Nardaranın deputatı Zeynəb Xanlarovaya sərt cavab verdi
“Zeynəb Xanlarovanın çıxışı xoşuma gəlmədi”
Milli Məclisə 28 saylı Sabunçu üçüncü seçki dairəsindən seçilən millət vəkili Eldar Quliyev həmkarı, xalq artist Zeynəb Xanlarovanın parlamentin sonuncu iclasında Nardaranla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, Z.Xanlarova parlamentdə çıxışında “Nardaran camaatını ayağa qaldırmasınlar. Sağ olsun ölkə başçısını, Nardaran sakinlərinin işıq, qaz problemi var idi. Prezidentə müraciət etdim və saatlarla da olsa, bu məsələ həll olundu. Amma mən çox qorxuram ki, camaat yenə ayağa qalxar. Yenə camaatı ayağa qaldırmayaq. Nardarana Binə yolu ilə gələndə elə evlər tikilib ki, elə hasarlar ucaldılıb ki, mən dünyanı gəzirəm, amma belə şey görməmişəm. Camaat ağlayır. Deyirlər hər şeyimizi əlimizdən alıblar, dənizimizi niyə əlimizdən alıblar? Sizi oğurlamayacaqlar ki ? Biri var bu hasarı evinin həndəvərində çəkə, biri də var ki, bütün dəniz boyu çəkib. Hasarı niyə çəkiblər? Kimin villasıdır bilmirik. İstəyirlər ki, xalq qalxsın ayağa, külnglərlə sındırsınlar o hasarları?”-deyə şikayətlənib.
"Qafqazinfo" xəbər verir ki, E.Quliyev AzVision.az-a açıqlamasında deputat həmkarının belə bir mövqe göstərməsinə təəccübləndiyini deyib. Nardaranın deputatı təmsil etdiyi bölgədə Xalq artistinin dediyi kimi problemin olmadığını qeyd edib.
Bağların hasarlanması məsələsinə gəlincə, E. Quliyev bildirib ki, bu ənənə Abşeron və Bakıda ta qədimdən olub: “Ta qədimdən Abşeron, Bakı həyətlərinin hamısında hasarlar var. Birində 2, birində 3, birində 1 metr ola bilər. Orada boya başa çatmış insanlar kimi, həm də kökümüz o zonadan olduğuna görə, biz bunları bilirik, oranın camaatının da xasiyyətinə bələdik. Birincisi, Nardaranda heç kim heç kimin həyətinə girməz. Əsas məsələ dəniz söhbətidir ki, Nardaran tərəfdə bağlar var, həmin bağlar dənizin içərisinə girir. Həmkarım Sabir Rüstəmxanlı dedi ki, Sanqaçala doğru gedəndə böyük tiklilər var, şəxsi evlər yox, sanatoriya tikintiləri var ki, buna da icra orqanları baxmalıdır. Çünki müvafiq qərar var. Qərar qəbul olundu ki, 80 metrə qədərdən sonra tikintilər olsun. Hesab edirəm ki, bu icra orqanlarına aid olan məsələdir”.
Millət vəkilinin sözlərinə görə, Nardaran camaatının əlindən torpaq alınması fikri də həqiqətə uyğun deyil: “Zeynəb xanım hamımızın böyük hörmət etdiyimiz qadındır, hamımızın fəxridir. 2-3 ildən sonra 80 yaşı olacaq. Uzun müddətdir ki, millət vəkilimizdir, SSRİ, Azərbaycan xalq artistidir. İndi kimsə nə söz deyibsə, ola bilər ki, buna görə belə ambisya ilə çıxış etdi. Məsələn dünən çıxış edib, deyib ki, camaatın əlində olanları alıblar. Soruşmaq istəyirəm ki, Nardaran, Maştağa, Bilgəhdə kimin əlindən dövlət nə alıb? İndiki dövrdə mülkiyyəti kim ala bilər, əksinə o dairəvi yol çəkiləndə, ölkə prezidenti tərəfindən tapşırıldı ki, hətta onların əllərində kağızları olmasa da yəni, təsdiq edilmiş kağızlar ki, bu, onların mülkiyyətidir, yenə öyrənilsin ki, bu bağlar onların ata-baba yurdları olubsa, onlara da ödəniş edildi. Dəniz tərəfdən hasar yoxdur, hərkəs gedib çimə bilir.
Millət vəkili Qalib Salahzadə çıxışında deyib ki, Bilgəhdə bir –iki belə bağ var. Onların da icazəsi, əllərində sənədləri var. Kimsə qanundan kənar çıxıbsa, qanun qarşısında cavab verəcək. Mənim Nardarandakı ofisim səhər saat 9-dan, 6-ya kimi işləyir. Bazar günü də mən özüm də orada oluram, vətəndaşlarla görüşürəm. Müxtəlif müraciətlər olub, amma hasarla bağlı bir nəfər də bizə müraciət etməyib. Həm də mənim əlimdən mülkiyyətim alınıb, belə bir söhbət də yoxdur. Ən böyük problemləri o dairəvi yolun çəkilməsi idi ki, onunla bağlı da cənab prezident göstəriş verdi ki, sənədi oldu-olmadı, ordakı insanlar deyir ki, bu sahə ata-babasının yurdudur, sənədi olanlara necə ödəniş verilirsə, hamısına elə verilsin. Bir nəfər deyə bilməz ki, mənim torpağımı götürdülər, pulumu vermədilər. Zeynəb xanıma dünən orada cavab vermək istəmədim, yaşlı qadındır, ürəyinə gələr, bir xəstəlik tutar, itki falan olur. Sonra ömrüboyu boyu özümü bağışlaya bilmərəm. Zeynəb xanımdır da, neyniyək indi?”.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.