"Saytımızı Cavid Qurbanov maliyyələşdirmir" - Açıqlama

"Moderator.az” saytının təsisçisi və baş redaktoru Zülfüqar Hüseynzadə sözügedən saytın "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri, Milli Məclisin deputatı Cavid Qurbanov tərəfindən maliyyələşdirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Baş redaktor Z.Hüseynzadə Publika.Az-a açıqlamasında deyib ki, bu barədə fikir söyləyən şəxslər münəccimlik edirlər: "Onlar eşitdiklərini deyil, yuxuda gördüklərini danışırlar. Saytı heç kəs maliyyələşdirmir. Ən yaxşı halda saytımızda 2-3 işçi çalışıb. Əsasən saytı özümüz işlətmişik. Avtomobili də Pərviz Həşimli özü alıb və kreditdədir. Bizim Cavid Qurbanovla nə işimiz var? Pərviz Həşimli Cavid Qurbanovla eyni rayondadır, ancaq saytı o maliyyələşdirmir. Bu barədə deyilənlər ağ yalandır. Mən bu saytın təsisçisi və baş redaktoruyam, Pərviz isə direktorudur. Mən də bəyan edirəm ki, bu cür məlumatlar tamamilə yalandır və əsassızdır. Bizim sayt tam neytral mövqelidir. Saytın nəinki Cavid Qurbanovla, heç kəslə bağlılığı yoxdur”.

Xatırladaq ki, bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə "Bizim yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimlinin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Onu da bildirək ki, P.Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar