NAXÇIVANDA 3 GENERALA QARŞI ŞOK HƏBS DALĞASI – DİN kimləri və niyə saxlayıb? (Yeniləndi)

Naxçıvan Muxtar Respublikasında yüksək rütbəli məmurların, generalların ən yaxın adamlarından ibarət mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

Hüquq-mühafizə orqanlarındakı mötəbər mənbədən “AzPolitika.info”-ya daxil olan məlumata görə, Naxçıvan Daxili İşlər Nazirliyi 3 gün əvvəl MR-in keçmiş Milli Təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov, MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovun qardaşı Yusif Babayev (Hansısa səbəbdən bu qardaşların rəsmi soyadları fərqlidir-red) və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş ərzaq xidməti rəisi, təqaüdə çıxdıqdan sonra da Naxçıvan Ordusunun ərzaq təminatını həyata keçirən Fəxrəddin Quliyevi saxlayıb. Əməliyyata şəxsən Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov başçılıq edib. Sonuncu şəxs Eldar Mahmudovun həmkəndlisi və yaxın dostu, eyni zamanda Əlahiddə Ordunun komandanı, general-leytenant Kərəm Mustafayevin ən inanılmış adamlarından biridir.

DİN-in həyata keçirdiyi əməliyyat uzun illərdir iqtisadi cinayətkarlıqla məşğul olan dəstənin zərərsizləşdirilməsinə yönəlib. Məlumata görə, MR-in MTN naziri, Gömrük Komitəsinin sədri və hərbi komandanının yaxınlarından, etibarlı adamlarından ibarət bu dəstə uzun illərdir "hərbi üçün aparılır" adı altında Bakıdan və həmçinin xaricdən MR-ə mal və məhsul daşıyıb, bu zaman dövlətin hərbi üçün nəzərdə tutduğu imtiyazlardan şəxsi məqsədləri üçün istifadə etməklə, gömrük rüsumlarından və vergidən yayınaraq, dövlətə on milyonlarla manat ziyan vurublar. Məsələn, tutaq ki, Bakıdan hərbinin adı ilə tonlarla un vurulub, yük maşınları hansısa hərbi hissənin içinə daxil olduqdan bir neçə saat sonra "üçlüyün" un dəyirmanına, çörək zavoduna və yaxud hansısa digər ticarət obyektinə doğru yön alıb. Eyni üsulla MR-ə digər ərzaq məhsulları, yanacaq və sairə daşınıb.

"Üçlüyün" ticarət maraqlarını gömrüklərdə Gömrük Komitəsi sədrinin qardaşı, daxildə MTN nazirinin qardaşı, hərbinin adından sui-istifadə məsələlərində isə Əlahiddə Ordunun komandanı Kərəm Mustafayevin ən inanılmış adamlarından olan keçmiş ərzaq xidməti rəisi Fəxrəddin Quliyev təmin ediblər. Məlumata görə, Fəxrəddin Quliyevlə Kərəm Mustafayev hərbidən kənarda da biznes şərikidirlər. Belə ki, onların Ukraynadakı böyük biznesini Fəxrəddin Quliyevin qardaşı idarə edir. F.Quliyev Kəngərli rayonunun Şahtaxtı kəndindəndir. Keçmiş MTN naziri Eldar Mahmudovun kəndçisi və deyilənə görə həm də yaxın dostudur. Bu məqam Naxçıvanda bir neçə general ətrafında başlayan müəmmalı prosesi çözmək baxımından çox önəmlidir. Demək ki, Eldar Mahmudovun Naxçıvanda həqiqətən də çox güclü dayaqları olub və keçmiş MTN naziri Vəli Ələsgərovla Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin vurulmasında E.Mahmudov faktorunun ciddi rolu var. Lakin bu faktor yeganə həlledici səbəb deyil. Çox böyük ehtimalla, bu generalların hədəfə gəlməsində üstü açılan böyük miqyaslı mənimsəmə faktlarının, hətta müəyyən siyasi çalarların da ciddi təsiri olub...

"AzPolitika"ya verilən məlumata görə, kələfin ucu Kərəm Mustafayevin qardaşı, uzun illərdir Naxçıvan Ordusunun təmir-tikinti-quraşdırma işlərinə nəzarət edən Nemət Mustafayevin saxlanıldıqdan sonra DİN-də ifadə verməsi zamanı açılıb. N.Mustafayevin ifadəsi hərbi üçün tikinti və ərzaq təminatında çox böyük mənmsəmələrin, korrupsiya mexanizmlərinin olduğunu üzə çıxarıb. Bu etiraflar sənədləşdirilərək Ali Məclisin sədrinə təqdim olunub. Bundan sonra istintaqın dərinləşdirilməsi barədə göstəriş verilib. Nəticədə hərbinin adından sui-istifadə edən mütəşəkkil dəstə ifşa olunub, iki generalın qardaşları, birinin biznes ortağı DİN tərəfindən saxlanılıb.

Məlumata görə, saxlanılanlardan ikisi - Əli Ələsgərov və Fəxrəddin Quliyev DİN-in zirzəmisindəki müvəqqəti istintaq təcridxanasında saxlanılır. Yusif Babayev isə qardaşına "hörmət əlaməti" olaraq təcridxanaya salınmayıb, 3 gün müstəntiqin iş otağında saxlanıldıqdan sonra dünən sərbəst buraxılıb.

Məsələ ondadır ki, MR Gömrük Komitəsinin sədri Asəf Məmmədov Vasif Talıbovun tələbə yoldaşı (Bir qrupda oxuyublar) və gənclik dostudur. Bu faktor sözsüz ki, öz işini görüb. Baxmayaraq ki, Gömrük Komitəsinin sədri qardaşı saxlanılandan sonra MR rəhbəri ilə danışmağa cəhd etsə də, hazırda həyat yoldaşının xəstəliyi ilə əlaqədar Türkiyədə olan Vasif Talıbov onun zənginə cavab verməyib. Bundan sonra A.Məmmədov qardaşına cinayət işinin açılmaması, cinayətin ört-basdır olunması üçün müəyyən şəxslərlə anlaşmağa cəhdlər edib. Bu cəhdlər dünən müəyyən nəticə verib. Y.Babayev MR-dəki digər saxlanılanlarla şərikli biznesindən - un dəyirmanı, çörək zavodu, quşçuluq fabrikindən (və sairə) imtina edərək, "cəzasını yüngülləşdirib" və sərbəstlik qazanıb...

Əli Ələsgərovla Fəxrəddin Quliyev isə hələ də nəzarət altındadırlar. Onlarla bağlı rəsmən cinayət işinin başlanıb-başlanmadığı məlum deyil. Çox böyük ehtimalla, toplanmış materiallarla tanış olduqdan sonra bu barədə qərarı Ali Məclisin sədri verəcək.   

Yeri gəlmişkən, Kərəm Mustafayevlə bağlı qeyri-müəyyənlik də davam edir. Bəzi məlumatlara görə, K.Mustafayev xeyli vaxtdır Bakıdadır və burda müəyyən məsələlərin həllinə çalışır.

Keçmiş MTN naziri Vəli Ələsgərovun ev dustaqlığında olduğunu isə bütün mənbələr təsdiq edirlər. 

Yazıda adları çəkilən şəxslərin və dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq.

 “AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar