“40 MİLYONLUQ ƏMƏLİYYAT”IN MƏHKƏMƏSİ BAŞLADI - Xəzinədar Ülvi Kazımovun anası Prezidentə nə yazdı?

“Parabank”ın “Nəsimi” filialı ilə “Kia Motors” MMC-nin adı keçən sensasiyalı cinayət işinin məhkəməsi başlayıb. Xatırladaq ki, “Parabank”ın “Nəsimi” filialının bunkerində “Kia Motors” MMC-nin qeydiyyata salınmayan, dövlətdən gizlədilərək saxlanılan 40 milyona yaxın vəsaitinin olması, onun qeyri-qanuni dövr etdirilməsi və bu pulun müəyyən hissəsinin yoxa çıxmasından sonra bir nəfərin müəmmalı şəkildə ölməsi barədə ötənlərdə bir sıra KİV-lərdə, o cümlədən "AzPolitika"da ətraflı bəhs olunmuşdu. 

Həmin məlumatlarda bildirilirdi ki, “Kia Motors Az” MMC-nin rəhbəri Səxavət Səfərov qohumluq əlaqələrində olduğu “Parabank”ın “Nəsimi” filialının rəhbəri Bəhruz Mirzəyevlə sövdələşərək, qeyd olunan məbləğdə vəsaitini heç bir sənədləşdirmə aparmadan bankın xəzinəsində saxlamaqla, vergi uçotundan gizlədib.

Bundan əlavə bank və şirkət rəhbərliyinin həmin pulların qanunsuz dövriyyəsi ilə məşğul olduğuna və bu yolla “çirkli pulları” leqallaşdırdığına dair əsaslı sübutlar və iddialar var. “Kia Motors Az” MMC-nin “Parabank”da sənədləşdirmə aparılmadan saxlanılan və istifadə olunan 40 milyon manatına nəzarət edən Fərhad Cəfər oğlu Abbasovun ölümü – guya 8 bıçaq zərbəsi ilə intihar etməsi isə bu işin ən diqqətçəkən və müəmmalı tərəfidir.

Fərhad Abbasov “Kia Motors Az” MMC-nin sahibi Səxavət Səfərovun ən etibarlı adamlarından biri olub, buna görə də 40 milyon manatı idarə etmək üçün “Parabank” ASC-nin “Nəsimi” filialına göndərilib. Hətta bu məqsədlə Fərhad Abbasova “Nəsimi” filialında xidməti otaq da ayrılıb.

40 milyonun 680 mini yoxa çıxıb

KİV materiallarında bildirilir ki, “Parabank” ASC-də dəfələrlə audit yoxlamaları aparılan zaman bankın xəzinəsinin bunkerində böyük qutulara yığılmış “Kia Motors Az” MMC-nin gizlətdiyi pul baratları aşkar olunsa da, bu barədə heç bir tədbir görülməyib, sənədləşdirmə aparılmayıb. Hər halda audit yoxlamalarının nəticələri barədə rəylərdə bu qeyd edilməyib, Mərkəzi Banka məlumat verilməyib. Eyni zamanda rəsmi qeydiyyata alınmadan filialın xəzinəsinin bunkerində qanunsuz şəkildə saxlanılması, onların dövlətdən gizlədilməsi, həmin pulların leqallaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi məlumat verilməyib.

Lakin manatın birinci devalvasiysınadan sonra banklarda aparılan sistemli yoxlamalar zamanı “Parabank”ın illərdir apardığı qanunsuz əməlləri ifşa olunub və bununla bağlı Bakı Şəhər Prokurorluğunda 120046164 №-li cinayət işi açılıb.

İstintaq zamanı məlum olub ki, “Kia Motors Az” MMC-nin bankda saxladığı vəsaitin 680 min manatı 2012-ci ildə yoxa çıxıb.

“Kia Motors Az”ın bankdakı etibarlı nümayəndəsinin müəmmalı ölümü və…

Bu faktın üstü açılandan sonra isə, şirkətin bankdakı etibarlı nümayəndəsi Abbasov Fərhad Cəfər oğlu müəmmalı şəkildə intihar edib. “Kia Motors Az” MMC-nin sahibi Səxavət Səfərovun etibarlı adamı kimi banka təyin etdiyi Fərhad Abbasovun özü-özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə öldürməsi qeyd olunur. Amma bir adamın özünə 8 dəfə ağır bıçaq zərbəsi vura bilməsinin qeyri-mümkün hal olması nədənsə istintaqda nəzərə alınmayıb.

Bu üzdən də, Fərhad Abbasovun ölümü ilə bağlı Binəqədi rayonunda 2012-ci ildə başladılan və sonradan bağlanan cinayət işi Bakı Şəhər Prokurorluğunda yenidən araşdırılmağa başlanıb. Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emin Nəsibov tərəfindən yenidən araşdırılan bu cinayət işinin materiallarında bir çox şübhəli məqamlar ortaya çıxıb. Müstəntiqin diqqətini çəkən əsas məqam, qeyd etdiyimiz kimi, Fərhad Abbasovun özünə 8 bıçaq vurmasıdır. Təcrübəyə əsasən, intihar edən şəxs özünə 3 bıçaq zərbəsindən artıq vura bilmir…

Eyni zamanda müstəntiqin ekspert rəyinə baxarkən daha bir maraqlı məqamı aşkarladığı bildirilir. Belə ki, ekspert rəyindən məlum olub ki, bıçağın birincisi mərhumun köynəyinin üstündən, digərləri isə köynək yuxarı qaldırıldıqdan sonra vurulub və sonda boğazı kəsilib.

Bu “səliqəli” hərəkətin intihar edən adamın özü tərəfindən həyata keçirilməsi inandırıcı hesab olunmur. Ancaq nədənsə, bu və onlarla belə şübhəli məqamlar Binəqədi Prokurorluğunun diqqətini çəkməyib.

Halbuki, iddalara görə, Fərhad Abbasov ölümündən əvvəl Səxavət Səfərovun onu hədələdiyini deyirmiş. Eyni zamanda S.Səfərovun oğlu Əşrəf Səfərov tərəfindən də təhdidlərə məruz qaldığını bildirirmiş. Hətta Əşrəf Səfərovun 10-a yaxın idmançı görkəmli şəxslə Fərhad Abbasovu “söhbətə” çağırdığına və döydüyünə dair məlumatlar da var…

Nə 40 milyonun gizlədilməsi, nə də ölüm işi araşdırılır???

Qəribə orasıdır ki, nə “Kia Motors Az” MMC-nin 40 milyona yaxın vəsaiti dövlətdən gizlədərək bankın filalında saxlaması, nə də ölüm işi ilə ortaya çıxan yuxarıda qeyd etdiyimiz faktlar ciddi araşdırma predmeti olmur.

Cinayət işinin istintaqında əsasən “Kia Motors Az” MMC-nin bankda saxladığı vəsaitin 680 min manatının 2012-ci ildə yoxa çıxması araşdırma predmeti olur. Bununla əlaqədar da şübhəli şəxs qismində 2012-ci ilə kimi bankın sözügedən filialında xəzinədar işləmiş Kazımov Ülvi Elçin oğlu saxlanılıb. Hansı ki, yaxınları onun tamamilə günahsız olduğunu, “Parabank”ın “Nəsimi” filialında baş vermiş cinayətlərlə heç bir bağlılığının olmadığını bildirirlər.

Eyni zamanda onlar prokurorluğun işi obyektiv araşdırmadığını, sonradan hansısa səbəblərdən istintaqın istiqamətini dəyişdirdiyini iddia edirlər. Hazırda Ülvi Kazımovun işinə Baki Ağır Cinayyətlər Məhkəməsində baxılır.

Həbs edilən xəzinədarın anası Prezidentə müraciətində kimləri ittiham edir?

Elə Ülvi Kazımovun anası – Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Yaşayış sahəsi, ev 28, mən 88 ünvanında yaşayan Kazımova Maya Cəbrayıl qızının Prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, həmçinin respublikanın maliyyə-bank və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etməsinin səbəbi də məhkəmədə oğlunun işinə obyektiv baxılmasına nail olmaqdır.

Belə ki, bir nüsxəsi “AzPolitika.info”ya təqdim olunmuş məktubda Maya Kazımova işin prokurorluqda obyektiv aparılmadığını, oğlunun heç bir günahı olmadığı halda cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd edir.

“Möhtərəm cənab Prezident!

Sizin diqqətiniz və qətiyyətiniz sayəsində son vaxtlar ölkədə baş verən çoxsaylı bank-maliyyə fırıldaqçılarının ifşa olunması, günahkarların həbs edilməsi bizdə oğlumun da işinə obyektiv baxılacağına ümid yaradıb”, deyə sözə başlayan Maya Kazımova, baş vermiş cinayət hadisəsinin gizlədildiyini, həqiqətlərin saxtalaşdırıldığını bildirir : “Sizə bildirmək istəyirəm ki, Bakı Şəhər Prokuroruluğunda oğlum Ülvi Kazımov Elçin oğlu barəsində açılan cinayət işinin istintaqı qərəzlidir, əvvəlcədən danışılıb, razılaşdırılıb və  birtərəfli şəkildə aparılıb. Bakı Şəhər prokuroru Əziz Seyidov, müavini Azər Əsgərov, İstintaq İdarəsinin rəisi  Cəfər Cəfərov və müstəntiq Emin Nəsibov istintaqı “KİA Motors AZ”-in rəhbəri Səxavət Səfərovun maraqlarına uyğun aparıblar".

““Kia Motors Az”ın rəhbəri bəzi qurumlarla sövdələşməyə girərərək...”

M.Kazımova “Parabank” ASC-nin “Nəsimi” filialında dövlətdən gizlədilmiş 40 milyon manat pul vəsaiti saxlanılmasını sözlərinin faktiki sübutu kimi göstərib:

““Kia Motors”un dövlətdən gizlətdiyi 40 milyon pulu "Parabank"ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlanılıb və müəyyən müddətlərdə dövriyyəyə buraxılıb.

Bir neçə il davam edən bu proses, pulun bir qisminin (680 min manatının) yoxa çıxması nəticəsində baş verən ölüm hadisəsindən sonra ifşa olunub. Belə ki, “Kia Motors” MMC-nin rəhbəri Səxavət Səfərovun “Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı Abbasov Fərhad Cəfər oğlu müəmmalı şəkildə intihar edib.

Ona görə müəmmalı deyirəm ki, Abbasov Fərhad Cəfər oğlunun özü-özünü öldürməsi də çox şübhəlidir! Şəxsin özü-özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə öldürməsi qeyri-mümkün haldır. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır.

Bundan sonra məsələ ilə bağlı cinayət işi açılıb və hüquq-mühafizə orqanları bankdakı qanun pozuntularının təftişinə başlayıb. “Kia Motors Az” MMC-nin rəhbəri bəzi qurumlarla sövdələşməyə girərərk, həmin cinayət işinin xətm olunması ilə yanaşı, itən pulların geri qaytarılmasına çalışıb. Bunun uçün də bankda bir vaxtlar xəzinədar işləmiş, sonradan öz ərizəsiylə, heç bir problem olmadan işdən çıxan oğlumu qeyri-qanuni həbs etdirib”.

“Müstəntiq oğlumu qorxudaraq, ondan özünün istədiyi ifadəni alıb”

Maya Kazımova məktubunda bildirib ki, prokurorluqda təzyiqlə oğlundan lazımı ifadə alınıb: “2015-ci ilin may ayında Bakı şəhər Prokurorluğundan müstəntiq Emin Nəsibov oğlum Ülvi Kazımovu prokurorluğa çağırıb. Onu şahid qismində dindirərək “Parabank” ASC-nin “Nəsimi” filialında xəzinədar işlədiyi müddətdə guya “Kia Motors Az” MMC-nin avtomobil satışından əldə olunaraq filialın xəzinəsində saxlanılan 689 132,75 manat pulun onun və filialın baş mühasibi Sevinc Mədətova tərəfindən mənimsənildiyini bildirib. Müstəntiq oğlum Ülvi Kazımovu Fərhad Abbasovun cinayət işi ilə bağlı tuta biləcəyilə qorxudaraq, ondan özünün istədiyi ifadəni alıb. Ülvi Kazımovu məcburən etiraf etdirmişdir ki, həmin pulu o, Sevinc Mədətova ilə birlikdə mənimsəyib. Cinayət işində üç nəfərin adinin hallanmasına baxmayaraq, yalnız oğlum Kazımov Ülvi Elçin oğlunu mənimsəmə cinayəti ilə qanunsuz həbs ediblər”.

“40 milyon pulun haqq-hesabı niyə Səxavət Səfərovla aparılmır?”

manat_15.08.2014_1Maya Kazımova məktubunda daha sonra bildirir:

“Cənab Prezident! Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsi bu gün “Kia Motors Az” MMC-nin sifarişlərini yerinə yetirir. “Kia Motors Az” MMC-nin qanunsuz hərəkətlərini ört-basdır etməklə, onun "çirkli pulların" yuyulması ilə bağlı cinayət əməllərini ifşa edib məsuliyyətə cəlb etmək əvəzinə, MMC-nin əməllərini qanuniləşdirməklə məsuliyyəti özgəsinin üzərinə yönəldib”.

Maya Kazımova mənimsəmə olsa belə oğlunun bu işdə ittiham edilməsini absurd hesab edir: “Çünki “Kia Motors Az” MMC pullarını qeyri-qanuni olsa da, “Parabank” ASC-yə etibar edib, oğluma yox. Bundan əlavə pullara nəzarət üçün banka öz adamını da təyin edib. Oğlum “Parabank” ASC-nin işçisi olub. Əgər həqiqətən xəzinədə əksikliyi olsaydı, ona 01.10.2012-ci ildə işdən çixan zaman "Əmək kitabçası" verməzdilər və ya hər hansı bir maddə ilə işdən qovulduğu qeyd edilərdi (Oğlum Əmək Məcəlləsinin 69.5 bəndinə əsasən , öz istəyi ilə işdən ayrılıb).

Belə olan halda:

-İndi niyə pulları oğlumdan tələb edirlər?

-Bakı Şəhər Prokurorluğu hansı əsasla oğlumu həbs edirir?

-Vergidən yayınan 40 milyon pulun haqq-hesabı niyə Səxavət Səfərovla aparılmır?

-Bankın içində öldürülən Abbasov Fərhad Cəfər oğlunun cinayət işinin adı belə tutulmur, niyə görəsən?”

Ana oğlunun məhkəməsinin nəzarətə götürülməsini istəyir

Maya Kazımova məktubunun sonunda ölkə başçısından bu işi nəzarətə götürməyi xahiş edir:

“Cənab Prezident!

Oğlum Kazımov Ülvi Elçin oğlunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi ilə baxılır. Sizdən xahiş edirəm ki, bu dövlət əhəmiyyətli məsələni xüsusi nəzarətinizə götürəsiniz. Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan bu işə xüsusi nəzarət etməyi Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova və Ədliyyə naziri cənab Fikrət Məmmədova tapşırasınız.

Sizə əvvəlcədən təşəkkürümü bildirirəm, hörmət və ehtiramımı çatdırıram”.

Qeyd edək ki, “Parabank”ın “Nəsimi” filialının bunkerində “Kia Motors” MMC-nin qeydiyyata salınmayan, dövlətdən gizlədilən 40 milyona yaxın vəsaitinin saxlanılmasına dair ittihamlar hər iki qurum tərəfindən təkzib olunub. Bir müddət əvvəl “Parabank”ın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov bu məlumatları qəti şəkildə təkzib edərək, “Kia Motors AZ” MMC-yə məxsus olmuş 40 milyon manata yaxın vəsaitin bankın “Nəsimi” filialında qanuni şəkildə saxlandığını bildirib.

“KİA Motors Az” MMC-nin mətbuat xidməti də oxşar təkzib bəyanatı yaymışdı. Şirkətdən bildirilmişdi ki, “Kia Motors Az” MMC-nin “Parabank” ASC-nin “Nəsimi” filialında uzun illərdir ki, bank hesabı vardır: “Hesab üzrə müqaviləyə əsasən pul vəsaitinin yığılması, saxlanması və dövriyyəsi qanuni əsaslarla təmin edilir”.

Ancaq bu işlə bağlı cinayət məsuliyyətinə cəlb olunan Ülvi Kazimovun anasının Prezidentə yazdığı məktubda göstərdikləri, həmçinin yaxınlarının “AzPolitika.info”ya təqdim etdiyi digər faktlar və məlumatlar ortada ciddi qanunsuzluğun olduğu ehtimalını yaradır. Fərhad Abbasovun bank binasında şübhəli ölüm faktı isə həm də böyük bir cinayətin olduğundan xəbər verir.

Bunlarla əlaqədar “AzPolitika.info” qarşı tərəflərin də ortaya qoya biləcəyi faktları dərc etməyə hazır olduğunu bildirir. Məhkəmə prosesini də izləməyə çalışacağıq.

Murad MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar