DSX sərhədçilərin peşə bayramı günü ilə bağlı iddialara aydınlıq gətirdi - TƏKZİB

"Prezidentin təltiflə bağlı sərəncamının gecikməsi texniki məsələ olub"

“AzPolitika.info” saytında 04.09.2013-cü il tarixdə yayımlanmış “General bir tostun güdazına gedir” sərlövhəli məqalə Dövlət Sərhəd Xidmətinin ciddi etirazına səbəb olub.

Adıçəkilən yazıda bildirilir ki, 18 avqust – Azərbaycan sərhədçilərinin peşə bayramı günü gözlənilməz bir hadisə ilə yadda qalıb. Belə ki, Azərbaycan prezidenti İlham Əliyev çoxillik ənənəni pozaraq bu il sərhədçilərin peşə bayramını təbrik etməyib. Yalnız üstündən 10 gün keçəndən sonra – avqustun 28-də prezident kiçik bir qrup sərhədçinin təltif olunması haqda sərəncam imzalayıb. Bir nəfərə - Xidmətin Kadrlar İdarəsinin rəisi Elçin İbrahimova isə general-mayor hərbi rütbəsi verilib.

Dövlət Sərhəd Xidmətindəki çox mötəbər bir mənbə isə bununla bağlı “AzPolitika.info”ya bildirmişdi ki, sərhədçilərin peşə bayramı ilə bağlı sərəncamın geçikməsi Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevlə bağlı olub. Belə ki, o, Qəbələdə baş tutan bir məclisdə bəzi fikirlər söyləyib ki, bu da prezidentin xoşuna gəlməyib.

Lakin Dövlət Sərhəd Xidməti bu məlumatı qətiyyətlə təkzib edir.

Xidmət sərhədçilərin peşə bayramı ilə bağlı prezident sərəncamının gecikməsini “texniki məsələ” kimi qələmə verir. Yazıdakı digər iddiaları isə ümumiyyətlə yalanlayır. “Bunlar əsassız söz-söhbətlərdir”, deyə DSX rəsmisi “AzPolitika.info”ya bildirib.

“AzPolitika.info” rəhbərliyi bəyan edir ki, “General bir tostun güdazına gedir” sərlövhəli məqalə kifayət qədər ciddi mənbənin məlumatları əsasında hazırlanıb. Sərhədçilərin peşə bayramı ilə bağlı prezident sərəncamının 10 gün gecikmə ilə imzalandığı faktı təkzibolunmazdır və bu, müəyyən mülahizələrə yol açıb. Bununla belə, bu gecikmənin adıçəkilən yazıda iddia olunduğu kimi, Qəbələdə hansısa məclisdə söylənilmiş fikirlərlə bağlılığını israrla iddia etmək üçün çox mötəbər dəlillər mövcud olmalıdır. Bu səbəbdən istisna etmirik ki, “AzPolitika.info”-nun etibarından sui-istifadə halı olub və hansısa dairələr məqsədli şəkildə DSX rəisinin ictimai nüfuzuna zərbə vurmaq üçün həmin məlumatların yayılmasında maraqlı olublar.

Elçin Quliyev Azərbaycan Silahlı Qüvvələrinin sayılıb-seçilən, cəmiyyət arasında nüfuzu olan generallarından biridir.

“AzPolitika.info” olaraq bəyan edirik ki, məqsədli şəkildə hörmətli generalı ləkələmək cəhdindən söhbət gedə bilməz. “KİV haqqında qanun”un tələblərini rəhbər tutaraq qarşı tərəfin mövqeyini işıqlandırmaqla yanaşı, yaranmış vəziyyətə görə təəsüfləndiyimizi bildiririk.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar