MÜƏMMALARLA DOLU “AKADEMİK CİNAYƏT” – 17 ilin açılmayan SİRRİ!

Ziya Bünyadovun qətlini kim SİFARİŞ etmişdi?

Bu gün Azərbaycanın görkəmli şərqşünas və tarixçisi, Sovet İttifaqı Qəhrəmanı, elm və ictimai-siyasi xadimi, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Ziya Bünyadovu anım günüdür.

1923-cü il, dekabrın 21-də Astara şəhərində anadan olan Ziya Bünyadov Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqətləri bugünkü nəsillərə, dünyaya çatdırmaq baxımından misilsiz xidmətlər göstərib. Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsil alıb. II dünya müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci il, fevralın 27-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Müharibənin od-alovundan keçən Z.Bünyadov 1997-ci ilin məhz bu günündə - fevralın 21-də öz doğma vətənində evinin önündə qətlə yetirilib. Üzərindən 17 il keçməsinə baxmayaraq, hələ də bu sual aktual olaraq qalır: akademik niyə və kim(lər) tərəfindən öldürüldü?

Bu suala indi cavab vermək mümkün deyil. Lakin ehtimallar hər zaman var...

Qeyd etdiyimiz kimi, Ziya Bünyadov evinin qarşısında xüsusi amansızlıqla qətlə yetirilib. Bu qətl həmin vaxt həm ölkədə, həm də beynəlxalq aləmdə böyük səs-küyə səbəb oldu. İctimaiyyəti akademiki öldürənlərdən daha çox, qətli kim(lər)in sifariş etdiyi maraqlandırırdı. Ancaq istintaq cəmiyyəti maraqlandıran bu suala inandırıcı cavab tapmadı - məsuliyyəti rəsmən «Ceyşullah» dini təşkilatının üzərinə qoysa da, bu versiyaya indiyədək heç kim inanmayıb. Bu illər ərzində möhkəmlənmiş rəyə görə, akademikin qətlinin sifarişçiləri ölkənin daxilindədir və ola bilsin ki, hətta yüksək vəzifələrdə təmsil olunurlar...

Qətlin təşkilatçıları qaçıb, icraçısı öldürülüb

Ümumiyyətlə, heç bir şübhə yoxdur ki, Ziya Bünyadovun qətl işi nə vaxtsa yenidən araşdırılacaq və bütün şübhəli, qaranlıq məqamlara aydınlıq gətiriləcək. Çünki ortada cavabını gözləyən onlarla suallar qalır.

Misal üçün, qətlin təşkilatçıları sayılan Tariyel Ramazanov və Cavanşir Aslanov 2000-ci ildə istintaq tərəfindən müəmmalı şəkildə azadlığa buraxılıb və onlar ölkədən qaçıblar.

Qətlin icraçısı sayılan, yəni akademikə atəş açan şəxs - DİN-in keçmiş zabiti Qabil Babayev isə ölkədən çıxmaq istəyərkən sərhəddə öldürülüb. Bu dəhşətli cinayətlə bağlı Abşeron rayonunun sabiq icra başçısı Adil Nağıyevin oğlu Nizami Nağıyev və bir neçə Lənkəran sakini ittiham olunub və onların bəzilərinə ömürlük, bəzilərinə isə 10-15 il həbs cəzası verilib. İstintaqın versiyasına görə, bu şəxslər İranda təlim görüblər və «Ceyşullah»ın sifarişilə Ziya Bünyadovu qətlə yetiriblər.

İstintaqın bu iddiası heç bir real dəlil-sübuta söykənmir, yalnız fərziyyələr əsasında irəli sürülüb.

MTN niyə akademikin qətl işini yenidən araşdırmaq istəyib?

Bəzi məlumatlara görə, MTN rəhbərliyində baş verən dəyişiklikdən sonra Ziya Bünyadovun qətl işinin yenidən araşdırılması cəhdi olub. İddia belədir ki, MTN başçısı Eldar Mahmudov belə bir təşəbbüslə çıxış edib. Hətta ANS telekanalında Ziya Bünyadova həsr olunmuş verilişə baxandan sonra onun bir neçə mötəbər şəxsin yanında «bu cinayətin ört-basdır edilməsində iki generalın xüsusi rolu olub» dediyi də bildirilir.

Eldar Mahmudovun belə bir cəhd göstərib-göstərmədiyini söyləyə bilməsək də, onun «Qara kəmər» əməliyatı nəticəsində həbs olunan sifarişli qətllərin icraçısı Hacı Məmmədovun dindirilməsindən sonra bu qənaətə gəldiyini ehtimal etmək olar. Niyə?

Cinayətinin istintaqını aparanlar qanlı killer Hacı Məmmədovla bağlı olublar

Məsələ ondadır ki, indiyədək bu qətllə bağlı həqiqətlərin gizlədilməsində, istintaqın tamam başqa istiqamətdə aparılmasında bir neçə vəzifəli şəxsin adı hallanıb. Və onlar bu və ya digər şəkildə qanlı killer Hacı Məmmədovla bağlı olublar.

Diqqət edək: Ziya Bünyadov cinayətinin ört-basdır edilməsində həmin vaxt istintaq qrupuna rəhbərlik edən mərhum kriminalist Rövşən Əliyevin rolu xüsusi qeyd edilməlidir. Əldə olunan məlumatların təhlili göstərir ki, Rövşən Əliyevin rəhbərlik etdiyi istintaq qrupu qətlin əsl sifarişçilərinin tapılması məqsədini ilk gündən bir kənara tullayıb, bu cinayəti kimlərinsə üzərinə «yükləmək» istiqamətində çalışıb. Misal üçün, istintaqın versiyasına görə, DİN-in 7-ci idarəsinin əməkdaşı Ziya Bünyadova tapançadan atəş açandan sonra Nizami Nağıyev ona bıçaqla zərbə endirib...

Təkcə bu fakt onu göstərir ki, istintaqın rəsmi versiyası heç bir ciddi sübutlara söykənmir. Düzdür, Ziya Bünyadovun qətlinin təşkilatçılarının həqiqətən də Tariel Ramazanov və Cavanşir Aslanov olduqları, sifarişi isə Qabil Babayevin icra etdiyi ciddi şübhə doğurmur. Qətldə əsas rolu oynayan bu adamların heç birinin ortada olmaması isə müəmmalıdır. Sanki, kimlərsə izi itirmək üçün onları aradan qaldırıb.

Akademikin qətlilə bağlı həbs olunanlara gəldikdə isə, onların nə qədər günahkar olduğunu söyləmək çətindir. Ancaq məlumatların təhlili, yaxınlarının söylədikləri tutulanların bu işlə bağlı olmasına şübhə etməyə əsas verir. Görünür, onların «cinayəti» odur ki, qətlin həqiqi təşkilatçıları ilə tanışlıqları olub və bir neçə dəfə Tariel Ramazanovla Cavanşir Aslanovun «Malakan» bağının yaxınlığında yerləşən ofisində görünüblər. Azərbaycanda bəzən hansısa cinayətkarla tanış, qohum olmağın belə «böyük cinayətə» çevrildiyinə dair onlarla misal çəkmək olar. Bu prinsipin Ziya Bünyadovun qətl işinin istintaqında da «yeridiyi» və günahsız insanların ömürlük həbsə atılmasına kifayət etdiyi istisna deyil.

«...mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur»

Ən əsası isə odur ki, qətlin sifarişçilərinin məqsədi ortaya qoyulmayıb.Yəni istintaq cinayətin motivi ilə bağlı inandırıçı mülahizə ortaya qoya bilməyib. Məsələ ondadır ki, istintaqın və məhkəmənin rəsmiləşmiş versiyasına görə, Ziya Bünyadovun qətlini «Ceyşullah» sifariş verib. Ancaq «Ceyşullah»ın bunu niyə etdiyi ilə bağlı

gətirilən arqumentlər tutarlı deyil. Əslində burda məntiq də görünmür. Hamıya məlumdur ki, Ziya Bünyadov professor Vasim Məmmədəliyevlə birgə müqəddəs Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. Akademik həm də dindar bir nəsildən olub. Ziya Bünyadovun özü haqqında dediklərindən: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsil adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki, mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm... Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır - Büned". Belə bir adamı dini təşkilat olan «Ceyşullah» hansı səbəbdən öldürməli idi?!

Və yaxud DİN 7-ci idarəsinin əməkdaşı olan Qabil Babayevin guya Bünyadovun dərc etdirdiyi bir əsərdən - Moisey Kalankaytuklunun “Alban tarixi”ndən qəzəbləndiyi barədə istintaqın iddiası nə qədər ciddidir?

Bu sualların açıq qalması da qətlin arxasında başqa məqamların dayandığına dair şübhələri artırır. Həm də yalnız bunlar yox.

«Ziya Bünyadovun qətlini boynuma götürüb ifadəni yazdım»

2010-cu ildə mətbuata müraciət edən Bakı şəhər sakini Gülməməd İbadov bildirirdi ki, 1997-ci ildə günahsız yerə həbs

olunaraq Nizami Rayon Polis İdarəsi 24-cü polis bölməsinə aparılıb. 13 gün davam edən dəhşətli işgəncələrdən sonra G.İbadovun üzərindən silah və narkotik maddə aşkarlanmasını protokollaşdırmaqla, onu Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) köçürüblər. 42 gün BŞBPİ-nin zirzəmisində işgəncəyə məruz qalan G.İbadovdan akademik Ziya Bünyadovun qətlini üstünə götürməsini tələb ediblər. «55 gün ərzində mənə o qədər işgəncə vermişdilər ki, artıq bədənimə vurulan "dubinka", təpik, yumruq zərbələrini hiss etmirdim. Ziya Bünyadovun qətlini boynuma götürüb ifadəni yazdım. İfadəni oxuyub götürdülər və sonradan bildim ki, cırıb atıblar. Qanunsuz silah və narkotik maddə gəzdirmə ittihamı ilə məhkəməyə göndərdilər».

Bu fakt göstərir ki, hüquq mühafizə orqanları həmin vaxt Ziya Bünyadovun əsl qatillərini axtarmaq əvəzinə, bu işi kiminsə üzərinə yıxmaq istiqamətində fəaliyyət göstəriblər. Və sonda mərhum kriminalist Rövşən Əliyevin təxəyyülü onların köməyinə gəlib.

«Ceyşullah» məsələsini Rövşən Əliyev ortaya atıb

Məlumatlara görə, «Ceyşullah» məsələsini o vaxt istintaq qrupunun rəhbəri, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilən Rövşən Əliyev ortaya atıb. O bildirib ki, ancaq bu yolla işi açmış kimi göstərmək mümkündür. «Sifarişçi» əlçatmaz yerdə olarsa, istintaq istədiyi ssenarini rəsmiləşdirə bilər. Bunu istintaq qrupunun

vicdanını tam itirməmiş bir üzvü hazırda həbsdə olanların yaxınlarına etiraf edib. Daha sonra başqa mənbələr də bunu təsdiqləyib.

Ümumiyyətlə, akademikin qətli ilə bağlı həqiqətlərin gizlədilməsində, istintaqın tamam başqa istiqamətdə («Ceyşullah» istiqamətində) aparılmasında Rövşən Əliyevin böyük rolu olub. Deyilənlərə inansaq, istintaqın düzüb-qoşduğu, məhkəmənin isə təsdiqlədiyi ssenari məhz Rövşən Əliyevin təxəyyülünün məhsuludur. «Ceyşullah» məsələsini o ortaya atıb.

Lakin bunun üçün əsl qatilləri də aradan çıxarmaq lazım idi ki, bunu da etdilər. İkisini ölkədən qaçırıb, birini də öldürdülər. Cinayət işində əsas fiqurlar hesab olunan Tariyel Ramazanov və Cavanşir Aslanovun taleyi bu günə qədər qaranlıq qalır. Bir neçə il əvvəl baş prokuror Zakir Qaralov onların İrana qaçdığını iddia etmişdi. Ancaq onların da aradan götürüldüyü istisna deyil. Hər halda adı Ziya Bünyadovun qətli və istintaqı ilə bağlı olanların bir çoxu müəmmalı şəkildə dünyasını dəyişib.

Bu haqda danışmazdan öncə qeyd edək ki, Rövşən Əliyevə Ziya Bünyadovun qətlinin araşdırmasında hazırda adam oğurluğu və sifarişli qətllərə görə həbsdə olan DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun da böyük köməyi dəyib. H.Məmmədov mərhum kriminalist Rövşən Əliyevin rəhbərlik etdiyi qrupda fəaliyyət göstərib. Nə qədər absurd olsa da, H.Məmmədov Ziya Bünyadovun qətl işinin «açılmasında» xidmətlərinə görə Baş Prokurorluğun təqdimatı əsasında mükafatlandırılıb.

Rövşən Əliyevi Ziya Bünyadov cinayətinə görə öldürüblər!

Versiyalardan biri belədir ki, qətlin sifarişçiləri işi bağlamaq müqabilində Rövşən Əliyevi yüksək posta təyin etdirəcəklərini vəd ediblərmiş. Rövşən Əliyev də işi saxta ssenari əsasında uğurla bağlayandan sonra baş prokurorun birinci müavini postunu tələb etməyə başlayıb. Lakin onun bu tələbi yerinə yetirilmədiyindən R.Əliyev son vaxtlar şantaja keçibmiş. Bu səbəbdən də Hacı Məmmədova Rövşən Əliyevi qətlə yetirmək sifarişi verilib. Bu versiyanın həqiqətə çox yaxın olduğunu Rövşən Əliyevin qətlinin əsl səbəblərinin, hətta Hacı Məmmədovun məhkəməsində belə üzə çıxarılmaması da göstərdi. H.Məmmədov törətdiyi əksər cinayətlərlə bağlı ağılabatan səbəblər göstərsə də, Rövşən Əliyevi niyə qətlə yetirdiyini izah edə bilmədi. Daha doğrusu imkan vermədilər. Hacı bu məsələdə də həqiqətləri danışsaydı Ziya Bünyadovun istintaqının bütün sirləri faş olacaqdı.

O da diqqətdən qaçmamalıdır ki, Ziya Bünyadovun qətlinin icraçısı olan Qabil Babayev sonradan uzun illər boyu sifarişli qətllər törətdiyi ortaya çıxan Hacı Məmmədovla eyni orqanda - DİN sistemində fəaliyyət göstərib. Bəlkə elə o da Hacı Məmmədovun dəstəsinin bir üzvü olub.

Hərbi müstəntiqin Amsterdamda müəmmalı ölümü

Rövşən Əliyev isə Ziya Bünyadovun qətlinin istintaqında iştirak edənlər arasında öldürülən yeganə şəxs deyil. Mərhum akademikin qətlə yetirilməsilə bağlı yaradılmış istintaq qrupunda çalışmış Seymur Hüseynov da sonradan müəmmalı şəkildə intihar edib. Sabiq hərbi müstəntiq Azərbaycanı tərk edərək Hollandiyaya getmiş, orada siyasi sığınacaq almışdı. Ancaq bir müddət sonra S.Hüseynovun meyidi Amsterdamda yaşadığı mənzildə tapılıb. O, intihar etməzdən əvvəl kiçik kağız parçasına "vəsiyyət"ini də yazıb. Bildirib ki, "Azərbaycandakı siyasi proseslərə etiraz olaraq” intihar edir. Əlbəttə, bu adsurddu. Elə S.Hüseynovun ailəsi və qohumları da onun intihar etməsinə şübhə edirlər. Onların fikrincə, S.Hüseynov qətlə yetirilib.

Ümumiyyətlə isə, Ziya Bünyadovun işində müəmmalar və qətlin istintaqının cavab tapmadığı suallar yetərincədir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

Ziya Bünyadovun qətl işindəki müəmmalar

- Ziya Bünyadovun fəaliyyətində «Ceyşullah»ı onun məhvinə fitva verəcək qədər qəzəbləndirəcək məqamlar olmayıb;

- Qətlin təşkilatçıları saxlanılsa da, müəmmalı şəkildə sərbəst buraxılıblar və ölkədən qaçmalarına şərait yaradılıb;

- Qatil DİN-in 7-ci idarəsinin əməkdaşı olub, ölkədən çıxmaq istəyərkən sərhəddə öldürülüb;

- Cinayət işini araşdıran istintaq qrupunun rəhbəri (Rövşən Əliyev) sifariş əsasında öldürülüb və bu günə qədər onun qətlinə sifariş verənin kimliyi müəyyən olunmayıb;

- Rövşən Əliyevi onunla birlikdə Ziya Bünyadovun istintaqını aparan Hacı Məmmədov öldürüb və onun sonradan serial sifarişli qətllər törətdiyi məlum olub;

- İstintaq qrupunun üzvü, hərbi müstəntiq Seymur Hüseynov siyasi mühacirətə getdiyi Hollandiyada yaşadığı evdə müəmmalı şəkildə «Azərbaycandakı siyasi proseslərə etiraz olaraq” intihar edib;

- Həbs olunaraq ömürlük məhkum olunanlar günahsız olduqlarını bildirirlər;

- Cinayətin məhkəmə istintaqı açıq və şəffaf keçirilməyib, qətllə bağlı qaranlıq qalan, hüquqşunasları və cəmiyyəti düşündürən suallara aydınlıq gətirilməyib;

- Və nəhayət, qatil akademikin düz ağzına atəş açıb!

Ziya Bünyadovu danışdığına görə öldürüblər?

Yeri gəlmişkən, akademikin düz ağzından vurulması da qətlin «Ceyşullah» tərəfindən hansısa əsərə görə törədilməsini şübhə altına alır. Qatilin bu qərarı xüsusi mesaj xarakteri daşıyıb.

Bu nəyin göstəricisidir? Bu ona işarədir ki, Ziya Bünyadovu məhz danışdığına görə öldürüblər, qatilə akademiki ağzından vurmaqla bağlı xüsusi təlimat verilib və sifarişçi bununla kimlərəsə göz dağı vermək istəyib!

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar