenti adlandırılır.

Maraqlıdır ki, ələ alınmış xadimlər siyahısında prezident seçkilərinə aktiv şəkildə qoşulan və seçki prosesinin və onun nəticələrinin imicini ciddi şəkildə pozan şəxslər var. Yəni guya seçkilərin saxtalaşdırılmasına qarşı çıxan şəxslər satqın və agent imiş.

Qeyd edək ki, casus-agent oyunlarına ötən ilin sonunda start verilib. O vaxt Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevi Azərbaycanda hadisələrin inqilabi ssenari ilə inkişafının xadimlərindən, hətta təşkilatçılarından biri kimi təqdim etmək cəhdi olmuşdu.

Ukrayna müxalifət fəalı kimi təqdim edilən Yevgeni adlı şəhs dekabrın 29-da Kiyevdən zəng edir və Əliyevi Freedom House beynəlxalq hüquq müdafiə təşkilatının Azərbaycan vətəndaş cəmiyyətinin gələcək təkamül yolu ilə hakimiyyət dəyişikliyinə hazırlığı ilə bağlı beş illik planla tanış edir və kömək istəyir. Əliyev razılıq cavabı vermir.

Bu plan müəlliflərinin səhvi ondan ibarətdir ki, onlar təxribat obyektini pis tanıyır. Hər şey çox sadədir, Əliyevə heç kim heç vaxt belə təklif etməyib və edə də bilməzdi, bu da diletantların yazdığı ssenarini pozmaq üçün yetərli idi.

Əməliyyat Freedom House-nin insan haqları ilə bağlı illik hesabatının açıqlanması ərəfəsində başlayıb. Gözlənildiyi kimi, hesabatda Azərbaycan xoşagəlməz durumda göründü. Söhbətin audioyazısı yanvarın 23-də nəzarətdə olan KİV-lərin bəziləri tərəfindən yayıldı. Görünür, əməliyyatı hazırlayanlar beynəlxalq qəsd oyununun alınmadığını anladı.

Maraqlıdır ki, yanvarda Turan-ın direktorunu Amerika, fevralda isə Azərbaycan xüsusi xidmət orqanlarının əlbiri kimi təqdim etməyə cəhd ediblər. Növbədə dünyanın digər xüsusi və qeyri-xüsusi xidmət orqanları ilə agentura əlaqələrinin ifşasını da gözləmək olar.

Agentura oyununun ssenariçiləri, rejissorları və icraçıları ilk növbədə Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının satqın mahiyyətini qeyd etmək, onların yerli və beynəlxalq ictimaiyyət qarşısında nüfuzdan salınması məqsədini güdürlər.

Bu əməliyyatın keçirilməsinin əsas xətti rejimin opponentlərinə qarşı ədavətini gizlətməyən prezident İlham Əliyev tərəfindən verilib. Son illər o, bunu daha açıq nümayiş etdirir.

Prezidentin sosial sifariş kimi qiymətləndiriləcək sərt antimüxalifət, antivətəndaş ritorikası 2013-cü ilin iyunun 7-də Yeni Azərbaycan Partiyasının qurultayında səsləndirilib. Əliyev öz opponentlərini siyasi meydandan yığışdırılmalı olan satqın, antimilli ünsür adlandırdı. Onun YAP-ın partiya-təsərrüfat fəalları qarşısında çıxışı müxalifətin ünvanına «o zamankı antimilli satqın hakimiyyyət», «antimilli qüvvələr», «xain, satqın qruplaşmalar» kimi ifadə və qiymətləndirmələrlə bol idi.

«Onların dayaqları xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı donos yazmaqdır, Azərbaycanı ləkələməkdir, beynəlxalq təşkilatlara uydurmalar, iftiralar göndərməkdir, yaymaqdır. Onların davranış qaydaları ermənilərlə birləşib Azərbaycanı ləkələmək və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır. Əlbəttə, belə qruplaşmaların Azərbaycanın siyasi həyatında yeri yoxdur və ola da bilməz. Son 20 ilin tarixi bunu bir daha təsdiq edir ki, Azərbaycanın gələcəyini, müstəqilliyini düşünməyən qüvvəyə Azərbaycanın siyasi səhnəsində yer yoxdur».

Bütün dövlət strukturlarına bu sosial ismarıc 18 iyunda hökumət iclasında davamını tapdı. Orda əsas tənqid hədəfi ayrı-ayrı erməniyönlü, qərəzli, “çirkli” Avropa siyasətçilərinin şəxsində Avroparlament, Avrokomissiya kimi Qərbi Avropa institutları oldu.

Fevralın 5-də regionların sosial-iqtisadi inkişafına həsr edilmiş konfransda dövlət başçısı növbəti dəfə müxalifətə hücum edərək onu “satqınlıqda” ittiham etdi. Yenidən bəyan etdi ki, öz vicdanını əcnəbilərə satanlara Azərbaycan siyasətində yer yoxdur.

Prezidentin opponentlərini təqib etmək üzrə ardıcıl çağırışları və bunun ardınca gələn media əməliyyatları “düşmən elementləri” siyasi məkandan silmək niyyətinin ciddiliyindən xəbər verir. Yaxın perspektivdə Xədicənin məktubları və Yevgeninin zəngləri kimi kompromatlar dalğası davam edəcək və artacaq. Hakimiyyət bu ilin mayında Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetində sədrliyi başlayana kimi maksimal mümkün olanı etməlidir. Bələdiyyə seçkiləri, Avropa Oyunları və parlament seçkiləri kimi sonrakı vacib hadisələr zənciri və bununla bağlı yüksək beynalxalq diqqət vətəndaş cəmiyyətinə təzyiqləri müvəqqəti azaltmağa məcbur edəcək. Yalnız müvəqqəti, çünki vətəndaş hüquqlarının və azadlıqlarının boğulmasına proqramlanmış avtoritar rejim digər davranış normalarını qəbul etmir.

Turan Analitik Xidməti

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar