“Darvin bankası” yatağında yeni platforma quraşdırılacaq

“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin sifarişi əsasında “Darvin bankası” yatağı üçün yeni 740 saylı platformanın inşası başa çatmaq üzrədir. ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan özülün baş podratçısı Şirkətin “Neftqaztikinti” Trestidir.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 10 metr dərinliyində yerləşdiriləcək. 8 bloklu özül 2 hissədən – istehsalat və yaşayış sahələrindən ibarətdir ki, bu sahələr hər birinin uzunluğu 36 metr olan 2 piyada körpüsü ilə əlaqələndirilib.

Özüldə ən müasir qazma avadanlığı, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, 7 yanalma meydançası, 4 minik meydançası, yükqaldırma qabiliyyəti 12,5 ton olan kran və digər zəruri avadanlıqlar quraşdırılıb. Bundan başqa, elektrik enerjisi ilə təchizatının etibarlılığını təmin etmək məqsədilə özüldə 3 ədəd dizel elektrik aqreqatı quraşdırılıb.

Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə sahələri üzrə işlər bütün müasir norma və tələblər səviyyəsində yerinə yetirilib. Yaxın vaxtlarda özülün istismara qəbul ediləcəyi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar