Hakimlər Qarabağ müharibəsində sağlamlığını itirən şəxsin haqqını "yeyir" - Şikayət

mehkemeAbşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" şəhərciyi (yaşayış kompleksi), ev 1, mənzil 29-da yaşayan Məmmədov Məhərrəm Kərim oğlu "AzPolitika.info"ya şikayət məktubu göndərib. Qarabağ müharibəsi zamanı sağlamlığını itirən Məhərrəm Məmmədovun məktubunu təqdim edirik:

"1992-ci ilin avqustunda Ağdam şəhərindən Milli Ordunun Gədəbəy Rayon Bölməsinə hərbi təyinatlı yük gətirmək üçün işlədiyim Gədəbəy Rayonu 5 saylı Körpü-Tikinti İdarəsinin tapşırığı ilə ezam olunmuşdum. Qayıdarkən yol qəzasına uğramışam. Bununla da Azərbaycan torpaqlarının bütövlüyü uğrunda sağlamlığımı qurban vermişəm. Aldığım xəsarətlə əlaqədar sağlamlığımın 60 %-ni itirdiyimə görə işlədiyim idarə tərəfindən barəmdə "İstehsalatda bədbəxt hadisə aktı" tərtib olunmuşdur. İdarə 1996-cı ilin dekabrına qədər, yəni 3 il 9 ay aktda da göstərilmiş sağlamlığımı ömürlük itirməyimə görə əmək haqqının 60 %-i məbləğində müavinəti mənə ödəmişdir.

1997-ci ilin yanvarından isə həmin idarənin varisi Gəncə Körpü-Tikinti 2 ASC qanunla müəyyən olunmuş və aktla təsdiq olunmuş müavinəti mənə ödəməkdən boyun qaçırır.

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində mənə verilməli olan 60 % kompensasiyanın ödənilməsi barədə iddia qaldırmışdım. Hakim Emin Əliyev qanunsuz olaraq qarşı tərəfin marağı və öz şəxsi mənafeyi xatirinə mənə aid olmayan qanun normasını tətbiq edərək - iddia müddətinin ötməsini əsas tutaraq iddiamı rədd etmişdir.

O "unutmuşdur" ki, həyat və sağlamlığa vurulan zərərlə bağlı Mülki Məcəllənin 384-cü maddəsi və Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə görə iddia müddəti şamil edilmir. Onun qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdim. İşə sədrlik edən və məruzəçi hakim Rəhman Muradov faktiki olaraq Emin Əliyevin səhvini iddianı təmin etməmək hissəsində təkrarlamış, lakin "gözdən pərdə asaraq" qətnaməni ləğv etmişdir.

Necə olur ki, qətnamə də ləğv olunur, ləğv olunan qətnamə əsasında təmin olunmamış iddia da yenidən təmin olunmur?! Həmin qətnamədən Ali Məhkəməyə verdiyim kassasiya şikayəti sədrlik edən və məruzəçi hakim Qəhrəman Allahverdiyev tərəfindən qanunsuz olaraq təmin edilməmişdir. Beləliklə də Gəncə Körpü-Tikinti 2 ASC-nin mənə qarşı iddiamı puça çıxarmaq və vaxt qazanmaq üçün verdiyi istehsalatda bədbəxt hadisə aktının etibarsızlığı barədə iddiası nəticəsində son instansiya olan Ali Məhkəmənin xeyrimə çıxarılan qərarını bu iş üzrə digər hakim Qəhrəman Allahverdiyev nəzərə almamışdır.

Dəfələrlə şikayət formasında müraciət etməyimə baxmayaraq, hüquqlarım pozulmaqda davam etmişdir. Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda sağlamlığımı qurban verməyimə və əlimdə bununla bağlı bütün təsdiqedici sübutlar olmasına baxmayaraq, hakimlər körpü-tikinti idarəsinin diktəsi və tapşırığı ilə barəmdə qanunsuz, qeyri-obyektiv, qərəzli qərarlar çıxararaq, haqqımın təmin olunması əvəzinə onun həyata keçirilməsinə maneə törədirlər.

Sizdən xahiş edirəm ki, bu məsələni KİV-də işıqlandıraraq, haqqımın bərpa olunması istiqamətində mənə köməklik göstərəsiniz".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar