«SANKSİYALAR LAYİHƏSİ HÜQUQİ STATUS ALSA...» - Tanınmış YAP-çıdan xəbərdarlıq

“İndi sevinməyin yeri olmadığı kimi, təşəxxüs göstərməyin də zamanı deyil”

Keçmiş deputat, “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Həsənoğlunun “AzPolitika.info”ya müsahibəsi

- Alqış müəllim, bir sira yerli və xarici ekspertlərin açıqlamarından belə çıxır ki, Qərblə, Amerika ilə Azərbaycanın münasibərlərinin gərginləşməsində mətbuatın rolu heç də az deyil. Sizcə bu nə dərəcədə doğrudur və ümumiyyətlə, KİV-lər bu məsələdə hansi mövqedən cıxış etməlidirlər?

- Mətbuatı başa düşmək lazımdır. Yeri gələndə hakimiyyət bəzi mesajları mətbuat vasitəsilə ifadə edə bilər. Hakimiyyət nümayəndəsi hansısa məqalə ilə çixiş edirsə, bu məqbul bir yoldur. Bu, əslində elə mətbuatın çoxşaxəli fəaliyyətinin bir istiqamətidir. Burada qeyri-adi heç nə yoxdur.

Amma nəzərə alaq ki, Qərb, Amerika bizim üçün cox həssas bir mövzudur. Bu səbəbdən mətbuat belə məqamlarda çox ehtiyatla davranmalıdır.

Böyük rus yazıçısı Çexovun bir hekayəsi var. Hekayənin təxmini məzmunu belədir: Əyalət monastrının rəhbəri, baş rahibi şəhərə gəlir.

Bir neçə gün şəhərdə qaldıqdan sonra qayıdıb monastrın rahiblərini yığır, onlara şəhər həyatındakı pisliklərdən, xaosdan, əxlaqsızlıqdan uzun-uzadı söhbət açır. Şəhərdəki yaşam tərzinə nifrinlər yağdırır. Və baxın sonra nə baş verir?

Sabah baş rahib monastra gələndə görür ki, heç kim yoxdur, monastr bom-boşdur. Niyəsini araşdırır. Məlum olur ki, rahiblər hamısı monastrı tərk edib, yığışaraq birdəfəlik şəhərə köçüblər.

Sən demə, baş rahibin şəhərə, şəhərlilərə qarşı yağdırdığı nifrin tamam başqa, fərqli nəticə veribmış. Onun qabaqlayıcı tədbir kimi düşündüyü anti-şəhər təbliğatı gözlədiyinin əksinə - şirnikləndirici vasitəyə çevrilib. Monastr rəhbərinin çıxışı əyalət adamlarında xaosa, əxlaqsızlığa qarşısıalınmaz bir həvəs oyadıb. Və baş rahib səhər yuxudan oyananda məyusedici bir mənzərəylə üzləşib...

Bu əhvalatda böyük bir həqiqət, incə bir mətləb var. Necə ki təbliğat normanı keçəndə usandırır, bezikdirir, əks-təbliğat da eynən belədir, bəlli bir həddi keçəndə əks-təbliğat şirnikləndirici funksiya daşımağa başlayır. Ona görə də, mətbuatın imkanlarından qədərində və yerində istifadə olunsa məqsədəuyğundur...

- Konqresmen Kristofer Smitin Azərbaycanla bağlı təklif etdiyi sanksiya layihəsinə verilən reaksiyaları necə dəyərləndirirsiniz ...

- Deyərdim ki, ziddiyyətli, hətta bəzən heç cür anlaşılmayan münasibət sərgilənir. Təəssüf ki, bu xəbərə sevinənlər də var. Bir para adam, xüsusilə, müxalif siyasi kəsimin təmsilçiləri acıq-aşkar deyir ki, lap yaxşı oldu, bu çoxdan baş verməli idi, amerikalılar hələ gecikiblər və s. Amma heç kim sevinməyə tələsməsin. Bu azərbaycanlı adına utanc gətirən bir yanaşmadır. Çırtıq çalıb oynamağın yeri deyil. Çünki sanksiyalar layihəsi hüquqi status alsa, bu bütövlükdə Azərbaycanın əleyhinə yönələcək. Və onun acı nəticələrini hamı bir nəfər kimi hiss edəcək.

Bir qrup adam isə başqa cür fikirləşir. Belə deyirlər ki, bu sanksiya qəbul edilsə, daha çox Amerikanın özünün ziyanına işləyəcək. Mən hesab edirəm ki, bu cür düşünmək, vəziyyəti elə bu düşüncəylə də dəyərləndirmək daha çox qorxuludur. Bu ədayla sanksiya xəbərinə sevinənlər arasında mahiyyətcə heç bir fərq yoxdur. İndi sevinməyin yeri olmadığı kimi, təşəxxüs göstərməyin də zamanı deyil.

- İnsan haqları sahəsində Azərbaycana olan iradlarla bağlı nə deyərdiniz...

- Vaxtilə Sovet hökumətinin beynəlmiləlçilik borcu deyilən bir öhdəliyi var idi. Bu missiyanın çətiri altında Kommunist partiyası müxtəlif ölkələrin həyatına müdaxilə edə bilir, sosialist inqilabları ixrac edir, nəticədə öz nüfuzunun coğrafiyasını genişləndirirdi.

Bu günkü insan haqları mövzusu da proletar öhdəçiliyinin başqa bir formasıdır. Düzdür, bu daha bər-bəzəkli, maraqlı və parlaq formadır. Nəzərə alsaq ki, insan haqları heç bir ölkənin daxili işi deyil, onda bu mövzu daha böyük aktuallıq və cəlbedicilik kəsb edir. Reallıqda isə əksər vaxt insan haqları mövzusunun alt qatında insan faktoru, xüsusilə Azərbaycan insanının hüquq və azadlıqları dayanmır....

- Nədən belə düşünürsünüz?

- Sizə məşhur 907-ci düzəlişlə bağlı ictimaiyyətə bəlli olmayan bir hadisəni deyim. 2001-ci ildə Corc Buş ABŞ-ın yeni prezidenti seçildikdən sonra, Klinton Administrasiyası yeni seçilən dövlət başçısına təhvil verilirdi. Bu ərəfədə Azərbaycan hökumətinə təklif olunmuşdu ki, Qazax rayonunun ərazisindən ermənilərə sərhəd açılsın və ermənilərin gediş-gəlişi, ticarət etməsi üçün şərait yaradılsın. Bunun müqabilində ABŞ hökuməti 907-ci düzəlişi ləğv etməyə hazırdır. Şübhəsiz ki, Azərbaycan hökuməti milli maraqlarımıza zidd olduğuna görə bu təklifi yaxına buraxmamışdı...

- Sizin dediyinizdən belə çıxır ki, Kristofe Smitin yeni sanksiya lahiyəsi də özlüyündə bizə məlum olmayan mətləblər gizlədir?

- Çox böyük ehtimal ki, bu belədir. Adətən bü cür bəyanatların, layihələrin bir yox, bir neçə hədəfi olur. Məsələn, burada ABŞ-ın beynəlxaq imicinin qayğısına qalmaq cəhdi var. Bu il ABŞ-da seçkilər keciriləcəyini nəzərə alsaq, bu Amerikanın öz daxili auditoriyasına da hesablana bilər və s.

Əlbəttə ki, hədəflərdən biri də bizik. Unutmayaq ki, bir qədər əvvəl indiki ABŞ hökuməti, Obama administrasiyası Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasıyla bağlı çox ciddi səy göstərdi. Demək olar ki, bu layihə həyata keçmək üzrə idi. Azərbaycan tərəfinin və xüsusilə Azərbaycan prezidentinin qəti dirənişi nəticəsində bu layihə gerçəkləşmədi. Görünür Obama Administrasiyası üzərinə götürdüyü, lakin yerinə yetirə bilmədiyi missiyanın həyata keçməsində israrlıdır. Ola bilər ki, elə Azərbaycana, onun prezidentinə olan təzyiqlər də bununla bağlı olsun.

- Yenə erməni məsələsi ortaya çıxır. Sual yaranır: Amerika erməniləri niyə belə çox istəsin, Amerikanın bu erməni sevgisi haradan yaranır?

- Doğrusu, mən bunu sirf sevgi ilə əlaqələndirməzdim. ABŞ praqmatik bir dövlətdir. Praktika göstərir ki, bu dövlətin müxtəlif ölkələrə yönəlik birmənalı sevgisi və nifrəti yoxdur. ABŞ böyük biznes maraqları üzərində qurulmuş siyasi bir qurumdur. Onun iqtisadi maraqları hər cür təəssübkeşliyin fövqündə dayanır. Erməni məsələsi də hələ ki, bu dövlətin siyasətinə yarayan bir alətdir.

Amma istisna deyil ki, Amerikada, hər yerdə və hər bir dövlətdə olduğu kimi, ayri-ayrı məmurların, siyasi xadimlərin şəxsi dəsti-xətti, sevgisi və ya nifrəti dövlət siyasətinin müəyyən edilməsində rol oynaya bilər

- Siz konkret olaraq kimlərisə nəzərdə tutursunuz?

- Xeyr. Konkret ad çəkmək hərtərəfli məlumat, həm də məsuliyyət tələb edir. Amma mən sizə 1993-cü ildə “Vaşinqton Post” qəzetində dərc olunmuş bir karikatura haqqında danışa bilərəm. Həmin karikatura belədir: Departamentin Azərbaycan üzrə kuratoru iş otağından eviylə, həyat yoldaşı ilə telefonla danışır. Bu vaxt kuratorun köməkçisi otağa daxil olub Azərbaycanla bağlı yeni məlumatları məruzə edir. Kurator xanımıyla danışığı saxlayıb köməkçisini dinləyir.

Köməkçisi otağı tərke dəndən sonra kurator həyat yoldaşından soruşur: əzizim, sən mənə deyə bilməzsən, Azərbaycan harada yerləşir? Bu təsvirə bir neçə məna vermək mümkündür. Yozumlardan biri də budur ki, heç bir dövlət və onun idarəçiliyi, bu idarəçiliyi həyata keçirən məmurlar mükəmməl deyil.

Dövlət Departamentində də, Konqresdə də Azərbaycanla məşğul olub, amma Azərbaycanın harada yerləşdiyini bilməyən, regionun təhlükəsizliyi üçün onun əhəmiyyətini dərk etməyən şəxslər ola bilər .

- Alqış müəllim, həmin karikaturadan başqa bir məna da çıxarmaq olar ki, Azərbaycanı, həqiqətən də, yetərincə tanımırlar...

- Belə bir mərhələ vardı. Artıq biz o mərhələni arxada qoymuşuq. Hazırda bizi dünyada yetirincə və yaxşı tanıyırlar. İndi biz, dövlət, cəmiyyət olaraq yeni bir problemlə üz-üzəyik. Problem də ondan ibarətdir ki, biz dünyanı yaxşı tanımırıq. Dünya biz tanıdığımızdan daha çevik, sərt, amansız və hiyləgərdir...

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar