Müəllim təkbaşına bir dövlət olmalıdır

F.ü.f.d. dos. Şəmil Sadiq

-----------------------------

Müəllim yoldaşlarımızla həftədə bir dəfə futbol oynayırıq. Həmişə oynadığımız yerdə problemlər olduğu üçün meydançanı dəyişməli olduq. Bunun üçün də mərkəzdə yerləşən məktəblərdən birinin direktoruna bizə həftədə bir dəfə bir saat idman zalında futbol oynamağımız üçün yer ayırmağını xahiş etdim. Yəqin ki, əksərtiyyətimizin son illər təmir olunan, yeni tikilən məktəblərdən xəbəri var. O qədər yüksək zövqlə və böyük sərmayə hesabına təmir edilib ki, bu təhsil ocaqları adamı valeh edir. Amma bu valehedicilik çox az sürür. Məktəbin açılışından bir neçə ay sonra bu cür məktəblərə girsəniz, başqa mənzərənin şahidi olarsınız. Bəlkə də, əksəriyyətiniz bir valideyn olaraq bunun şahidisiniz.

Bu məşhur məktəbin idman zalını və soyunub-geyinmə otaqlarını görəndə dəhşətə gəldim. Gözümüzün qabağında cəmi bir il deyil ki, istifadəyə verilən bu məktəbin soyunub-geyinmə otaqlarının ürəkağrıdıcı durumu adamı düşünməyə vadar edir. Necə olur ki, bir ili tamam olmamış bu möhtəşəm binada sadəcə şkaflardan və duşdan ibarət olan otaqlar bu vəziyyətə düşür? Şkafların heç birinin qapısı yox, içəridəki asılqanların hamısı qırılmış, duşların biri işləyir, bir yox. İşləyənin də kanalizasiyası yaxşı işləmir. Otağın qapısı, ümumiyyətlə, bağlanmır, divarlarda istənilən yazını görə bilərsən. Mənim üçün çox maraqlı olan qızların da soyunub-geyinmə otaqlarının eyni vəziyyətdə olması idi. Deyə bilərsiniz ki, ora yoxlamaya getmişdiniz? Yox, qətiyyən elə bir səlahiyyət sahibi deyilik. Sadəcə gecə saatları olduğu üçün nəzarətçi bir qismimizə ordan istifadə etməyi məsləhət gördü. İlahi, qızlara-zəriflərə, incələrə, gözəllərə məxsus bir otağın bu cür olması nə qədər də təzadlı idi.

Bu hal biz məktəbdə oxuyanda da belə idi. Yadıma gəlir ki, bizim məktəbin də tualetləri və idman otaqları bərbad vəziyyətdə idi. Amma onu da yaxşı müqayisə edə bilirəm ki, biz məktəbimizin nə vaxt tikildiyini bilmirdik, amma bu məktəb cəmi bir ildir ki, təmir edilib. Təmirin nə qədər keyfiyyətli aparılıb-aparılmaması başqa söhbətdir. Çünki yerdəki mərmərlərin düzülüşünə də baxanda adama elə gəlir ki, tövləyə düzülüb bu bahalı daşlar.

Dövlət etdiyini edib, gəlin bunu etiraf edək, amma onun etdiyini bizim qohum-əqrabamız olan soydaşlarımız həyata keçirib. Bu bir vicdan məsələsidir. Yüksək çinli məmurlar gəlib hər dəfə tualetlərə də mi baxmalıdır? Axı biz həm də bu dövlətin vətəndaşı kimi hər şeydən nə vaxt özümüzü sorumlu hesab edəcəyik?

Bizim həbsxanalarda belə, dövlət malını yeyib içəri düşənlər rəğbətlə qarşılanırdı bir vaxtlar. Düzdür, bu Sovet hökumətindən qalma bir ənənədir. Hətta mən də haqq qazandırıram ki, biz o dövləti heç vaxt öz dövlətimiz hesab etməmiş, hər kəs imkanı daxilində dövlətdən qoparmağa çalışmışdı. İqtisadçıların da dediyinə görə SSRİ-nin yıxılmasının əsas səbəblərindən biri də israfçılıq və yeyintilər oldu. Biri üzümün üstünə su tökürdü, biri pambığı nəm edirdi ki, çəki çox olsun, biri südə su qatırdı və s. Bunun özü belə çox acı hadisə idi, amma SSRİ-dən qisas alırdıq deyə keçmək olardı. Bu ənənənin bu gün də davam etməsi, dövlət malına düşmən malı kimi baxmağımız ən böyük bədbəxtliyimizidir. Axı hamı yaxşı bilir ki, dövlətin pulu dolayısı yolla öz pulumuzudr.

Belə olan təqdirdə bizim vətəndaş təəssübkeşliyimizin olmaması adamı yaman incidir. Necə olur ki, özəl təhsil müəssisələrində bunun şahidi olmuruq, amma dövlət müəssisələrində isə əksinə?! Demək ki, hələ də dövlətin malına laqeyd yanaşan icraçılar və topluma sahibik. Dövlətin malını düşmən malı bilib məhv edirik. Və bu cür hadisələr məktəbdən başlandığı üçün sonrakı mərhələlərdə davam edir. Burda yanlış məktəb rəhbərliyinin, müəllimlərin, şagirdlərin və valideynlərin üzərinə düşür. Müəllimlərin ən çox istifadə etdiyi bir deyim hələ də qüvvədədir: “ …evinizdə beləmi edirsiniz?!”. Bəli, heç birimiz evimizdə atamızın malına göstərdiyimiz münasibəti dövlətin malına göstərmirik. Özümüzə əlimizlə arxadan zərbə vururuq.

Əgər uşaqların şuluq olduğunu, idarə edilməz olduğunu deyən müəllimlər olacaqsa, bir də xatırladım ki, özəl təhsil müəssisələrində heç vaxt belə olmur. Uşaqlar da həmin uşaqlardır. Bu fikir birbaşa müəllimləri günahlandıra bilər, statuslarında müəllimləri qınayan şəxslər də bilməlidir ki, müəllimin əlində hansısa bir cəza vasitəsi yoxdur. Sadəcə maarifləndirmə ilə həll olunan məsələdir ki, burda valideyn təhsildən uzaq qala bilməz. Valideyn dövlət sevgisi hissini övladına aşılamalıdır. Bunun bir səbəbi də məmur və dövlət anlayışlarının qarışdırılmasıdır. Hansısa məktəb direktoruna görə dövlətinə belə nifrət etməkdən çəkinməyən toplumun faciəsi daha böyükdür. Gəlin dövlətimizi sevək, bir məmura qarşı olan hirsimizi kütlə psixologiyası ilə dövlətimizə yönləndirməyək. Hər birimiz təkbaşına Azərbaycan, təkbaşına dövlət olmaq hissimizi formalaşdıraq ki, yetişən nəsil sabahlarımızı qaranlıq etməsin.

P.S. Müəllimin bütün dərdi milləti olduğuna görə o, təkbaşına bir millət, təkbaşına bir dövlətdir. (Napoleon Bonapart)

(Senet.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar