"MTN İŞİ" ƏMLAK KOMİTƏSİNƏ DƏ SIÇRADI?! - Reyestr Xidmətinin rəisi işdən çıxarıldı

İndiki vaxtda Məhəmməd İmanovun vəzifəsindən çıxarılması təsadüfdürmü?

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov vəzifəsindən azad edilib.Lent.az-ın məlumatına görə, xidmət rəisi ilə birlikdə onun müavini də tutduğu postdan azad edilib.

Məlumata görə, rəis vəzifəsindən çıxarılan M.İmanov eyni qurumda daha kiçik vəzifəyə keçirilib. O, xidmətdə sektor müdiri təyin edilib.

M.İmanovun yerinə hələ ki, rəsmi təyinat yoxdur.

İndiki vaxtda Məhəmməd İmanovun vəzifədən çıxarılması maraq doğurur. Belə ki, Eldar Mahmudovun "General banda"sının iş adamlarına qarşı soyğunçuluq fəaliyyətində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinın "xidmətlərindən" də yararlandığına dair iddialar var. Daha dəqiqi, hədəfə götürülən iş adamlarının, məmurların əmlakı barədə məlumatların Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən alındığı bildirilir.

Bu məlumatlar isə Komitənin birbaşa özündə deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində olur. Bu baxımdan Mahmudovun "General banda"sına bu cür məlumatlar verilibsə, bunda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin də iştirakı mütləqdir: birbaşa və ya dolayısıyla...

MTN-dəki bandanın həbsə alındığı və istintaqın aparıldığı bir dövrdə Məhəmməd İmanovun vəzifədən çıxarılması istər-istəməz onun da bu prosesdə iştirakına dair ehtimalları gücləndirir. Mümkündür ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Mahmudovun "General banda"sının iş adamlarının, məmurların əmlakı barədə məlumatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə etdiyini bildirib (və ya həqiqətən belə olub-müəl.).

İlk baxışda bu Məhəmməd İmanovun "qurban verilməsi" kimi görünsə də, Xidmət rəisi MTN generalları ilə əməkdaşlıq etməsini əsaslandıra bilər. Məsələn, deyə bilər ki, MTN generalları məlumatları gizli əməliyyat üçün tələb etdiyindən vermək məcburiyyətində qalıb.

2kerBunu rəhbərliklə məhsələtləşmədən (?-müəl.) etdiyinə görə uzağı onu işdən çıxara bilərlər ki, indiki halda da bu baş verib.

Əlbəttə, bununla biz Məhəmməd İmanovun məhz "MTN işinə" görə işdən çıxarıldığını iddia etmirik. Ancaq hər halda indiki vaxtda Kərəm Həsənovun köhnə dostunu vəzifədən çıxarması bunun "MTN işi" ilə bağlı olma ehtimalını yüksəldir.

Bunu özəl mənbələrdən "AzPolitik.info"ya verilən bəzi bilgilər də təsdiqləyir. Belə ki, bizə verilən məlumata görə, MTN-in "killer" generalı Akif Çovdarov vaxtilə hansısa bir işə görə, Məhəmməd İmanovu "ilişdirərək" külli miqdarda pulunu alıb. Ancaq sonradan onlar arasında müəyyən dostluq münasibətləri yaranıb.

Bununla belə mənbə xaratercə çox ehtiyatlı, sözəbaxan adam olan Məhəmməd İmanovun hansısa məlumatı rəhbərlikdən icazəsiz Akif Çovdarova ötürməsini mümkünsüz sayır. İddia edir ki, MTN

generalları, o cümlədən Akif Çovdarovla əməkdaşlıq etməyi Məhəmməd İmanova məhz Kərəm Həsənovun tapşırdığına dair məlumatlar var. "Kərəm Həsənov Məhəmməd İmanova deyib ki, Akif Çovdarov ağsaqqalımızdı, onunla əməkdaşlıq etməkdən çəkinmə, hər nə məlumat istəsə ver" deyə, mənbə iddia edir.

Qeyd edək ki, hətta M.İmanov istəsəydi belə özbaşına iş görə bilməzdi.  Çünki Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Əsasnaməsi elə yazılıb ki, qurumun idarəçiliyində rəisin rolu çox aşağıdır. Və əsas səlahiyyətləri K.Həsənov öz əlində cəmləşdirib. Diqqət edin, Xidmətin rəisi nəinki özünə müavin təyin etmək, hətta Xidmətin aparatının struktur bölmələrinin və Xidmətin tabeliyində olan yerli qurumların rəhbərlərini də təyin edə bilmək səlahiyyətinə malik deyil. Bu bir yana, hətta Xidmətin tabeliyində olan yerli qurumların rəhbərlərinə müavinlər təyin etməyi də Kərəm Həsənov öz səlahiyyətinə daxil edib.

Belə bir yerdə Məhəmməd İmanovun Kərəm Həsnovdan gizli iş görməsi, razılaşaq ki, mümkün deyil.

Bu məlumatlar Kərəm Həsənovun inanılmış adamlarından biri olan Məhəmməd İmanovu işdən çıxarmasının "MTN işinin" Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə sıçramasının qarşısını almağa hesablandığını düşünməyə əsas verir.

Belə ki, istintaqın gedişində ortaya çıxacaq faktlar, istər-istəməz Məhəmməd İmanovun da istintaqa cəlb olunmasını tələb edə bilər. Onun bu günə qədər tutduğu vəzifə isə diqqətləri Kərəm Həsənovun üzərinə yönəldəcəkdi. Odur ki, Kərəm Həsənovun Məhəmməd İmanovu kiçik bir vəzifəyə keçirməklə, bu problemi ən azı özündən uzaqlaşdırmağa çalışdığını düşünmək olar.

Hər halda indiki vəziyyətdə belə bir qərarın təsadüfən verilmədiyi şübhə doğurmur.

Xatırladaq ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə (DƏDRX) nəzarəti ələ keçirmək və bura öz adamını yerləşdirmək Kərəm Həsənova o qədər də asan başa gəlməyib. Bunun üçün uzun illər hakimiyyətdə ciddi dayaqları olan Arif Qaraşovla mübarizə aparmalı olub. Bu istəyinə o, 2009-cu ildə qismən nail olur.

Ona görə qismən deyirik ki, Arif Qaraşov işdən çıxarılsa, DƏDRX Əmlak Məsələləri üzrə Dövlət Komitəsinın tabeçiliyinə verilsə də, qurumun rəhbərliyinə Kərəm Həsənovun istədiyi adam yerləşdirilmir. Rəis postuna Ziya Məmmədovun kadrı kimi tanınan Damət Bağırov gətirilir.

Ancaq o, bu vəzifədə təxminən il yarım işləyə bilir. 2011-ci ilin noyabrında öz xahişi ilə işdən gedən Damət Bağırovun yerinə, Kərəm Həsənovun yaxın dostu və müavini Rüstəm Şahbazovun tələbə yoldaşı Məhəmməd İmanovu təyin edilir.

0rusteƏlbəttə, bu qərarı yalnız Rüstəm Şahbazova görə vermir. Buna qədər Kərəm Həsənov Reyestr Xidmətinin rəisi vəzifəsinə gətirilən Məhəmməd İmanovu Abşeronda sınaqdan keçirmişdi. Arif Qaraşovu "yıxaraq" Dövlət Reyestr Xidmətinə nəzarəti ələ keçirdikdən sonra, ilk addımlardan biri məhz Bakı Ərazi İdarəsinin və Abşeron Ərazi İdarəsinin rəislərinin dəyişdirilməsi olmuşdu. Bakıda və Abşeronda əmlakın qiymətinin daha yüksək, alqı-satqının digər şəhər və rayonlarla müqayisədə dəfələrlə intensiv olduğunu nəzərə alsaq, bunun səbəbini müəyyən etmək çətin olmaz.

Elə əslən Beyləqan rayonundan olan və əvvəllər Nəqliyyat Nazirliyində şöbə müdiri işləmiş Məhəmməd İmanovu da həmin vaxt Rüstəm Şahbazovun təqdimatı ilə Abşeron Ərazi İdarəsinə rəis təyin etmişdi. Məhəmməd İmanov isə bu etimadı qısa müddətdə doğrultmuşdu. Ona görə də, Kərəm Həsənov heç 2 il keçməmiş onu Dövlət Reyestr Xidmətinin rəisi vəzifəsinə gətirmişdi. Sonrası da məlumdur...

Murad Məmmədov

AzPolitika.info

P.S..Yazıda qeyd olunanlarla bağlı adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar