DEPUTAT OĞLUNUN MİLYONLARA BAŞA GƏLƏN İDMAN YARIŞI - FOTOLAR

Dünən Bakıda – “Sərhədçi” İdman Kompleksində “K-1” döyüş növü üzrə dünya “Qran-pri” yarışlarının final mərhələsi keçirilib. Nəqliyyat naziri Ziya Məmmədovun gənc qardaşı oğlunun - Elnur Məmmədovun təşkil etdiyi bu yarış, Kikboksinq Federasiyasının etirazlarına baxmayaraq, baş tutub.  

Xatırladaq ki, Azərbaycan Kikboksinq Federasiyasının, həmçinin Azərbaycan Gənclər və İdman Nazirliyinin icazəsi, iştirakı olmadan təşkil olunan bu yarışın qanunsuz olduğu barədə iddialar var idi. Federasiya belə bir iddia irəli sürürdü ki, “K-1” döyüş növü Kikboksinq idman növünün bir versiyasıdır və bu döyüş növü üzrə onun razılığı olmadan hər hansı yarış təşkil oluna bilməz. Hətta saytımıza verilən məlumata görə, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Ziya Məmmədovun qardaşı oğlunun özbaşınalığının qarşısını almaq üçün bəzi vasitələrdən istifadə edib, lakin nəticəsi olmayıb. Ziya Məmmədovun oğlu Anar Məmmədovla Adil Əliyevin arasında sərt üslubda telefon danışığının olduğu da bizə verilən məlumatlar sırasında idi.

Bunu Adil Əliyevin özü də AzPolitika.info-ya açıqlamasında təsdiqləmişdi. “K-1”-in Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi məktubu əsasında Ədliyyə Nazirliyində Kikboksinq Federasiyasının tabeliyində olan idman növü kimi qeydiyyata alındığını deyən Adil Əliyev bildirmişdi ki, fevralın 23-də keçiriləcək yarışdan Dünya Kikboks Federasiyasının xəbəri yoxdur: ““Təşkilatçılar özbaşınalıq edirlər. Yəqin bunun da səbəbləri var, əmi-dayı, pul səbəbləri…”

Adil Əliyev özünün facebook səhifəsində də oxşar fikirlər səsləndirib:"“K-1” döyüş növü üzrə dünya “Qran-pri” yarışları” guppultulu adı verilən qondarma turnirin Azərbaycan Kikboksinq Federasiyası ilə heç bir bağlılığı yoxdur. Nə federasiya, nə də federasiya nəzdindəki idmançılar bu turnirdə iştirak etməyəcəklər. Birincisi, bizi məramı və hədəfi bəlli olmayan turnirə nə dəvət edən, nə də bizimlə məsləhətləşən olub. Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnur nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur”.

Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, təşkilatçılar yarışın baş tutmasına nail oldular. Dünən səhərdən etibarən ciddi nəzarət altında saxlanılan idman kompleksində nə yarışdan əvvəl, nə də yarış zamanı heç bir insident qeydə alınmayıb. Görünür təşkilatçılar Kikboksinq Federasiyasının tabeçiliyində olan idmançıların hansısa etiraz hərəkətinə əl atacaqlarından ehtiyyat etdiklərindən təhlükəsizlik məsələsinə xüsusi önəm vermişdilər. Ərazidə müşahidə aparan əməkdaşımız şahidi olmuşdu ki, hələ səhər saatlarından idman kompleksi çevik polis qüvvələrinin, həmçinin özəl mühafizə xidmətinin ciddi nəzarəti altında idi. Ərazidə xidmət aparan polis əməkdaşlarından biri əməkdaşımızla söhbətində deyib ki, hətta boks üzrə erməni idmançıların da qatıldığı dünya çempionatı zamanı "Sərhədçi"də bu səviyyədə təhlükəsizlik tədbirləri görülməmişdi.

Yarışın özünə gəldikdə isə, təşkilatçılıq yüksək səviyyədə olsa da, idmansevərlərin marağı o qədər də güclü olmayıb. Yarışı izləyənlər arasında olan əməkdaşımız müşahidə edib ki, zalda tamaşaçıların sayı az olduğundan təşkilatçılar biletsiz insanları da içəri buraxmaq haqda qərar veriblər. Lakin yenə də yerləri doldurmaq mümkün olmayıb.

Ən maraqlısı isə odur ki, bəlkə də "Sərhədçi"nin tarixində ilk dəfə olaraq, yarışı izləməyə gələnlərin bir qisminə yemək-içmək verilib. Belə ki, rinqin ətrafında təxminən 50-60 yemək masası təşkil olunub və bu hissəyə biletlər 100 manatdan başlayaraq satılıb. Eyni zamanda tədbirə xüsusi dəvətlilər də burda əyləşdiriliblər və yarışı toydaymışlar kimi, yemək masası arxasından izləyiblər.

Gələn qonaqları, millət vəkillərini və digərlərini isə "toy sahibi" kimi şəxsən deputat Elton Məmmədov qarşılayıb və onları masalara qədər müşaiyyət edib...

Maraqlıdır ki, yüksək təhlükəsizlik tədbirləri yarışı izləməyə gələnlər arasında yüksək rütbəli məmurların - nəqliyyat naziri Ziya Məmmədovun, DSX rəisi Elçin Quliyevin, ələxsus da prezident ailəsinin olacağı ilə izah olunsa da, bu məlumat özünü doğrultmayıb. Yarışı izləyən qonaqlar arasında heç Anar Məmmədov da gözə dəyməyib.

Bütün bunlara baxmayaraq, təşkilatçılığın yüksək səviyyədə olduğu diqqətdən yayınmayıb. Təxmini hesablamalara görə, bu yarışın təşkilinə ən azı 2 milyon manat xərclənməli idi. Bu pulun mənbəyi barədə isə hələ ki, heç bir açıqlama verilməyib.

Tamaşaçılar 12 bir-birindən maraqlı döyüş izləyiblər və qaliblər arasında Azərbaycan idmançıları da olub.

Vaqif Nəsibov

AzPolitika.info

20140223_200201_resized

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar