ELDAR MAHMUDOVUN MƏXFİ PLANI... -  MTN şefi nə istəyirmiş?

Eldar M"Eldar Mahmudovun və onun çevrəsinin ölkə başçısına, ölkə əleyhinə bütün o beynəlxalq məlum propoqandanın aparılmasındakı qara informasiya dövriyyəsində də fəaliyyəti mövcud olub"

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun baş nazir postunu ələ keçirmək planı olub. Bu barədə “Azadlıq”a hökumətdəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Eldar Mahmudovun məxfi planına əsasən baş nazir postuna iddialı məmurlar sıradan çıxarılmalı və nəhayət bu posta öz təyinatını reallaşdırmalı idi.

Baş nazir postuna iddialılar sırasında xüsusilə nəqliyyat naziri Ziya Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, vergilər naziri Fazil Məmmədov və neft şirkətinin prezidenti Rövnəq Abdullayevin adı hallandırılırdı. Mənbə bildirib ki, adıçəkilən məmurlarla bağlı baş verən qalmaqallar təsadüfi olmayıb. Qaynağımızın ehtimalına görə, bu qalmaqallar Eldar Mahmudovun onları sıradan çıxarmaq planının tərkib hissəsi ola bilər.

Mənbə əlavə edib ki, Eldar Mahmudovun baş nazir olmaq istəyi bütövlükdə hakimiyyəti ələ keçirmək niyyətindən irəli gəlib: “Baş nazir faktiki olaraq ikinci şəxsdir. Eldar Mahmudov ölkənin faktiki ikinci şəxsi olduqdan sonra komandasını formalaşdırmalı və bütövlükdə ələ keçirməli idi”.

Qaynağımız bildirib ki, bu məsələ Eldar Mahmudov “vurulandan” sonra üzə çıxıb.

Bu arada iqtidaryönlü deputat Zahid Oruc mətbuata “MTN işi” ilə bağlı maraqlı açıqlamalar verib. Zahid Orucunun bu açıqlamalarını etiraf da saymaq olar. Deputat Eldar Mahmudov və dəstəsi haqqında danışarkən deyib: “Mənim heç şübhəm yoxdur ki, Eldar Mahmudovun və onun çevrəsinin ölkə başçısına, ölkə əleyhinə bütün o beynəlxalq məlum propoqandanın aparılmasındakı qara informasiya dövriyyəsində də fəaliyyəti mövcud olub. Yəni, onlar bu minvalla ölkə rəhbərliyini özünümüdafiədə hərəkət etməyə məcbur qoyublar. Sanki qaldırılmış siyasi informativ bum və dumanın içərisində özlərinin qurduqları tələlərin gətirdiyi qurbanları həzm etməyə çalışıblar. Onların ağlı, düşüncəsi ilə məntiqi mülahizə yürütmək çox çətindir. Mənə elə gəlir ki, əldə olunan dövriyyə 100 milyonlarla dolları və yaxud milyardı keçəndən sonra artıq bu stixeyalı prosesə çevrilib və onlar düşünüblər ki, artıq mərkəzi kəşfiyyat idarələri, mossadlar, mi-6-lar qədər dünya üzərində böyük bir mənəvi, maddi, iqtisadi hakimiyyət əldə ediblər”.

Deputatın sözlərinə görə, Eldar Mahmudov və dəstəsi məqsədli şəkildə ölkədə gərginlik yaradıblar: “Çox ustalıqla vətəndaş və dövlət arasındakı münasibətlər pozulur, əvəzində dövlətdən müxtəlif tapşırıqlar alınır. Üçüncü tərəfdən müxtəlif şəxslərin əlverişli, real, obyektiv informasiya vermələrinin qarşısı kəsilir və onlar bloklanır. Müxtəlif intriqa mühitləri yaradılır və hamını kompromatlarında boğmağa vadar edirlər. O cümlədən ictimai hərəkatlarla da bağlanırlar. Yəni, mənim heç şübhəm yoxdur ki, Azərbaycanda vəhhabizm Çovdarovçuluqla, Eldaravşina ilə birlikdə, paralel mövcud olub. Azərbaycanda həqiqi mənada vəhhabiliyin geniş bir şəkildə yayılmasının qarşısını alacaq tədbirlər yalnız polis orqanları tərəfindən görülür.

Ermənistandan kimlərdənsə zəng vurdurub ondan sonra da həmin insanları qurbana çeviriblərsə buna sözlə qiymət vermək mümkün deyil. Sovet dövründəki Beriya illərinin NKVD-si belə bu şəkildə hərəkət etmirdi”.

Zahid Orucun bu fikirlərindən aydın sezilir ki, Eldar Mahmudov və dəstəsi hakimiyyətə ciddi zərbə vurublar. Bu baxımdan iqtidar keçmiş MTN şefini bağışlamaq niyyətində deyil. Ehtimal olunur ki, yaxın günlərdə Eldar Mahmudovun həbsi reallaşacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar