NEFTİN QİYMƏTİ RUBLU BATIRIR - Mərkəzi Bank təhlükəli zonaya yaxınlaşır

İqtisadçıların fikrincə, rubl sürətlə dəyərdən düşərək, təhlükəli zonaya yaxınlaşır. Rusiya Mərkəzi Bankı son bir il ərzində ilk dəfə xarici valyutanın satışını həyata keçirmək məcburiyyətində qalacaq. Orta hesabla 15 ekspertin verdiyi proqnoz əsasında “Bloomberg” agentliyinin çıxardığı nəticə bundan ibarətdir ki, Rusiya Mərkəzi Bankı yalnız 90 rubl 1 dollara bərabər olduğu halda valyuta müdaxiləsinə başlayacaq. Rəyi soruşulan iki ekspert isə ilkin mərhələnin 80 rubl olduğunu bildirib. Rubl artıq öz tarixində ilk dəfə olaraq, psixoloji 80 rubl nöqtəsini aşıb.

2016-cı ilin əvvəlindən neftin qiymətinin 26% aşağı düşməsi, ciddi bir təsir dalğası kimi, ölkənin maliyyə sabitliyinə təhlükə törənməyəcəyi təqdirdə valyuta bazarına müdaxilədən qaçacağına söz vermiş Mərkəzi Banka qarşı təzyiqləri artırır.

Bu il inkişaf etmiş ölkələrin valyutaları içərisində rubl ən pis dinamikanı göstərib ki, bu da son dörd ayda zəifləyən inflyasiyanın yenidən şiddətlənməsi təhlükəsini yaradır. Həmçinin, belə bir vəziyyət iqtisadiyyata edilən inflyasiya təzyiqini yüksəldərək, son iyirmi ilin ən uzunmüddətli tənəzzülünü daha da dərinləşdirir.

Londonun “Rabobank” bankının inkişaf etməkdə olan ölkələrin valyutaları üzrə strateqi Pyotr Matıs məsələ ilə əlaqədər deyib: ”Bəlkə də, Rusiya Mərkəzi Bankı rublun zəifləməsinə uzun müddət dözə bilməyəcək, çünki bu inflyasiyaya qarşı olan prosesləri təhlükə altına atır. Əgər rublun dollara olan nisbəti yüksəlməkdə davam edərsə və növbəti psixolji hədd sayılan 80 rubl baryerini aşarsa, onda risk, hətta real müdaxilə həyata keçirilsə də artar”.

Rusiya Mərkəzi Bankının rəhbəri yanvarın 20-də bildirib ki, hələlik Mərkəzi Bank valyuta müdaxiləsi etməyə əsas görmür. Elvira Nabilulina deyib: ”Biz maliyyə sabitliyinə risk yaranacağı halda müdaxilə edəcəyik. Hazırda bu cür risklər yoxdur”.

- Neft, rubl

İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən sonra Brent markalı neftin dinamikası ilə rubl arasındakı korrelyasiya oktyabr ayından indiyədək öz maksimum səviyyəsinə çatıb. Rubl, dollar qarşısında dünən bir gün ərzində 3,6% geriləyərək, özünün tarixi minimumuna -81,493 rubla düşüb (Hazırda- 84.281 rubl).

Vyanadakı “Raiffeisen Bank İnternational AG” bankının iqtisadçısı Andreas Şvabe bildirib: ”Biz, vəziyyətin kəskin pisləşəcəyi və bazarda təlaş yaranacağı halında Rusiya Mərkəzi Bankının qətiyyətli addımlar atacağını gözləyirik. Ancaq neftin qiyməti yönünü aşağıya doğru saxlasa da, hələki biz rublun müdafiəsi üçün Mərkəzi Bankın ciddi addımlar atacağını düşünmürük. Məsələn, ehtiyat valyutanın böyük miqyasda satışı xeyli xərc deməkdir. Axının əksi istiqamətinə üzmək yalnız qısamüddətli effekt verə bilər.”

- Heç də böyük olmayan ciddi tədbirlər

Rusiya büdcəsinə daxilolmaların demək olar ki, yarısı neft və qazın hesabına təmin edilir. Bu il neftin qiymətinin çöküşü, rublun dollar qarşısında 9% geriləməsinə səbəb olub. Mərkəzi Bank bir il bundan öncə valyuta böhranına qarşı gecə yarısı təcili cavab tədbiri hazırlayaraq, faiz dərəcələrini 6,5 % yüksəltmişdi. 2014-cü ilin dekabrından indiyədək Mərkəzi Bank özünün valyuta ehtiyatından dollar satmağı dayandıraraq, rublu sərbəst üzməyə buraxdı.

“Promsvyazbank”ın strateji analiz üzrə rəhbəri Sergey Narkeviç bildirir: “Yəqin ki, pul-kredit sistemini tənzimləyən orqanlar ilk öncə çox da nəzərəçarpacaq tədbirlər görmürlər. Onlar yalnız rublun kəskin dəyərsizləşməsi və ciddi risklər yarandığı zaman faiz dərəcələrinin qaldırılması və ya kapitalın hərəkətini nəzarətə almaq kimi tədbirlərə əl atacaqlar”.

Rusiya Mərkəzi Bankının müavini Kseniya Yudayeva iki gün əvvəl bildirib ki, onlar faiz dərəcələrinin qaldırılmasını tamamilə inkar etmirlər, çünki bank növbəti ilin sonuna kimi inflyasiyanı 4% səviyyəsində saxlamaq istəyir.

İnkişaf etməkdə olan ölkələr üzrə Stokholmun “Skandinaviska Enskilda Banken” bankının aparıcı analitiki Per Hammarlund isə deyib: ”Rusiya Mərkəzi Bankı inflyasiyanı cilovlamağa cəhd göstərərkən, çətin və mürəkkəb vəziyyətə düşüb.Onlar eyni zamanda neftin qiymətinə müvafiq şəkildə büdcə gəlirlərini sabitləşdirmək üçün rublu tədricən devalvasiya etməyə məcbur olublar. Mərkəzi Bank çətin ki, iri miqyaslı müdaxiləyə yol versin”.

(Bloomberg)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar