“KƏMALƏDDİN HEYDƏROVLA BİZİ ÇOX ŞEY BİRLƏŞDİRİR...” – İlham Rəhimov (Müsahibə)

“Azərbaycanda hüquq elmi çox ağır vəziyyətdədir, acınacaqlı durumdadır”

Rusiyada ən məşhur azərbaycanlı iş adamlarından biri, professor İlham Rəhimovla söhbətimiz hələ aylar öncədən baş tutmalı idi. Lakin həmin vaxt AzPolitika.info-da dərc olunmuş bir neçə yazıya görə münasibətlərdə müəyyən gərginlik yarandığından, onunla müsahibə alınmadı. Zamanla kənar şəxslərin yersiz müdaxiləsi nəticəsində yaranmış bu gərginlik aradan qalxdı...

Bu yaxınlarda Bakı Dövlət Universitetində İlham Rəhimovun yeni kitabının təqdimat mərasimi keçirildi və bu tədbirə dəvətlilər arasında AzPolitika.info-nun rəhbəri də var idi...

Qısası, professorun mətbuat xidmətinin rəhbəri Xanoğlan Əhmədovun təşəbbüsü ilə münasibətlərdəki ciddi kökü olmayan gərginlik arxada qaldığından cənab Rəhimovla müsahibə istəyimiz bu dəfə baş tutdu.

Onunla Bakıdakı ofisində görüşüb, dünyanın ən qüdrətli adamlarından biri – Rusiya prezidenti Vladimir Putinlə dostluğundan tutmuş, biznesdə qısa müddətdə əldə etdiyi fantastik uğurların sirri, Kəmaləddin Heydərovla münasibətlərinə kimi, ən müxtəlif məsələlər barədə suallar ünvanladıq.

Cənab Rəhimovla maraqlı müsahibənin 2-ci hissəsini təqdim edirik.

(Əvvəli burda: http://azpolitika.info/?p=17273)

- Seçkidən sonra belə məlumat yayıldı ki, Prezident İlham Əliyevin start verdiyi kadr dəyişiklikləri çərçivəsində İlham Rəhimova da yüksək postlardan biri təklif olunacaq. Bu söz-söhbətlər nə qədər əsaslıdır? Ümumiyyətlə, indiyədək Sizə hər hansı vəzifə təklif olunubmu?

Bizdə məlumat var ki, Prezident İlham Əliyevlə görüşünüz də olub və həmin görüşdə Sizin hakim komandaya qoşulmağınız haqda söhbət də keçib...

- Bu haqda məlumatlı deyiləm. Yəni, hansısa kadr dəyişikliklərinin olaçağından xəbərim yoxdu. Bu prezidentin səlahiyyətində olan məsələdir. Bircə onu deyə bilərəm ki, mənə bu günə qədər hansısa vəzifə ilə bağlı heç bir rəsmi təklif olmayıb.

- Bəs prezidentlə görüş… Bizdə olan məlumata görə belə bir görüş olub və sizə ədliyyə nazirinin müavini vəzifəsi təklif olunub…

- O məsələ ilə bağlı bir-neçə il bundan qabaq fikir olub. Amma mən onda da dövlət işində işləmək istəməmişəm...

 

- Bu gün təklif olarsa, qəbul edərsinizmı? Yəni, dövlət sizin potensialınızdan istifadə etmək istərsə, hansı qərarı verərsiniz?

- İndi bu suallar elə qoyulub ki, başqa mətbuat orqanları yazacaqlar İlham Rəhimova təzə vəzifə verilir, təzə vəzifə təklif olunub, yaxud İlham Rəhimov vəzifəyə getmək istəyir... Bəs deyirdi vəzifəyə getmək istəmir (gülür)...

Ancaq tam səmimi deyirəm, bir azərbaycanlı kimi hardasa, öz vətənimə, dövlətimə kimdənsə daha çox xeyir gətirə bilərəmsə, hesab olunarsa ki, mən orda daha çox lazımam, həmin vəzifəni yerinə yetirməyə hazıram. Əgər bilsəm ki, mən orda doğrudan da lazımam. Təbii ki, xalqıma xeyir verəcəyəmsə, istəyir dövlət işi olsun, istəyir qeyri-dövlət işi, mən ora gedərəm.

- İlham müəllim, yəqin ki, ölkədəki siyasi prosesləri izləyirsiniz. Müxalifətin seçkidən əvvəl yaratdığı, indi də siyasi səhnədə olan Milli Şuraya münasibətiniz necədir?

- Milli Şuranın fəaliyyəti ilə mətbuatdan tanışam. Milli Şuranın yaradılmasını, prinsip etibarilə normal hesab edirəm. Bütün ölkələrdə seçkiqabağı müxalif qüvvələr hansısa bir şəkildə birləşirlər. Demokratik dövlətlərdə bu normal hal kimi qəbul edilir. Ona görə də, Milli Şuranın yaradılmasında və fəaliyyətində qeyri-adi nəsə görmürəm. Nə baş verdi ki?...

- Azərbaycanda iqtidar-müxalifət münasibətlərində daim bir gərginlik var. Nəyin dəyişməsini zəruru hesab edirsiniz?

- Mən çox istərdim ki, iqtidar-müxalifət münasibətləri sivil qaydada qurulsun. Bu, xalqımıza daha çox xeyir verərdi. Xüsusən qlobal xarakterli problemlərimizin həllində. Məsələn, Qarabağ problemi və sair bu kimi məsələlərdə.

- İqtidara, onun apardığı siyasətə münasibətdə İlham Rəhimovu hansı mövqedə hesab etmək olar? Hakimiyyətin apardığı siyasətdə razılaşdığınız və razı qalmadığınız istiqamətlər hansılardır?

- Gərək siyasi fəaliyyətlə məşğul olasan, siyasətin içində olasan ki, bu haqda fikir bildirəsən. Siyasətlə məşğul olmadığın halda hakimiyyətin apardığı siyasətə qiymət vermək bir qədər qeyri-obyektiv olar.

- Hakimiyyətdə yüksək post tutan şəxslər arasında dostluq etdiyiniz insanlar varmı?

-(Gülür) Mənim hakimiyyətdə olanlar içərisində də, müxalifətdə olanlar arasında da dostlarım var. Niyə də olmasın? İqtidarda da, müxalifətdə də elə adamlar var ki, onlara böyük hörmət bəsləyirəm. Mənim 40 il bundan əvvəl çörək kəsdiyim insanlar var, indi müxalifətdədilər deyə onlarla münasibəti kəsməliyəm? Onlarla görüşməməliyəm? Görüşürəm də, xeyir-şərlərində iştirak edirəm. O cümlədən, iqtidarda da xətrini istədiyim insanlar var. Hansılarla ki, uzun müddət bir yerdə işləmişik. Çoxları ilə yaxşı münasibət saxlayırıq. Dostluqda stabil insanam. Çörək kəsdiyim insanlarla əlaqəmi kəsmirəm. Siyasi görüşləri fərqli ola bilər, buna qarışmıram. Ançaq mən dostluğu siyasətdən üştün tuturam. Yəni kiminləsə münasibətimi onun siyasi mövqeyinə görə deyil, yalnız xəyanətə görə pozmuşam...

- Kəmaləddin Heydərovla yaxın dost olduğunuz deyilir. Hətta onunla ortaq biznesinizin olduğu haqda iddialar var. Nə dərəcədə doğrudur?

- Kəmaləddin Heydərovla bəli, dostuq. Bizi nə vəzifə bağlayır, nə də başqa bir maraq. O vəzifədə, mən isə elmlə məşğul oluram, iş adamıyam. Kəmaləddin Heydərov çox bacarıqlı nazirlərdən biridir. Yüksək təşkilatçılıq qabiliyyətinə malik bir insandır. Bu baxımdan Kəmaləddin Heydərova həm fəaliyyətinə görə böyük hörmətim var, həm də bir dost kimi onda çox yaxşı xüsusiyyətlər var. Kəmaləddin Heydərov dostluqda cox möhkəm adamdır. Fikirlərimiz yaxındır. Yəni bizi çox şey birləşdirir. Ançaq ortaq biznesimiz yoxdur. Ən azı ona ona görə ki, dediyim kimi, mən Azərbaycanda, ümumiyyətlə, bizneslə məşğul olmuram.

- “Mobitel” şirkətinin Sizə məxsus olduğu deyilir...

- Onu mənim adımla bağlayırlar, amma düzgün məlumat deyil. Sadəcə olaraq, orda qohumlarım işləyir. Kimə məxsus olması barədə heç bir məlumatım yoxdur.

- Siz həm də Ali Attestasiya Komissiyasında Hüquq məsələləri üzrə Ekspert Şurasının sədrisiniz. Azərbaycan elminin bu günkü vəziyyətini neçə qiymətləndirirsiniz? Sizcə, Azərbaycanda son illər alimlərin sayındakı artımla, elmin inkişafı arasında düz mütənasiblık mövcuddurmu?

- Aydın məsələdir ki, mən yalnız hüquq elmi sahəsindəki vəziyyətlə bağlı danışa bilərəm. Digər sahələrdəki vəziyyətdən tam məlumatım olmadığından, fikir bildirməyim doğru olmazdı. Xüsusən, Hüquq məsələləri üzrə Ekspert Şurasının sədri təyin edildikdən sonra vəziyyətlə daha yaxından tanış oldum. Deyə bilərəm ki, Azərbaycanda hüquq elmi çox ağır vəziyyətdədir, acınacaqlı durumdadır. Bu sahədə təhsil alanlar hüquqla bir elm kimi məşğul olmaq istəmirlər. Bununla belə, bəziləri istəyir ki, haquq sahəsində elmi dərəcə alsın. Ancaq təəssüf ki, yazılan işlərin böyük əksəriyyəti plagiatdır.

Ümumiyyətlə, hazırda elmi 2 faktor məhv edir. Biri plagiatlıq, digəri bəzi alimlərin elmi biznesə çevirməsidir. Bəzən baxırsan, pis elmi iş deyil, ancaq elmi işin müəllifi müdafiə etmək istəyən insan deyil. Yəni onun heç bu işdən xəbəri yoxdur, başqası yazıb. Bu artıq biznesdir. Ona görə də, mən Hüquq məsələləri üzrə Ekspert Şurasının sədri təyin edildiyim qısa müddətdə çoxlu müdafiə olunmuş dissertasiyaları təsdiq etməyib, geri qaytarmışıq. Bəzi işləri ümumiyyətlə, heç müdafiəyə buraxmamışıq. Hələ onu demirəm ki, nə qədərini biz Ekspert Şurasından geri qaytarmışıq. Hansı ki, müəyyən olunub ya plagiatdır, ya da müəllif özü deyil.

- Ümumiyyətlə, bir alim kimi cəmiyyətimizin, dövlətin elmə, elm adamlarına münasibəti necə, sizi qane edirmi? Bu istiqamətdə nələrin dəyişməsini zəruri hesab edirsiniz?

- Bilirsiz, mənim yadıma gəlir ki, biz uşaq olan vaxtlar analar deyirdi balam böyüyüb alim olsun. Çünki o dövrdə alim olmaq çox böyük bir şərəf idi. Ananın öz uşağını alim görmək istəməsi, əslində elmin böyük təbliğatı idi. Alim adı alanlara böyük ehtiram vardı. Məsələn, mən o vaxt Leninqrad şəhərində elmlər namizədi adını alıb qayıdanda, barmaqla göstərirdilər. Çünki alim də çox az idi. Fikir verin, cinayət hüququndan 1987-ci ildə mən doktorluq işini müsafiə etmişəm. Bu sahədə məndən 15 il əvvəl Tofiq Qafarov müdafiə etmişdi. 15 il ərzində Azərbaycanda bu sahə üzrə heç kim müdafiə etməmışdı. Bu da həmin dövrdə elmə çox ciddi yanaşmadan xəbər verirdi. Amma indi belə deyil. Bu da bir tərəfdən elmə həvəsin olmaması, bu istiqamətdə təbliğatın aparılmaması ilə bağlıdır. Xüsusilə, telekanalların bu sahədəki fəaliyyəti çox zərərlidir. Məsələn, bir verliş vardı - rayonlardan istedadları axtarırdılar. Kimi axtarırdılar? Birini göstərirdilər ilan yeyir, biri min dəfə “jim” edir, birini göstərirlər mahnı oxuyur. Bütün kanallarda oxuyurlar və sair. Ancaq bir dəfə mənə rast gəlmədi ki, elmə həvəsi olan istedadlı uşaqları tapıb ortaya çıxarsınlar, onu təbliğ etsinlər. Yoxdur! Yəni, cəmiyyətin elmə münasibəti aşağı səviyyədədir. Bu saat uşaqlarda həvəs yaradılır ki, ya get müğənni ol, ya da biznesmen. Belə təbliğat aparıldığına görə elmə həvəs ölüb. Baxırsan “Space” telekanalında hər gün hansısa müğəninin, artistin ad gününü keçirirlər. Bizdə o qədər tanınmış alim, akademik var. Niyə bir dəfə onlarn ad gününü qeyd etmirlər? Belə təbliğat olan yerdə elmə maraq da qalmır axı...

- İlham müəllim, bir qədər əvvəl ölüm hökmünün bərpasının zəruriliyini bldirmişdiniz. İctimaiyyət tərəfindən birmənalı qarşılanmayan belə bir ideya ilə çıxış etməyiniz nə ilə əlaqədardır? Hesab edirsiniz ki, cəzaları sərtləşdirmklə cinayətlərin sayını azaltmaq mümkündür?

- Maraqlı sualdır. Əvvəla, mən heç yerdə deməmişəm ölüm cəzasının tərəfdarıyam. Humanizm prnsipindən yanaşsaq, əlbəttə, ölüm hökmünün anti-humanist bir qərar olduğunu qəbul edirəm. Ancaq siz mənə cinayətkarlıqla mübarizədə ölüm hökmü qədər effekt verən başqa bir çəza növü tapın, mən sizinlə razılaşım. Əgər biz cinayətkarlıqla mübarizə aparırıqsa, elə çəza növləri tətbiq etməliyik ki, cinayətin qarşısını əvvəlcədən alaq. Yəni, kimsə cəzaya görə cinayəti törətməkdən imtina etsin. Əgər yox, biz bunu istəmiriksə, Avropa tələb edir deyə ölüm çəzasını ləğv ediriksə, onda bizdə ağır cinayətlər də artaçaq.

İkincisi, kim onu sübut edib ki, ölüm cəzasının qalmasının cinayətkarlığın azalmasına təsiri yoxdur. Hec kim. 1997-ci ildən bizdə ölüm cəzası yoxdur. O vaxtdan indiyə qədər hər il cinayətkarlıq artıb. Mən də deyə bilərəm ki, nəticə budur. Digər tərəfdən, biz deyirik cinayətkara qarşı humanist olmaq lazımdır. Olaq, etiraz eləmirəm. Bəs zərərçəkmişə qarşı humanistliyi necə edək? Məsələn, hesab edək ki, bir qadının həyat yoldaşını öldürürlər, 2 uşaqla ailə başısız qalır. Cinayətkar gedir həbsxanaya, hamı onun şəraitinin qayğısına qalır. Yerinə, yeməyinə nəzarət edilir ki, yaxşı olsun. Ançaq ailə başçısını itirib, 2 uşaqla qalan o qadınla heç kim maraqlanmır. Hansı dövlət və qeyri-dövlət təşkilatı maraqlanır? Biz cinayətkara qarşı humanist davranırıqsa, onda gəlin bir qurum yaradaq, o da zərərçəkmişlərə kömək etsin. Biz isə zərərçəkmişi yaddan çıxarırıq. Bilmirik bu uşaqlara kim baxır. Niyə dövlət bir fond yaratmır? Niyə bir dövlət qurumu zərərçəkmişlərin ailələri ilə maraqlanmır? Bu necə humanizmdir?

Üçüncüsü, kim sübut edib ki, ömürlük həbs cəzası ölüm çəzasından daha humanistdir? Bunu hər bir insan fərdi qaydada özü müəyyən edir. Şəxsən mənim üçün ömürlük həbs çəzası daha ağırdır. Maraqlansanız, görərsiz ki, ömürlük həbs cəzasına məhkum edilənlərin neçəsi intihar edib. Ona görə də, mən təklif etmişəm ki, Cinayət Məcəlləsində hər iki çəza növü qalsın. Qoy cinayətkar özü seçsin. Özü seçə bilmədikdə, onda hakim qərar çıxarsın. Ançaq hər ikisi qalsın.

- İntihardan söz dşmüşkən, son aylar ölkədə intiharların sayı sürətlə artır. Bir hüquqşünas və ziyalı kimi bunun səbəbini nədə görürsünüz?

- Həqiqətən bu hallar artıb. Bu gün də səhər mətbuatdan oxudum ki, 2 intihar hadisəsi baş verib- biri Qaxda, biri Qubada. Bilirsiniz, insanın özü-özünü həyatdan məhrum etməsinə latınça “suicidi” deyirlər. Ümümiyyətlə, dünyanın elə bir yeri yoxdur ki, intihar hadisəsinə rast gəlməyəsən. Əhalinin hər 100 min nəfərə nisbətdə intihar edənlərin sayına görə, dünyada birinci yeri Macarıstan tutur. İkinçi yeri Estoniya tutur - hansı ki, hamı sakit ölkə kimi tanıyır. Üçünçü yerdəsə Rusiya gəlir. Rusiyada hər il 60 min intihar hadisəsi baş verir. Bizdə bununla bağlı rəsmi statistikaya rast gəlməmişəm. Ancaq qəzetlərdə oxudum ki, ötən il 922 nəfər intihar edib. İntiharlar barədə danışarkən ilk növbədə insanın özünü öldürməsinin səbəblərini araşdırmaq lazımdır. Kimsə özünü yandırırsa, bu intihar da ola bilər, özünə diqqəti cəlb etmək vasitəsi də, etiraz forması da. Kimsə həyatdan bezib, yaşamağın mənasını görməyb özünü öldürürsə, bu intihardı. Bir də var ki, kimsə hansısa dövlət məmurunun, orqanının diqqətini cəlb etmək üçün özünü yandırır. Bu intihar sayılmır. Bu affekt vəziyyətində özünü reklam etmək hesab edilir. Bir də var, başqa biri tərəfindən digərinin özünü öldürmə həddinə çatdırma. Yəni hansısa bir subyekt başqasını özünü öldürmək həddinə çatdırır. Bu da intihar deyil, artıq cinayətdir.

Bizdə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tövsif olunub. Yəni özünü öldürənlərin hamısı haqda “intihar etdi” demək olmaz. Əvvəlcə insanın özünü öldürməsinin səbəbini bilmək lazımdır. İntihar başqadır, özünü, problemini cəmiyyətə nümayiş etdirmək üçün ölümə əl atmaq başqa. Ona görə də, bizdə intihar kimi təqdim olunan hallarla bağlı danışarkən birmənalı fikir bildirmək düzgün olmaz.

- Bəzən insanlar maddi sıxıntılardan intihara əl atır. Bilirik ki, Siz həm də müəyyən xeyriyyəçilik fəaliyyətilə məşğulsunuz. Bu istiqamətdə bir fond və ya təşkilat yaratmaqla belə insanlara kömək etməyiniz mümkündürmü?

- Bunu həm nəzəri, həm də praktiki cəhətdən həyata keçirmək mümkün deyil. Niyə? Nəzəri cəhətdən ona görə ki, intihar elə bir haldır ki, kimsə bunu əvvəlcədən bildirmir. Kimsə deyirsə ki, mən özümü yandıracam, o, diqqəti özünə cəlb etmək istəyir. İntihar etmək istəyən insan bunu həmişə gizlədir. Bir də səhər durub görürlər ki, filankəs özünü asıb. Onu biz neçə bilərik?

İkincisi, siz deyən kimi bir qurum yaradılarsa, bilirsiz nə qədər sui-istifadə halları olacaq?!

Ücünçüsü də, intiharlar bir sıra hallarda maddi durumla bağlı olmur. Çox səbəbləri var. Məsələn, sevgi məsələləri. Hansısa oğlan bir qızı sevir, onu da başqasına verirlər. Heç kimə demir, gedir intihar edir. Yaşamağın mənasını görmür. Düzdür, ən çox intiharın səbəbi kimi maddi sıxıntılar, çətinliklər çıxış edir. Ancaq bunu da fərdi qaydada, xeyriyyəçiliklə həll etmək mümkün deyil. Dövlət bu sahədə böyük sosial proqramlar hazırlamalıdır. Ancaq bunun da problemi həll edəcəyini söyləmək mümkün deyil. Çünki intihar insan mənəviyyatı ilə bağlı olan bir problemdir. Hüquqi problem deyil.

- İlham müəllim, vaxtınızı neçə keçirirsiniz? Şəxsi həyatınızda nə yenilik var?

- Mən səhərimi idmanla açıram. Harda oluramsa olum - Bakıda, Moskvada, Avropada – qaldığım yerdə səhərimi idmanla başlayıram. Ona görə də, xaricdə qalacağım otelin əvvəlcə idman kompleksi ilə maraqlanıram. Bakıda, ya Moskvadayamsa müəyyən vaxt elmlə məşğul oluram. Sonra təbii ki, ayrı işlərimlə, görüşlərim olur, dostlarımla görüşürəm. Xüsusən Moskvada olanda tələbə yoldaşlarımla tez-tez görüşürəm. Həm Bakıda, həm də Moskvada nəvələrim var, onarı tez-tez görürəm. Belə, boş vaxtım demək olar ki, olmur.

- Müsahibə üçün təşəkkür edirik.

- Mən də təşəkkür edirəm. Sağ olun.

İsmayıl İSMAYILBƏYLİ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar