ELMAN RÜSTƏMOVUN OĞLUNUN BAHALI MAŞINLARI, ƏYLƏNCƏLƏRİ-Fotolar

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov korrupsiya qalmaqalı ətrafında Avstriyada gedən gurultulu məhkəmə prosesinin səs-küyündən gecələr də yata bilmədiyi bir vaxtda daha bir qayğı ilə üzləşib.

Baş bankir bu korrupsiya qalmaqalına görə başlamış məhkəmə prosesinə ən azı şahid qismində cəlb olunacağı anları gözlədiyi halda sevimli oğlunun ona yaratdığı problemlərlə qarşılaşmalı olub. Belə ki, Elman Rüstəmovun oğlu Elçin Rüstəmov modelyer bacısının lap elə bu günlərdə Londonda keçirdiyi moda nümayişindən çəkilmiş videokadrları internetdə yerləşdirib.

İlk baxışda elə görünə bilər ki, azərbaycanlı məmurun oğlunun eninə-uzununa yaşadığı dəbdəbəli həyatın axarını kim və nə poza bilər axı. Amma…

Elçin Rüstəmovun nə etdiyini, nələrlə məşğul olduğunu bilmək üçün heç bir paparatsiyə, yaxud satqına, çuğula ehtiyac yoxdur. Bu ərköyün məmur övladının rəsmi İnstagram səhifəsini ziyarət etmək kifayətdir. Elçinin oradakı nik-adı da adamı vahiməyə salacaq qədər anlamsızdır — Elchiano.

1987-ci ildə anadan olmuş Elçin Rüstəmov həyata başqa cür baxır. Məsələ heç onun özünün idman zalındakı fotolarını yaymaqla mübarizə apardığı proporsiyalarda da deyil.

Bu “qızıl uşağın” tələb və ehtiyacları heç də uşaq-muşaq istəkləri deyil. Atası onu Londona oxumağa göndərib ki, bu da azərbaycanlı məmurlara xas tipik cəhətdir. Amma Elçinin ingilis dili biliyi “lets qou tu ze parti” səviyyəsindən o yana keçməyib. Oğul Rüstəmov britaniyalı ciddiyyətini, sadəliyini və davranış tərzini isə heç öyrənə bilməyib.

Virtualaz orq saytında haqqında indiyə qədər bəhs etdiyimiz digər məmur övladlarından fərqli olaraq Mərkəzi Bank sədrinin oğlu öz saat və maşınlarını elə də acgözlüklə nümayiş etdirmir. Onun internet-akkauntu əsasən gülməli şəkillərlə — yemək və ayaq fotoları ilə doludur. Bu ayaqlar ya Azərbaycandakı lüks “Jumeirah Bilgah” otelinin çimərliyində, ya haradasa Nitsada, ya Parisdə, ya İstanbulda, ya da başqa haradasa uzadılıb. Yeri

gəlmişkən, Elçinin ayaqlarına hansısa loukosterin ekonom-klassında yox, yalnız biznes-klassında rast gəlinir…

Ancaq Elçin Azərbaycanda da kölgədə qalmır. Aynar Məmmədovdan bir az təvazökar olsa da qalan balalardan geri deyil. Bizim qəhrəmanımıza məxsus olan 10 SS 005 dövlət nömrə nişanı dillərdə çoxdan əzbər olub. Hələ uzun illər qabaq, biz məmurlarımızın balalarının eksklüziv avtomobillərinə indiki kimi heyran qalmadığımız vaxtlarda bu gənc adam artıq ən yeni beşinci model “BMW”-də gəzirdi. Bu dövlət nömrə nişanı ilə Bakıda həmçinin “Rolls-Royce”, “Audi”, “Mercedes”, “BMW”, “Lexus” şütüyür.

Cənab Rüstəmov-kiçiyin nümayiş etdirdiyi saat isə adamı bir balaca heyrətə salır. Ancaq sonra biz yada salırıq ki, söhbət

azərbaycanlı məmurun oğlundan gedir və bu zaman hər şey öz yerini alır. Məsələ ondadır ki, heç bir internet mağazası bu cür bahalı saatın qiymətini təhlükəsizlik nöqteyi-nəzərindən açıq göstərmir. Biz həmin modelin ən sadə variasiyasını tapa bildik, qiyməti “cəmi” 220 min dollardır.

Yeri gəlmişkən, saatlar İsveçrənin “Jaeger-LeCoultre” firmasının ən bahalı məhsullarından biridir. Əlbəttə, bu materialın dərcindən sonra Elçin deyəcək ki, siz nə danışırsınız, bu ki mənim saatım deyil, “mən onunla sadəcə şəkil çəkdirmişəm”. Bəs necə, adam sadəcə olaraq mağazaya şəkil çəkdirmək üçün giribmiş.

Yaxud təxminən belə deyər ki, “mən ki treyderəm, bəyəm özümə normal saat ala bilmərəm?”.

Biz onu deməyi yaddan çıxardıq ki, məmurun oğlu hazırda özünün uğurlu birja treyderi imicini formalaşdırmaqla məşğuldur.

Elçinin Fransanın Lacivərd sahillərində çəkdirdiyi ayaq şəkillərindən başqa onun səhifəsində iş kabinetində sosial şəbəkələrə baxan yerdə, poker oyunu səhifələrinin skrin-şotlarını və əyləncə fotolarını da görürük.

Elçinin dostu keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur — Elnur Ələkbərov. Atasını vəzifədən kənarlaşdıran kimi keçmiş nazirin cəsur oğlu heç də işsiz qalmayıb. O, kifayət qədər müəmmalı adı olan təşkilatda işləyir: Azərbaycan Respublikası Milli Sahibkarlar Federasiyası.

Azərbaycan prezidentinin öz ad gününü sadə şəraitdə qeyd etdiyi bir vaxtda bizim məmurlarımızın uşaqları dünyanın ən bahalı kurortlarında dincəlməyi üstün tutur.

Pulların belə asanlıqla sağa-sola səpələnməsinin sirri nədədir? Cavab sadədir: öz atalarının böyük vəzifələrində. Çünki vəzifə nəhəng və sonsuz pul axını deməkdir. Onlar bunu belə başa düşür. Vəzifə onlardan ötrü sanki məşhur nağıldakı “içindəki sıyığı heç vaxt qurtarmayan sehrli qazan”dır.

Nə deyə bilərik?! Əziz məmur balaları, özünüzü kasıb müəllimlərin, həkimlərin, həlak olan əsgərlərin analarının gözü önündə bacardığınız qədər təsdiq eləyin. Aztəminatlı ailələrin uşaqları Ermənistanla sərhəddə vətəni qoruyarkən həlak olmaqda ikən məmurların övladları da bir-birlərinin qabağında öz bahalı maşınları, saatları, səyahət və əyləncələri ilə öyünməkdə davam edirlər…(Virtualaz.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar