"Türkiyə Rusiya vətəndaşlarına sanksiya tətbiq etməyəcək" - Baş nazir

Türkiyə baş naziri Əhməd Davudoğlu rəsmi Ankaranın Rusiya vətəndaşlarına münasibətdə məhdudiyyətlər tətbiq etməyəcəyinə dair vəd verib.

APA-nın xəbərinə görə, Ə. Davudoğlu bu barədə NATO baş katibi Yens Stoltenberqlə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

“Rus xalqına mənfi təsir edəcək fəaliyyətimiz olmayacaq. Rus xalqı xalqımız üçün dostdur. Antalya bir çox rus üçün ikinci evə çevrilib. Biz rus turistləri yenə gözləyirik”, - deyə baş nazir əlavə edib.

Ə. Davudoğlu Türkiyənin həmişə sanksiyalara qarşı olduğunu xatırladıb: “Sanksiyalardan əziyyət çəkən Rusiyanın Türkiyəyə münasibətdə sanksiya tətbiq etməsi onun mövqeyi ilə ziddiyyət təşkil edir. İqtisadi münasibətlər hər iki ölkə üçün vacibdir.”

Baş nazir həmçinin Rusiyanı hər iki ölkənin maraqları çərçivəsində fəaliyyət göstərməyə çağırıb: “Biz gələcək münasibətlərimizi müzakirə edəcəyimiz dialoqa hazırıq. Lakin sərhədlərimizi qorumaqla biz borcumuzu yerinə yetirdik”.

Ə. Davudoğlu SU 24 insidenti ilə bağlı Rusiyaya bütün informasiyanı təqdim etməyə və gələcəkdə oxşar insidentlərin qarşısının alınması üçün müzakirələrə hazır olduqlarını da açıqlayıb.

Xatırladaq ki, noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə münasibətdə xüsusi iqtisadi tədbirlərin görülməsi ilə bağlı əmr imzalayıb.

Rusiyaya məxsus SU 24 bombardmançı təyyarə Türkiyənin F 16 təyyarəsi tərəfindən ölkə sərhədlərini pozduğu üçün noyabrın 24-də vurulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar