NEFT MÜHARİBƏLƏRİ: YENİ QİYMƏT 20 DOLLAR OLACAQ! – Səudiyyənin məqsədi nədir?

“Neft qiymətinin aşağı düşmə istiqamətinin dayanmasına il yarım vaxt lazımdır”

Yeni ildə neftin qiymətinin 18% aşağı düşməsi, hətta ən pessimist oyunçuları belə təəccübləndirib. Qərbi Texas (WTI) markalı neftin qiyməti bir barel üçün 30 dollardan aşağı enərək, 2003-cü ildən bu yana minimum həddə düşüb. Ertəsi gün xəbərlərdə Amerikanın neft məhsulları ehtiyatının 1,3 milyard barel olması barəsində məlumat verildi. Bu yeni rekord idi. Neft şirkətləri təcili tədbirlər görməyə başladılar. Bu həftə “BP” şirkəti böyük ölçüdə kəsintilərə gedəcəyini açıqladı. Braziliya neft şirkəti “Petrobras” isə planlaşdırdığı investisiyaları kəskin azaltmaq qərarı verib.

Bəziləri neftin qiymətləri ilə bağlı baş verənlərin səbəbinin təkcə təklif və tələbdən asılı olmadığını bildirirlər. Məsələn, İngiltərənin “Standard Chartered” bankının fikrincə, birjalardakılar hədsiz irəli getdiklərini etiraf edənə qədər, neftin qiyməti 10 dollara düşə bilər. Ancaq bütün bunların hamısı qəhvə falına baxmaq kimi bir şeydir. Qeyri-müəyyənlik o dərəcədə yüksəkdir ki, hətta rəsmi statistik məlumatlara görə, Amerikanın aprel ayı üçün nəzərdə tutulan daşıma müqavilələrində böyük qiymət pərakəndəliyi yaranıb. Nəticədə qiymətlər 25 dollardan 56 dollaradək dəyişir.

Beynəlxalq Enerji Agentliyində (İEA) proqnozlaşdırma ilə məşğul olan Nil Atkinson hesab edir ki, neft bazarındakı pessimizm üçün xeyli səbəb var. Bu, əsasən istehlak ilə bağlıdır. Keçən iki həftə ərzində neftin aktiv satışı Çinin fond birjasında yuanın məzənnəsinin aşağı düşməsi ilə paralel olaraq gedib. Bəzi investorlar hesab edirlər ki, yaunın məzənnəsinin aşağı düşməsi Çin iqtisadiyyatının zəifliyinin göstəricisidir və bu da öz növbəsində neftə olan tələbatı azaldır. N.Atkinson bu riskləri şişirdilmiş hesab edir. 13 yanvar tarixinə olan rəqəmlər, Çinin 2015-ci ildə bir gün ərzində rekord həddə - 6,7 milyon barel neft idxal etdiyini göstərir.

Amma problem ondadır ki, neftə olan tələbat Hindistan və dayanıqsız Çindən başqa, digər yerlərdə də nikbinlik doğurmur. Avropanın 2015-ci ildə neftə olan tələbatı çətin ki, bir daha təkrarlansın. Hal-hazırda Amerikada iqtisadi böyümə davam edir, lakin yanacağa tətbiq edilən qənaət standartları istehlakın artacağından xəbər vermir. Hökumətlərinin benzinin qiymətini yüksəltməsi barəsində verdikləri qərar səbəbindən, Yaxın Şərqdəki sürücülər çox güman ki, avtomobillərini qarajlarında saxlayacaqlar.

Pessimizmi artıran faktorlardan biri də neft çıxaran ölkələrin hasilatı heç də sürətlə azaltmamasıdır. Neftin qiymətinin son dəfə aşağı düşməsinin başlıca səbəbi OPEK-in dekabr ayında keçirdiyi müşavirə ilə bağlıdır. Həmin müşavirədə kartel üzvləri hasilat kvotasını aşağı salmaqdan imtina etmişdi. Səudiyyə Ərəbistanı qiymətlərin xilas edilməsi üçün hasilatı məhdudlaşdırmağa razı olmasına baxmayaraq, bu dəfə bu rolu oynamaqdan imtina edib. Ər-Riyadın apardığı siyasət onu göstərir ki, səudiyyəlilər neftin hasilatına böyük xərc qoyan ölkələri bazardan vurub çıxarmaq istəyir. Özəl söhbətlər zamanı Səudiyyə Ərəbistanı nümayəndələri dünyadakı neft hasilatının həcminin dünyadakı tələbdən geri qalacağını əsas göstərərək, bu ilin axırında və ya 2017-ci ilin əvvəlində neftin qiymətinin yüksələcəyini söyləyirlər.

Bütün bunlarla yanaşı İrandan ixrac ediləcək neftin həcmi barəsində də qeyri-müəyyənlik mövcuddur. Atkinson məsələ ilə əlaqədər qeyd edir: ”Keçən il Meksika körfəzində böyük xərc tələb edən yataqlardan və Kanadanın qumlu neft torpaqlarından çıxarılan neftin həcmi artırılmışdı. Qiymətləin nə qədər aşağı düşməsinə baxmayaraq, istismar xərcləri hər halda aşağı olub. Neft sektoru hasilatın həyata keçirilməsinin mümkün həddinə kimi neft çıxarmağa adət edib.”

Sözsüz ki, Amerikadakı hasilatın aşağı düşməsi, əsas etibarı ilə şist neftindəki hasılatın azalması ilə bağlıdır. Neftin bir barelinin qiyməti bu gün 30 dollar olduğu üçün, ABŞ neftçiləri qarşısında daha mürəkkəb tapşırıqlar dayanır. Neftçıxaranlar hasilatı saxlamaq üçün yeni buruqlar qazmalıdırlar, bankirlər isə kreditləri azaltmaqla onlara təzyiqləri artıracaqlar. Problemli şirkətlərə məsləhətlər verən “Alix Partners” firması bu il xeyli sayda iflas olacağını qeyd edir. Həmin firmanın proqnozuna görə, Amerikanın neft firmalarındakı maliyyə kəsiri ümumən 102 miyard dollar təşkil edəcək. 2015-ci ildə maliyyə təchizatındakı çatışmazlıq 83 milyard dollar olub. ”Alix Partners” bildirir ki, indiki maliyyə çatışmazlığı bütün tarix ərzində ən ciddi və uzunmüddətli ola bilər.

Amma azalmaların böyük olmasına baxmayaraq, bu sadalananlar bazarın neftlə doldurulmasının qarşısını almaq üçün kifayət deyil. Beynəlxalq Enerji Agentliyi bəyan edir ki, dünyadakı neftin saxlanılan ehtiyatının həddi rekord həddə çatıb. ABŞ-ın Dövlət Enerji Agentliyi nəzdindəki informasiyanın idarə olunması administrasiyasının proqnozuna görə, neft ehtiyatı 2017-ci ilədək tələb və təklifin bərabərləşməsinə qədər gün ərzində 700 min barel artacaq.

Həmin administrasiyanın verdiyi məlumata görə, Oklahama ştatının Kuşunq neft anbarlarında bu gün 64 milyon barel neft var. Neft analizi üzrə “Genscape” firmasının əməkdaşı Brayan Buş bildirir ki, bu cür vəziyyət Çində də yaranıb. Orada neft tankerləri boşalmaq üçün növbəyə dayanıblar. Belə ki, neft anbarları dolduğu üçün tankerlər boşalma növbəsini gözləyərək, dənizdə lövbər salmaq məcburiyyətində qalıblar. Neftin yığılıb qalmış ehtiyatı çox böyük olduğuna görə Brayan Buş hesab edir ki, neft qiymətinin aşağı düşmə istiqamətinin dayanmasına il yarım vaxt lazımdır. Vəziyyətin müəyyən qədər aydın başa düşülməsi üçün yalnız bir söz söyləmək mümkündür: neftin qiyməti nə qədər çox sürətlə düşərsə, həmin dayanma günü daha tez gələcək.

(The Economist-Böyük Britaniya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar