Ləyaqətli insan!

Və ya CƏBHƏÇİ obrazı!

İbrahim İbrahimli,

İstiqlalçı deputat

“Əgər radikal olmaq – ideala xidmət etmək deməkdirsə, onda mən radikalam. Bəli, səfalətə yol verən cəmiyyət, bəli, müharibəyə yol verən bəşəriyyət, bəli, cəhənnəmə yol verən din mənim fikrimcə, alçaq dərəcəli cəmiyyət, alçaq dərəcəli bəşəriyyət və alçaq dərəcəli dindir. Mən isə yüksək dərəcəli cəmiyyətə, yüksək dərəcəli bəşəriyyətə, yüksək dərəcəli dinə, monarx olmayan cəmiyyətə, sərhəd olmayan bəşəriyyətə, yazılı ehkamlar olmayan dinə can atıram.

Bəli, mən riyakarlıq alveri edən keşişə qarşı, ədaləti tapdalayan hakimə qarşı mübarizə aparıram… Bəli, insanın arzu edəcəyi səviyyədə mən bəşəriyyətə təzyiq edən fələyin məhv olmasını arzu edirəm. Mən köləliyi damğalayıram, mən səfaləti təqib edirəm, mən avamlığın kökünü kəsirəm, mən xəstəlikləri sağaldıram, mən qaranlığı işıqlandırıram, mən şərə nifrət edirəm. Mənim əqidəm budur, məhz buna görədə mən elə ”Səfillər”i yazmışam” (Viktor Hüqo).

Tarixi arayış: Viktor Hüqo Fransa kralı tərəfindən təyin edilən təqaüddən – beş min frankdan imtia edir və İctimai İşlər nazirliyinə məktub yazır: “…Kralın təyin etdiyi bu təqaüd sərbəstliyin əl-qolunu bağlayan maddi yardımdan başqa bir şey deyildir. Reallıqda bu hədiyyəni qəbul etmək, müstəqil fəaliyyətdən imtina edib hökumət qarşısında öhdəlik götürmək deməkdir. Əslində, yazıçı hakimiyyətə müxalifətdə olmalıdır. Belə olan halda, namuslu yazıçı gərək hər şeydən əvvəl hökumətlə pul haqq-hesabını kəssin. Ona görə də mən öz təqaüdümdən imtina edirəm”.

Hüqonun bu məktubundan sonra onu radikal müxalifətçilikdə ittiham etməyə başladılar. Lap bizdəki kimi…

Tarixi örnək bir daha təsdiqləyir ki, müxalifətçilik təkcə ideya və əqidə yox, həm də həyat tərzi, yaşam forması və əxlaq məsələsidir. Əxlaq toplumda norma və qaydaları müyyən edən mənəvi meyardır. Onun kateqoriyaları öz məzmununa görə obyektiv, həyata keçmə formasına görə isə subyektivdir. Bir tərəfdən, onlar həyata aid olub, onu qiymətləndirənin şüurundan asılı olmayaraq mövcuddur, digər tərəfdən, onların subyekt tərəfindən seçimi azaddır, yəni insan öz xarakterinə uyğun olaraq seçim edir: ya xeyiri, ya da şəri seçir.

Dünya Xeyir və Şər dualizmindən yoğrulub…

Adəm övladı Yer üzünə qədəm qoyandan üzü bəri Xeyirlə Şər arasında mübarizə başlayıb, əsrlər boyu gedir və bundan sonra da davam edəcəkdir. Sadəcə, bitib-tükənməyən bu mübarizə toplumun inkişaf səviyyəsindən asılı olaraq, zaman-zaman dəyişir, yeni forma və məzmun alır. Amma… Amma nə yazıqlar olsun ki, bu dualizmin ortasında dayananlar, seçim etməyənlər çoxluq təşkil edir. Mövcud problemlərin başlıca səbəbi də elə budur.

Çünki onlar seçim etmək istəmirlər, öz aləmlərində “balanslı” siyasət yeridirlər, daha doğrusu, Xeyirlə Şər arasında guya “manevr” edirlər, yəni yeri gələndə Xeyirin naminə Şərlə, yeri gələndə Şərin naminə Xeyirlə əməkdaşlıq edirlər.

Xeyirlə Şərin sərhədini Ləyaqət müəyyən edir…

Bəli, zaman dəyişir, nəsillər bir-birini əvəz edir, amma mübarizə bir an olsun belə dayanmır, davam edir, etdikcə də yeni forma və məzmun alır. Doğrudur, bəzən tükənir, nazilir, amma sönmür, qırılmır; çünki o müqəddəs dəyərlər uğrunda vuruşanların yeri heç vaxt boş qalmır, hətta sonuncu nəfər sıradan çıxanda belə o zamana qədər sırada olmayan bir başqası gəlib o yeri tutur və sıranı qırılmağa qoymur. Çünki mübarizə aparan insanın həm də ləyaqət hissi var: onu ayaqda saxlayan da məhz elə bu hisdir. Bu hissi olan insan bəzən məyus ola bilər, amma heç vaxt təslim olub əqidəsini, ideyasını, mövqeyini, əxlaqını satmaz. Ona görə ki, ortada “Sizif əfsanəsi” var: daş hər dəfə geriyə dığırlananda Sizif də məyus olurdu, amma tərəddüd etmədən yenidən çiynini daşın altına verirdi. Ona bu gücü verən ləyaqət hissi idi. Əslində, ləyaqət özünü mövcudluğu üçün hansısa bir bəraət axtarmır, onun təsdiqini özündə tapır.

Lap Sizif kimi…

Qədim yunanlar Sizif haqqında əfsanə ilə allahların qəzəbinə tuş gələn insanlar üçün gerçək və işıqlı dünyanın cəhənnəmə necə çevrildiyini təsvir etmişlər.ÿSizif həmən insanların “cəhənnəmin əbədi əzabkeşlərinin ümumuləşdirilmiş mifoloji obrazıdır. Əfsanəyə görə, Sizif tanrıların sirrini oğurlayıb faş etdiyinə görə cəzalandırılır. Asopun qızı Eginanı baş tanrı Zevs qaçırır.ÿSizif isə bu sirri, qızını axtaran Asopa açır.ÿBundan xəbər tutan Zevs, Sizifin bu hərəkətini tanrıların iradəsinə itaətsizlik kimi qiymətləndirir və onu ən ağır cəzaya – əbədi faydasız və ümidsiz əməklə məşğul olmağa məhkum edir: Sizif böyük qaya parçasını dağın başına qaldırıb o biri tərəfə aşırmalı idi. O, hər gün səhər tezdən daşı zirvəyə qaldırır, amma gününÿsonunda daşÿyenidən diyirlənib, aşağı düşür və əvvəlki yerində durur. Tanrılar bu cəzanı ona görə fikirləşib vermişdilər ki, faydasız və ümidsiz əməkdən daha ağır cəza tapa bilməmişdilər. Tanrıların bu tapıntısı, daha doğrusu Sizif əməyi dünya ədəbiyyatında uzun müddət boş-boşuna faydasız, ümidsiz və ağır işlər görməyin metaforasına çevrildi. Amma Alber Kamyu bu münasibəti ”Sizif haqqında əfsanə” essesilə dəyişdi.

Sizif əməyi yeni interpretasiyada

Kamyu qədim yunan əsatirinə yeni həyat, yeni məna və fəlsəfi məzmun verdi. Əslində, lirik bir əfsanədən ümidsiz mübarizə ideologiyası yarandı. Bu, ən ağır şərtlər altında, hətta son ümidi tükənib öləziyəndə belə sınmadan, əyilmədən əzmlə sonsuzluğa qədər-əbədi mübarizə aparmaq ideologiyası idi.

Kamyu insanın mövcudluğunu bütün ömrünü hədər işə həsr etmiş Sizifin əməyilə müqayisə edir və o dünyada vəd olunan rahatlıq haqqında xristian ideyasına qarşı çıxaraq həyatın mənasını Sizif əməyində – gündəlik işdə, daimi hərəkətdə, bitib-tükənmək bilməyən mübarizədə görür və yazır: “Mən Sizifi dağın yamacındaca tərk edirəm! Kiminsə yükünü yenidən daşımağa başqa birisi hər zaman tapılır. Lakin Sizifin bənzərsizliyi məhz bundadır ki, o, Tanrıları danan və qayaları qaldıran ali sədaqəti, vəfa və inamı öyrədir. O, hamıdan çox belə nəticəyə gəlir ki, hər şey yaxşıdır. Bundan sonra yaradanından, sahibindən məhrum olmuş dünya ona nə bəhrəsiz, nə də mənasız görünür. Yuvarladığı daşının hər bir zərrəsi, hər bir mineral layı özü öz içərisində sıldırım və uçurumlarla doldurulmuş dünyasını zülmətdə də qaydaya salır. Zirvəyə yönəlmiş mübarizənin özü insan qəlbindəki boşluqları doldurmağa kifayət edir. Ona görə də Sizif xoşbəxt təsəvvür edilməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar