Keçmiş MTN naziri ilə bağlı müəmma; Kərəm Mustafayevin qardaşının həbs olunduğu bildirilir!
Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması barədə fərman imzalayıb.
V.Talıbovun sərəncamı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Ali Məclis sədrinin bu sərəncamı gözlənilməz olub. Çünki Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov Naxçıvan rəhbərinin ən inanılmış adamlarından biri hesab olunurdu və onun vəzifəsindən uzaqlaşdırılacağına ehtimal verilmirdi. Lakin V.Talıbov yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidmətinə V.Ələsgərovu yox, öz qudası Fazil Ələkbərovu təyin etdi. Məlumatlı mənbələr F.Ələkbərovu nüfuzlu, işgüzar, xalqla münasibət qurmağı bacaran bir kadr kimi xarakterizə edirlər. Lakin şübhəsiz ki, o, peşəkar deyil.

Əməkdaşımızın ciddi səhdlərinə baxmayaraq, general-leytenant Vəli Ələsgərovla bağlı müəmmaya aydınlıq gətirmək mümkün olmayıb. Keçmiş nazir daha yüksək vəzifəyə irəli çəkilir, yoxsa “vurulur”, sirr olaraq qalır.

Gün ərzində Naxçıvandan gələn həyəcanlı xəbərlərin hansının doğru, hansının yalan, şayiə olduğunu hələ ki, deyə bilmərik. Lakin məlumatlar var ki, artıq işdən çıxarıldığı tam dəqiqləşən Vəli Ələsgərovla Kərəm Mustafayevin çox yaxşı münasibətləri olub.
Bəzi mənbələr isə bir qədər də irəli gedərək, oktyabrın 17-də MTN-də başlayan əməliyyatın Naxçıvana da sıçradığını iddia etməkdədirlər.
Mövzu diqqətimizdədir.
Rasim ƏLİYEV
AzPolitika.info

Şərhlər