BİR CƏNUB ŞƏHƏRİNDƏ... “Agent 007” oyunu

Xəzərin sahilində yerləşən və son illər öz inkişafı ilə dünyanın ABŞ, Çin, Yaponiya, Almaniya, Sinqapur kimi inkişaf etmiş ölkələrinə meydan oxuyan cənub şəhəri. Adı tarixi olsa da tarixilikdən əsər-əlamətin qalmadığı qədim İçərişəhər. Nədənsə xarici ölkələrin xəfiyyələri buradakı dolanbac küçələrdə öz agentləri ilə görüşüb informasiya mübadiləsi etməyi xoşlayırlar.

Budur, bu da “Art Qarden”. MKİ-nin nişan verdiyi restoran. Onlar üç nəfər idilər. İçəri keçib yarıqaranlıq salonda pəncərəyə yaxın bir masa arxasında əyləşdilər. Buradan küçə və qapı ovuciçi kimi apaydın görünürdü. Şam işığında qırmızı “Sevgilim” şərabının cilvələndiyi qədəhdən bir qurtum alıb söhbətə başladılar. Sifariş verdikləri pip dolmasının içində Azərbaycanda “innabı inqilabın” ssenarisinin “mikrolenti” yerləşdirilmişdi. Üzümün gilələrinində “Maqnum”un güllələri, buğlanan təndir çörəyinin içində isə “Yer - hava” raketi gizlədilmişdi. Hər şey xudmani idi.

Ancaq qonaqların ağlına belə gəlmirdi ki, onları çoxdan deşifrə ediblər. Hələ uzaq Amerikada, Nyu Yorkun 5-ci Xrebtovı küçəsindəki hamamın yanındakı konspirativ ofisdən çıxandan iki “Qafqaz görünüşlü” gənc onları təqib edirdi. Onların ötürdükləri informasiya təsdiqini tapmışdı.

Budur, artıq üç gün sonra diplomatik immuniteti olan iki “yanki” ölkədəki rezidentləri “Mata Xari” ilə restoranda görüşüb hamının eşidə biləcəyi hündür səslə məxfi informasiya alveri edirdilər. Ağıllarına belə gəlmirdi ki, qonşu masada oturmuş qara, gur saçlarını arxadan ilgəklə toplamış, boz “dişortunun” üstündə gitara rəsmi olan, gözlərini sümük sağanaqlı tünd eynəyin arxasında gizlətmiş sısqa oğlan bayaqdandı onları izləyir. Onun arıq bədəni elektronikanın ən son nailiyyətləri ilə sarılmışdı. Əlindəki çəngəli hər qarşısındakı nimçəyə vurduqca səslər şifrə kimi lazımi yerə uçurdu: - Elik! Elik! Mən Coniyəm! Mən Coniyəm! Qəbul! Qəbul! Əməliyyat uğurla davam edir! Həriflər tora düşüblər! Şefə məruzə edin!

***

Bu millət hara gedir?

Yaxud bu milləti hara sürürlər belə?

Sükan kimlərin əlindədir?

Şərəfsizlərimiz vardı.

Riyakarlarımız lap xirtdəyə qədərdi.

Əqidə sarıdan qısır olanlar günün brendinə çevriliblər.

Azərbaycanda gənc qırğılar nəsli peyda olub.

Qəribədir! Elə bil fizioloji klonlaşma baş verir. Həyatı başdan-ayağa şərəfsizlik müntəxabatı olan qoca və boz kardinalların yerini mənəvi xələfləri tutmaqdadır.

Yaş etibarilə bu gənc, pırıl-pırıl istiqbalı olan adamlar, görəsən nədən bu ölkəyə qan uddurmuş və elə indi də şakərindən əl çəkməyən bir ovuc bədəsilin mənəvi varisliyindən uzağa gedə bilməyiblər?

***

Dünən oxudum ki, Sabirabaddan deputat təyin olunmuş Ceyhun Osmanlı isimli bir gənc lider İçərişəhərin itazan dalanlarında ingilis sələfi Pirs Brosnansayağı “Agent 007”-lik yapıb.

Deməli, hadisə vaqe olub adı gedən məkandakı “Art Qarden” restoranında. Araşdırmaçı jurnalist Xədicə İsmayılova amerikalı qonaqları ilə burada naharmı-şammı edib şirin-şirin söhbətləşərkən həmin bu qaqaş da telefonunun “qulaqlarını” şəklədib bunların söhbətini yazıb.

Lap “Bizim Cəbiş müəllim”dəki personajın söylədiyi kimi, “Uşaqda fərasətə bax ha!” Doğrudan da, bu zehniyyət, bu tərbiyə adamı mat qoymaya bilmir. Hansı səviyyəyə gəlib yuvarlanmalısan ki, qonşu masada oturub “dərdləşənlərin” söhbətini yazasan. Bəlkə də bu səviyyə söhbəti yersizdir. Zira, hər kəsin əməli onun mənəviyyatının güzgüsüdür, deyiblər.

Görəsən, o kreativ gənclik dedikləri, innovativ metodlar adlandırdıqları budurmu?!

Budursa, vay halına, Azərbaycan! Yüz il bundan sonra da əşirət zehniyyətli kardinalların yeri boş qalmayacaq.

Ancaq yaddaşların hələ üstünü toz basmağa macal tapmamış rəflərində eşələnərkən ən yaxın tariximizdə bu məsələnin ekiz tayı olan neçə süjet yada düşür.

Hamısının siyasi texnoloqu eyni adamdır.

Hər birinin sifarişi eyni “tezlikdən” gəlir.

Personajlar fərqli olsalar da, hər biri eyni, ortaq mənəvi genlərin daşıyıcılarıdırlar.

Fikir verin; Əvəz Zeynallı ilə haqq-hesab çəkilirkən bir qadın deputat salındı dövrəyə. Şər qalib gəldi. Amma sirkə o qədər tünd oldu ki, axırda vurub öz qabını qırdı.

İndi də bir zənən xeylağı jurnalisti izləmək üçün əməliyyatçı qəhətə çıxıb deyə, qırğıları veriblər qabağa. Sən demə, məlum dairələrə bağlı olan deputatlar “əlahəzrətin yavəri” kimi bəzi “intim” tapşırıqları da yerinə yetirməyə vəzifəlidirlər.

Gedib seçicilərinin halına yansaydılar, barı!

Həm də deputat olan Ceyhun bəy bilmirmi ki, başqasının söhbətini pusmaq, hələ bunu audioyazıya almaq cinayət qanunu ilə təqib olunan suçdur?! Bu oğlan “öndər”i olduğu, həftə səkkiz mən doqquz ölkəiçi və ölkədışı səyahətlərə apardığı gənclərə hansı nümunəni təbliğ edir?

Vallah, qapı kilidindən pusan adamın el arasında bircə adı var - yengə.

P.S. Hüquq ekspertimiz Erkyül Puaro müəllim dedi ki, deputatın bu hərəkəti AR-ın qanunlarına və tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə zidd olduğu səbəbindən, qarşı tərəf ayağını bir azca bərk bassa, bu işdən “yanıq iyi” gələ bilər.

Maqsud Səmədzadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar