“Sən də o vaxt Heydər Əliyevə od püskürürdün...” – Cümşüd Nuriyevə cavab

Sabiq deputat Cümşüd Nuriyev Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğluna qarşı bir sıra ittihamlar irəli sürüb. Bu gün musavat.com saytında dərc olunmuş “Eldar Sabiroğlunun “El dar”gedişi” adlı yazısında C.Nuriyev qeyd edir ki, son zamanlar “Yeni Musavat” qəzetində və bir sıra saytlarda “alovlu” sabiq deputat və Müdafiə Nazirliyinin eks mətbuat katibi E. Sabiroğlunun “ifşaedici” aşıqlamalarına geniş yer verilmişdir.

Sitat: “Onun kimdən və nədən yazması ilə heç bir işim yoxdur. Məni narahat edən tanınmış politoloq Q.Hüseynlinin təbirincə desək, “Heç bir elmi rütbəyə, elmi ada malik olmayan Eldar Sabiroğlunun...” alimlərə olan hörməsiz münasibətidir.

E.Sabiroğluna xatırlatmaq istəyirəm ki, Məhəmməd Peyğəmbər (S.A.S) bir hədisdə buyurmuşdur: “Alim öldü, aləm öldü”. Sənin təhqir elədiyin və aşağılamağa çalışdığın Q.Hüseynli elmlər doktoru, professordur.”

Müəllif daha sonra iddia edib ki, E.Sabiroğlunu “danışdıran” keçmiş müdafiə naziri Səfər Əbiyevdir.

“İndi Səni dilləndirən S.Əbiyev Azərbaycan ordusunu etnikləşdirəndə niyə susurdun? Əsgərlərə, Müdafiə Nazirliyində çalışmayan, lakin nazirin adamı olduğu üçün, onun rəhbərliyi altında keçirilən “şapkalı” tenderlərlə alınan geni dəyişdirilmiş ərzaq məhsullarını (toz halında olan kartof, soğan və s.) əsgərlərimizə yedirdəndə niyə “milli” hisslərin oyanmırdı? Nazir olduğu 18 ildə milli ordununun müasir texnika və avadınlıqlarla təzhiz etmək yerinə, olmayan nəvələri üçün cəh-calal yardan “parket” generalları haqqında mətbuatda yazılanları cani-dildən təkzib edəndə, niyə indiki kimi “millətçi” və “ifşaedici” deyildin? Əsl riyakarlıq işdən çıxarılandan sonra “həqiqət carçısı” olanlardır”.

C.Nuriyevin yazısında ən maraqlı məqamlardan biri isə onun E.Sabiroğlunu Prezident Administrasiyasının hüquq-mühafizə orqanlarına nəzarəti həyata keçirməli olan “müvafiq şöbəsi” barədə susmaqda ittiham etməsidir.

“Əgər səmimisənsə Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məsələlərdə Q.Hüseynlini ittiham edirsən. Niyə hüquq-mühafizə orqanlarına nəzarəti həyata keçirməli olan Prezident aparatının müvafiq şöbəsi barədə susursan? Sən YAP-ın hesabına deputat oldun, S.Əbiyevin sözçüsü oldun. İndi ayrı havalara oynayırsan. Dünənə qədər təhqir etdiyin AXC-yə sığınmaq istəyirsən. Sifarişçin də, vasitəçi də bəllidir.”

Eldar Sabiroğlu Cümşüd Nuriyevin bu ittihamlarına “Siyasi elmlər doktoru Cümşüd Nuriyevə atəşin məktub” adlı yazı ilə cavab verib. Həmin yazını təqdim edirik:

“Sabahın xeyir, müəllim! Çoxdan idi ki, yox idin. Darıxmışdıq. Gəlişin mübarək. Səhər-səhər Musavat.com-da şeiriyyat dolu yazını oxudum. İnan ki, kefimə soğan doğramadın, sənin bu istedadına da valeh oldum. Bu qənaətə gəldim ki, sən siyasəti yox, istənilən peşəni seçmiş olsaydın, yenə də parlamış olardın. Məsələn, əvvəldən poeziyaya və ya incəsənətə baş qoşsaydın, indi ən azından Azərbaycanın xalq şairi və ya xalq artisti idin...

Məktubumda səndən fərqli olaraq, adına bəzək-düzək vermədim. Çünki baxdım ki, adını hissələrə böləndə heç yaxşı səslənmir: Cüm-Şüd. Daşındım belə şeydən. Həm də adın burda nə günahı...

Müəllim, görünür, Qabil Hüseynlidən daha çox səni narahat edən Ramiz Mehdiyev haqqında yazdığım siyasi hekayət olub. Politoloqu da qatmısan yazının gözünə ona görə ki, boz izi itirəsən. Axı, sən cəsarətlisən! Çək adını, bəlkə xeyri düşdü sənə. Yoxsa, Q.Hüseynlidən sənə bir fayda gələn deyildir.

Məni qamçılayırsan ki, əvvəl AXC-nin üzvü olmuşam, sonra kecmişəm YAP-a. Burda nə var ki? O zaman Azərbaycanın, demək olar ki, bütün siyasi spektri bu təşkilata üzv idi. Sən də həmin vaxt Ayaz Mütəllibovla, Ağa və Hacı Əbdül ilə oturub-dururdun. Bir qəbahət görmürəm, sənin də yolun elə idi, oradan Heydər Əliyevə od püskürürdün. İndi taktikanı dəyişibsən. Allah xeyrini versin.

Deyirsən ki, məni YAP deputat edib. Soruşuram, bircə mənimi?! Gözünün qarşısında hərlənənlərin böyük əksəriyyətini ictimai mərkəzə bu partiya gətirməyibmi?! Bu atmacan heç yerində deyil. Yəni bununla demək istəyirsən ki, guya mən YAP-ın əleyhinə gedirəm?! Heç elə şey yoxdur, müəllim. Tənqid etdiyim adam YAP demək deyildir. YAP yarananda o, ölkənin qərb zonasında Ayaz Mütəllibovun “Əmək” partiyasına adamlar toplayırdı. Xəbərsiz olmazsan, yoldaş Nuriyev! Mən isə YAP-ı xəyali yox, şüurlu olaraq seçmişəm, çünki orada Heydər Əliyev kimi nəhəng vardı. Bu gün də həmin siyasi təşkilatın sırasında olmaqla fəxr edirəm.

Bir faktı nəzərinə çatdıracağam. Bəlkə bilmirsən, bil. 1992-ci ilin mayın 18-də parlamentə sədr seçkisi zamanı Heydər Əliyevin namizədliyinin bülletenə salınmamasına görə elə həmən ayın 24-də AXC üzvlüyündən istefa verdim. Bunu istəsən, vaxtilə Ali Partiya Məktəbində tələbə olarkən AXC-nin özəyini birgə yaratdığımız Mehman Cavadoğlundan, eləcə də Müsavat partiyasının Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbasovdan öyrənə bilərsən. Arxasını uzatmıram...

Bu elmi adı tez-tez gözə soxursunuz. Sən də, Qabil də. İndi hardan tapaq akademik və ya professor ki, sizinlə alim kimi danışmaq səlahiyyətinə malik olsun. Elmi ad yoxdursa, deməli, ali mutəfəkkirlə türklər demişkən, konuşa bilməzssən... Müəllim, bu, oxşamırmı özündən müştəbehliyə?!

Daha sonra Mudafiə Nazirliyində çalışdığım dövrə irad tutursan. Hərbi fəaliyyətimdən peşman deyiləm, əksinə orduda 7 il xidmətimlə fəxr edirəm. Sənin dediyindən belə çıxır ki, mən Nazirliyin rəhbərliyinin əleyhinə getməliydim, generalları yerdən-yerə vurmalı idim. Bu, mənim təbiətimə uyğun məsələ deyildir. Həm də ordu elə məkandır ki, orada özfəaliyyətlə məşğul olmaq mümkünsüzdür. Xidmət etdiyim illərdə Silahlı Qüvvələrimizin təbliğatı ilə əlaqədar apardığım işdə bu gün də bir qüsur görmürəm.

Və sonda. Yoldaş Nuriyev, iradlarınızdan biri də budur ki, məni Ramiz Mehdiyevə qarşı öyrədən sabiq nazirim Səfər Əbiyevdir. Gedənin arxasınca indi çox danışarlar. O adamın heç bu məsələlərə aidiyyatı yoxdur. Sən bu qədər özünü yorub, mənbələr axtarmaq eşqinə düşdüyünün əvəzinə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı qələmə aldığım hekayətdəki faktlara birlikdə cavab verin. Yoxsa, YAP-ın qədirşünası olmağı gözə soxmaqla iş bitmir”.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar