"BU, MTN-i TƏMİZLƏMƏYİN ƏN OPTİMAL YOLUDUR" - Ekspertlər

İlham İsmayıl: "Kəşfiyyat müstəqil quruma çevrilərək, daha rahat şəkildə qərarlar qəbul edəcək"

Ərəstun Oruclu: "Onların vahid nazirlikdə birləşdirilməsi SSRİ-dən gələn praktika idi"

"Özüm daxil olmaqla bu sahədə olan mütəxəssislər də qeyd edirdi ki, Xarici Kəşfiyyat İdarəsinin müstəqil olması Azərbaycanın yerləşdiyi coğrafi məkan, qarşısında duran təhlükə, qonşu ökələrdən informasiya almaq baxımından çox yaxşıdır".

Bu sözləri Meydan TV-yə keçmiş MTN zabiti İlham İsmayıl deyib. Prezidentin Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin yaradılması haqqında Fərmanını şərh edən İlham İsmayıl deyir ki, əslində 17 oktyabr sərəncamından sonra MTN-də yaranan gərginlik baxımından bunu istəmirdi: "Çünki proseslərə aydınlıq gətirilməsini gözləyirdik. Yəni təmizləmələr olduqdan, vəziyyət aydınlaşandan sonra belə bir addımın atılmasını istəyirdik. Amma dövlət başçısı məsələni daha da tezləşdirdi. Kəşfiyyat Xidmətini müstəqil quruma çevirdi. Hamı bunu MTN-in ləğv olunması kimi qəbul edir. Amma belə deyil. MTN-dəki kəşfiyyat xidməti müstəqil olur və qurumun adı dəyişir, olur Dövlət Təhlükəzsizlik Xidməti".

Keçmiş MTN zabiti bunu müsbət addım hesab edir: "Xüsusilə kəşfiyyat üçün müsbət addımdır. Əks-kəşfiyyat onsuz da yerindədir. Sadəcə adı dəyişib. Kəşfiyyat isə müstəqil quruma çevrilərək, daha rahat şəkildə qərarlar qəbul edəcək. Gələcəkdə bu qurumlar informasiya mübadiləsi aparıb, bir-birinə kömək edəcək, koordinasiyalı işləyəcəklər".

İlham İsmayıl Orxan Sultanov adının ona tanış olduğunu deyir: "Bu sahədə müəyyən peşəkarlığı olan bir şəxs kimi tanınır".

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu da prezidentin sərəncam və fərmanını bir neçə aspektdən düzgün və indiki şəraitdə yeganə müsbət qərar hesab edir:

"Birincisi, MTN-i Eldar Mahmudovun qrupundan təmizləməyin ən optimal yolu budur. Çünki nazirlik ləğv olunanda bütün işçilər avtomatik olaraq işdən azad olunmuş sayılır. Və yeni xidmətə hər kəs fərdi qaydada nəzərdən keçirilərək qəbul olunur.

İkincisi, kəşfiyyat və əks-kəşfiyyat qurumlarının bir çətir altında birləşdirilməsi güclü xüsusi xidmət orqanının yaradılmasına gətirib çıxarır ki, ona da dövlət tərəfindən nəzarət zəifləyir. Biz bunu MTN-in nümunəsində gördük.

Üçüncüsü, kəşfiyyat və əks-kəşfiyyat ayrı-ayrı xidmətlərdir. Biri ölkənin daxili, digəri isə xarici ilə bağlıdır. Belə olan şəraitdə onların ayrı-ayrılıqda fəaliyyət göstərməsi bütün dünyada təsdiqlənən praktikadır. Onların vahid nazirlikdə birləşdirilməsi SSRİ-dən gələn praktika idi. Söhbət sovet DTK-sından gedir. Nəhayət, artıq nazirlik statusu yoxdur. Bu, o deməkdir ki, idarə və ya xidmət statusca daha kiçik qurumdur. Deməli, dövlətin ona nəzarəti daha da asanlaşır".

Ərəstun Oruclu Orxan Sultanovu tanımadığını deyir. Amma hesab edir ki, kəşfiyyatdan gələn adamdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar