Çovdarlıqda uçurumu qoruyan

Dünyanın ən güclü dövləti sayılan ABŞ-ın uğurlarının sirri nədədir? Bəlkə siz də hesab edirsiniz ki, bu nəhəng dövləti mübhəm mason gücləri ayaqda saxlayır? Amma bütün hallarda onun necə güclü, necə rifahlı bir ölkə olduğunu hər kəs dartışmasız qəbul edir. Onun təkcə hərbi və iqtisadi gücündən heyranlıqla danışmırlar, elmi-texnoloji potensialı, təhsili, səhiyyəsi də həsədə layiqdir. Onun demokratiyası isə bütün xalqların arzu etdiyi bir səviyyədədir. Demokratiya isə insana verilən dəyərdir, insanın gücüdür. Yəni bu ölkə hər cəhətdən güclüdür - insana görə də, imkana görə də.

Nədir bu gücün sirri? Hər kəs bunun arxasında müəmmalı, gizli bir sirr axtaranda, 2012-ci ildə ABŞ-ın özü bu mövzuda qeyri-adi sərgi açdı. Sərginin adı belə idi: ABŞ-ı yaradan kitablar. Yəni güc dediyinizin özü elan etdi ki, onu yaradan kitablardır. Təbii ki, bu, simvolik bir cavabdır, amma tamamilə gerçək olan səbəbləri özündə birləşdirir həmin simvol. Maarif, tərəqqi, humanizm, hüquq, azadlıq, elm - zatən kitabların da məğzi budur.

Həmin kitabların arasında ABŞ konstitusiyanın ratifikasiyası üçün yazılan məşhur “Federalçı” kimi ictimai düşüncə kitabları ilə yanaşı bəzi bədii əsərlər də yer alır. Həmin əsərlərdən bir neçəsi mənim çox sevdiyim əsərlərdir və əminəm ki, həmin əsərlər doğrudan da ABŞ kimi gücün yaranmasında əvəzsiz rol oynayıb.

Elə əsərlər var onlar əsər olmaqdan çıxıblar. Onlar həyatın özünə qatışıblar. Bəzi əsərlər ayrı-ayrı şəxslərin həyatına daxil olur, bəziləri xalqların, bəziləri də bəşəriyyətin. Insan qəlbi o qədər həssasdır ki, yazıçının təkrarolunmaz duyğuları ilə danışmağı bacarır, onun yaratdıqlarını həyatın gerçək dramatizmi ilə birləşdirə bilir. Nəticədə, güclü yazıçı təxəyyülü həyatın sərhədlərini genişləndirir, əsərlər həyatın ən xırda detallarını daha yaxşı görməyə, təsəvvür etməyə yardım edir.

ABŞ-ı yaradan kitablar arasında yer alan bədii əsərlərdən birini götürək. Ceremi Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını nəzərdə tuturam. Bu roman bir yeniyetmənin məktəbi tərk edib avaralanması və evə dönməsi üzərində qurulub. Amma qayəsini Amerika cəmiyyətinin mənəviyyat axtarışları təşkil edir. Azad ruha sahib olmaq - bu yüksək mənəviyyatın əsasıdır. Təhsildən qaçmaq olmaz, amma təhsil həm də tənqidi yanaşma yaradır, eləcə də təhsilin özünə. Söyüş söyüb tərbiyəsiz görünmək kənardan pis görünə bilər, amma təmiz və xeyirxah qəlbinin olması əsas şərtdir. Avara və intizamsız olduqda belə, insana sevgi sənin əsas xüsusiyyətindir. Başqalarını bəyənməmək haqqın var, amma onların da haqqına sayğın olacaq.

Bir neçə dəfə yazılarımdan bu əsərdən sitat gətirmişəm. Amma indi onun elə tərəfini xatırlatmaq istəyirəm ki, həmin cəhətə bizim cəmiyyətin hava və su qədər ehtiyacı var. Əsərin ən incə və əsas qayəsi isə budur ki, Amerika dövlətinin (ABŞ-ın) və amerikalının idealı uçurumun kənarındakı çovdarlıqda oynayan uşaqları qorumaqdır.

Söhbət ayrıca uşaqlardan da getmir. Uşaqlar burada məsum insanların obrazıdır. Həyat elədir ki, hər kəs uçurumun yanında keçir. Qəzanın yanından, yanğının yaxınlığından və nəhayət xəstəliyin, tənhalığın, çarəsizliyin, talesizliyin tarlasından keçir. Yaşadıqca insanlar sanki bu uçurumların kənarında oynayır. Deməli, onları qorumaq ən yüksək qayədir. ABŞ-ın gücü ondadır ki, dövlət də, insanlar da bu qayəyə sadiqdir, onu özünün əsas vəzifəsi sayır.

Bəs bizdə necədir? Dövlət səni uçurumdan qorumur. Səhiyyən yoxdur. Sığortan yoxdur. Imkanın da yəqin ki, yoxdur. Dövlətin imkanlarından istifadə etmək üçün gərək onun qəbul etdiyi qurama elita sistemində olasan, məşhur olasan, yaxud hakimiyyətdəkilər sənə dəstəkdən siyasi qazanc götürə bilsinlər. Başqa hallarda üzü uçuruma doğrusan...

Amma nə yaxşı ki, Azərbaycan cəmiyyətində uçurumdan qorumaq idealı ölməyib. Son günlər iki nəfərin həyatı uğrunda bir xeyriyyə savaşı gedir. Nərmin Hüseynli və Vüqar Feyzulla maddi dəstək olmadan xəstəlikdən qurtula bilməyəcəklər. Gənclər onları xilas edəcək pulu toplamaq üçün əsl qeyrət göstərirlər...

Dövlətin resurslarını övladları üçün oğurlayan siyasi sistemdəkilər isə susur. Onlar uçurumdan qoruyanlar deyil. Onlar Daşkəsənin Çovdarlı kəndindəki qızıl sərvətlərimizə sahib çıxanları qoruyanlardır. Onlar uçurumdan qorumurlar, uçurumu qoruyurlar. Böyüyən uçurumu.

(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar