"NATIQ KƏRİMOVUN BURAXILMASINI PREZİDENT TAPŞIRIB" - Daxili İşlər Nazirliyi

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov Nardaran qəsəbəsinin ağsaqqalı kimi tanınan Natiq Kərimovun daxili işlər naziri Ramil Usubovla qəsəbə sakinlərinin bir qrupu arasında “gərgin danışıqların nəticəsi olaraq” azadlığa buraxıldığına dair virtualaz.org saytında yer alan xəbəri təkzib edir.

Sadiq Gözəlovun redaksiyamıza daxil olmuş açıqlamasında bildirilir ki, prezident İlham Əliyevin tapşırığına əsasən daxili işlər naziri Ramil Usubov yanvarın 17-də bir qrup Nardaran sakini ilə görüşüb.

“Rayon icra hakimiyyəti başçısının və millət vəkillərinin iştirakı ilə keçirilən həmin görüşdə Nardaranda aparılan abadlıq-quruculuq işlərinin, eləcə də dövlət orqanlarının yerli strukturlarının tam fəaliyyət göstərməsi istiqamətində atılan bütün addımların ölkə prezidentinin birbaşa nəzarətində olduğu vurğulanıb. Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə cənab prezidentə minnətdarlıq bildirib, eyni zamanda bəzi problemlərin həllində, o cümlədən ailə vəziyyətlərini nəzərə alaraq həbs olunan qəsəbə sakinlərindən günahı az olan bəzilərinin azadlığa buraxılmasında köməklik göstərilməsini xahiş etmişdilər”-açıqlamada deyilir.

DİN mətbuat xidmətinin rəhbəri bildirir ki, nazir Ramil Usubov qaldırılan problemlərin həll olunması üçün digər dövlət strukturları ilə birlikdə müvafiq işlərin görüləcəyini, həmçinin prezident İlham Əliyevin Natiq Kərimovun yaşını və səhhətini nəzərə alaraq məsələyə humanistcəsinə yanaşdığını, onun barəsində cinayət işinin istintaqının həbssiz aparılmasına dair tapşırıq verdiyini qəsəbə sakinlərinin diqqətinə çatdırıb.

“Bir daha qeyd edirəm ki, verilmiş məlumat həqiqəti əks etdirmir və jurnalist təxəyyülünün məhsulundan başqa bir şey deyil”-Sadiq Gözəlov bildirib.

------------

Nardaran Ağsaqqallar Şurasının sədri azadlığa buraxılıb

Bir neçə müddət bundan öncə həbs edilən Nardaran Ağsaqqallar Şurasının sədri azadlığa buraxılıb. Bu barədə İslaminSesi-nə ailə üzvləri məlumat veriblər.

Verilən məlumatda qeyd edilir ki, Natiq Kərimov barədə bu gün məhkəmə iclası keçirilib və barəsində həbsdən azad edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, yanvarın 8-də Səbail Rayon Məhkəməsinin qərarı ilə N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Rəsmi məlumatda bildirilirdi ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar N. Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Belə ağır ittihamdan 10 gün sonraN.Kərimovun işində kəskin dönüş maraq doğurur. Çox böyük ehtimalla, N.Kərimovu səhhətinə görə sərbəst buraxıblar.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar