Eldar Sabiroğlunun oğlunun evində axtarış aparılıb - Atasının və özünün açıqlaması

Tanınmış YAP-çı, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun dünən prokurorluq orqanlarından istefa vermiş oğlu Rüfət Səfərovun evində axtarış aparılmağa cəhd olunur. Bu barədə "AzPolitika"ya E.Sabiroğlu məlumat verib.

O, bildirib ki, Rüfətin işi ilə bağlı Respublika Prokurorluğundan Zərdab rayonuna ezam olunmuş əməkdaşlar heç bir sənəd təqdim etmədən oğlunun kompüterini və telefonlarını müsadirə ediblər. Hazırda isə evində axtarış aparmağa cəhd edirlər. "Kim təminat verə bilər ki, kompüterə, telefonlarına cinayət tərkibi yaradan nəsə yerləşdirməyəcəklər? Axı Rüfət nə edib? Səhv edib, buna görə də cəzalandırıb işdən azad ediblər. Məgər dövlət çevrilişinə cəhd edibki, evində axtarış aparırlar? Söz demək cinayətdir?"

E.Sabiroğlu bildirib ki, Rüfət bir qədər əvvəl ona zəng edib, lakin ona danışmağa imkan verməyiblər.

Eldar Sabiroğlu Moderator.az vasitəsilə ölkə başçısına bir daha müraciət edib: "Hörmətli cənab prezident, sizdən xahiş edirəm, bu qeyri- qanuni işləri törədənlərin qarşısı alınsın. Mən övladım Rüfətin seçdiyi yolu bəyənmirəm və bir daha təkrar edirəm ki, o, düzgün yolla getmədi. Ancaq indi nə baş verib ki, sanki oğlumu həbs etmək istəyirlər. Bəlkə başqa cinayətləri var, biz bilmirik?".

Rüfət Səfərovun özü isə musavat.com-a açıqlamasında baş verənləri detallı danışıb: “2 saat bundan əvvəl xidməti kabinetimdəydiim. Baş Prokurorluğun 3 əməkdaşı, eləcə də Zərdab rayon polis şöbəsinin rəisi otağa daxil oldular.

Sənədləri, kompüteri götürəcəklərini dedilər. Dedim şəxsi kompüterimdir, niyə götürürsüz? Dedilər, biz bilmək istəyirik ki, orda nəsə varmı, bundan istifadə edə bilərsən. Çaş-baş qaldım. Kompüterimi götürdülər. Özlərinə də dedim ki, indi 21-ci əsrdir, kompüter əsridir. Hansısa hakerin vasitəsilə İŞİD-in terrorist üzvü kimi qələmə verə bilərlər məni”.

Müsahibimiz dedi ki, daha sonra onun telefonlarına baxış keçiriblər: “SMS-lərimi, zənglərimin siyahısını araşdırdılar. Onlara iradımı bildirdim ki, yoldaşımla yazışmalarıma niyə baxdız? Sonradan evimə gəldilər. Otaqlara girib başqa kompüter axtarmağa başladılar. Yataq otağına qədər girib baxdılar. Mən onlarla burda hüququn dili ilə danışa bilmədim”.

R.Səfərov hesab edir ki, bu əməliyyat səbəbsiz deyil: “Sənədləri götürdülər. Baza toplayıb, cinayət təqibini həyata keçirmək istəyirlər. Sabah ölkə prezidentinə, İlham Əliyevə bu qanunsuzluqlar barədə müraciət edəcəyəm”.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar