NAZİM İBRAHİMOVDAN EVİNİN YANMASI İLƏ BAĞLI SENSASİYALI AÇIQLAMA - "Bizdən deyilsən..."

 "Mənim uşaqlarım ora “ekonom sinif” salonunda uçub gediblər" 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov "Yeni Müsavat"a müsahibə verib. Komitə sədri müsahibəsində əsasən oğlu Elnur İbrahimovun şəxsi təyyarəsi, katerləri olduğu, Maldivlərdə əyləncəli həyat keçirdiyi haqda bu yaxınlarda saytlarda dərc olunmuş məlumatlarla bağlı danışıb, bu iddiaları təkzib etməyə çalışıb.

Müsahibəni ixtisarla təqdim edirik.  

- Nazim müəllim, ölkə mətbuatında oğlunuz Elnur İbrahimovun bahalı əyləncələri, şəxsi təyyarə ilə Maldiv adalarına uçub orada istirahət etməsi və digər məsələlərdən bəhs edən yazılar haqqında nə deyə bilərsiniz?

- 1993-cü ildən ümummilli liderin hakimiyyətə gəlişindən sonra həyata keçirilən, həmçinin son 10 ildə cənab prezident tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan böyük bir inkişaf yoluna qədəm qoyub. Vaxtilə parçalanmaq təhlükəsini yaşayan Azərbaycan dövləti bu gün regionun aparıcı dövlətinə, dünya siyasətində öz sözünü deyə bilən ölkəyə çevrilib. Bu fonda əlbəttə ki, Azərbaycan daxilində olan müəyyən müxalif qüvvələr iqtidarın bu uğurlarını, Azərbaycan dövlətinin sürətli inkişafını həzm edə bilmədiklərindən bizə hər zaman zərbələr endirmək istəyirlər. Buna görə də komandanın ayrı-ayrı üzvlərini nüfuzdan salmaqla, iqtidara sədaqətlə xidmət edən adamlara böhtan atmaqla, nəticə etibarilə hakimiyyəti xalqın gözündən salmağa hesablanmış işlər aparırlar. Yazan müxalifət mətbuatıdır və belə yazılar təəccüblü deyil. Biz xidmət etdiyimiz bütün dövrlərdə müxalifətin mövqeyi ilə barışmaz olmuşuq, çünki apardığımız siyasətin doğruluğuna əminik. Belə şər-böhtan yazılarına gəldikdə, hər bir valideynin birinci işi öz övladını düzgün tərbiyə etməkdir. Mənim iki övladım var: oğlum və qızım. Hesab edirəm ki, çox vətənpərvər, yüksək dərəcədə təhsil almış, vətənini sevən, tərbiyələri ilə hər zaman öyünə biləcəyim uşaqlar böyütmüşəm. Hər hansı bir durumda hansısa bizi sevməyən qüvvələr övladlarımıza belə şər atıb cəmiyyətin gözündən salmağa cəhd edərkən də bir ata kimi onların arxasında durmalıyıq. Günahı varsa, təbii ki, özüm tənbeh edərəm. Digər tərəfdən, ictimai nəzarət özü də gözəl bir şeydir. Hər hansı neqativ hal varsa, ictimaiyyət, media bunu göstərirsə, bu cür neqativ halların qarşısını almaq hər birimizin borcudur. Amma şər-böhtan atılırsa və bu böhtanın üzərində böyük bir kampaniya qurulursa, əlbəttə ki, mən bir ata kimi övladımın tərəfində durub, onu müdafiə etməli, yəni həqiqətin nə olduğunu göstərməliyəm. İddia olunursa ki, oğlumun şəxsi təyyarəsi var, təbii bu, ağ yalandır, boş söhbətdir. Bu, mümkün olmayan bir şeydir. Tamamilə yalan, iyrənc bir iftiradır. Mənim uşaqlarım ora - açıq deyə bilərəm - “ekonom sinif” salonunda uçub gediblər.

- Yaxud bahalı əyləncələr barədə yazılanlar...

- Bahalı əyləncə nəyə deyirsiniz? Əyləncə məkanına gedənlər təbii ki, əylənməlidir. Azərbaycanın özündə də bu gün dövlətin dəstəyi ilə böyük əyləncə mərkəzləri tikilir. Xalqın həyatını daha firavan, istirahət vaxtını daha dolğun keçirməsi üçün bu gün dağ-xizək kompleksləri açılıb. Həmçinin dəniz kənarında böyük istirahət mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar insanların əylənməsi üçündür. Əlbəttə ki, bunu mediaya çıxarıb-çıxartmamaq işin başqa tərəfidir.

- Bu şəkilləri sosial şəbəkədə yaydığına görə oğlunuzu qınadınızmı?

- Bu, bir yenilikdir. Bəlkə də çox yaxşıdır ki, zaman-zaman belə məsələlər müzakirə olunur və hər kəs bu şəbəkələrdən daha düzgün istifadə olunması barədə düşünür. Amma dünənə qədər İnstagram və ya başqa sosial media vasitələrinin hansı fəsadlara gətirib çıxaracağı, nələrin insanları qıcıqlandıra biləcəyini heç biz də bilə bilməzdik. İstirahət yerlərində milyonlarla insan şəkillərini sosial şəbəkələrdə paylaşır. Mən bu məsələnin bu qədər şişirdilməsinin tam əleyhinəyəm. Orada çox yalanlar yazılıb. Maldiv adalarına özəl təyyarədə uçuşdan bəhs olunub. Çox yanlış məlumatdır. Əlbəttə ki, istənilən halda hər bir dövlət məmurunun övladının atdığı addımlarda, dediyi sözlərdə, etdiyi hərəkətlərdə başqalarından daha diqqətli olması gərəkdir, bununla tam razıyam. Medianın da dövlət adamlarına həssaslığı hər zaman olub, bu da normal haldır. Ancaq media nəyisə qeyri-dəqiq yazırsa, biz onu təkzib etməli, düz yazırsa, o zaman nəticə çıxarmalı, nöqsanları tez bir zamanda aradan qaldırmalıyıq.

- Övladınızın nəhəng balıqla bir fotosu da diqqət çəkirdi.

- Bu, gizlin məsələ deyil. Dünyada idman balıqçılığı deyilən bir anlayış var. Bu bütün dünyada təbiəti, ətraf mühiti sevənlərin məşğul olduğu idman növüdür və çox normal qəbul olunur, əyləncə növü sayılmır. Bu idman növündə prosesin ən yüksək nöqtəsi “Blue Marlin” deyilən balığın tutulmasıdır. Həmin balıqla şəkillər çəkdirdikdən sonra onu dənizə atırlar, bununla da bütün proses bitir. Dünyada bu idman növü ilə məşğul olanların böyük bir assosiasiyası da var, onlar sosial şəbəkələr üzərindən bir-biri ilə əlaqə saxlayır və o balığı tutan hər kəs yarışın iştirakçısı kimi qeydiyyata alınır. Məsələnin mahiyyəti bundan ibarətdir.

- Heç şübhə yoxdur ki, sadə azərbaycanlı bu fotolara baxarkən “biz niyə belə imkanlara malik deyilik” deyə düşünür və qıcıqlanır. Bu cür yanaşmanı qəbul edirsinizmi?

- Hər bir insan kimi, mənim oğlumun da öz həyatı var. O, daim öz üzərində çalışır, müəyyən işləri var, təhsil aldığı dövrdə və işi ilə əlaqədar dünyada çoxlu dostlar qazanıb. Əlbəttə ki, biz hər şeyi nəzərə almaq şərtilə övladlarımızın da yaşamını qadağan edə bilmərik. Yəni belə çıxır ki, mənim oğlum sabah dağ-xizək kompleksinə gedib xizək sürsə və bununla bağlı foto yaysa, bunu böyük bir faciə kimi təqdim edəcəklər? Balıq tutmaq mahiyyətcə xizək sürməkdən heç nə ilə fərqlənmir. Nə maliyyə vəsaitinə görə, nə də başqa yöndən. Xizək sürməyə gedən müəyyən miqdarda vəsait xərcləyir, ora gedən də çox cüzi bir vəsait verir ki, yerli gidlərlə gedib saatlarla balıq gözləsin, şəkil çəkdirsin. Mətbuatın bu məsələni şişirtməsi təbii ki, sual doğurur. Əlbəttə, biz hamımız dövlət adamı kimi cənab prezidentin qarşımıza qoyduğu vəzifələri tam, sorğu-sualsız yerinə yetiririk və bütünlüklə onun dediyi fikirlərlə tam mənada razıyıq ki, hər bir kəs öz övladının hansı istiqamətdə nə işlər gördüyünə nəzarət etməlidir, onun cəmiyyətdə olan yerini müəyyənləşdirməlidir, övladına görə məsuliyyət daşımalı, cavab verməlidir. Əgər mənim övladım həqiqətən də cəmiyyətdə böyük bir fəlakət və ya cəmiyyətdə qıcıq doğura biləcək addım atarsa, onun cavabını mən verərəm, heç cəmiyyətə ehtiyac olmaz.

- Məsələyə Hacı İbrahimin də maraqlı reaksiyaları oldu. Özünə məxsus avtomobillərin sayının daha çox olduğu, mətbuatda az yazıldığını bildirdi. Onu da dedi ki, qardaşım oğlu heç yerdə işləmir...

- (Gülür) Onlar iş adamlarıdır, uzun illərdir biznesdədir və nələrinin olub-olmaması barədə çox şey yazıla bilər. Hacı İbrahim çox böyük bir şəhər tikir, həqiqətən də başı ora çox qarışıb, çox düz deyir, ətrafdan bir az məlumatsızdır. Bilmir ki, cavan uşaqlar harda işləyir.

- Bu ərəfədə sizin kirayədə yaşadığınız barədə də məlumat yayıldı və təkzib də olunmadı. Siz bu haqda nə deyə bilərsiniz?

- Bu, mənim şəxsi həyatımdır. Gərək bunlar cəmiyyət üçün müzakirə mövzusu olmasın.

- Keçən il sizin eviniz yanmışdı...

- Bəli, belə bir hadisə baş vermişdi.

- Bu yanğında bir müəmma var idimi?

- Ev yanandan çox qısa müddət sonra youtube-da “Bizdən deyilsən” sərlövhəsi ilə bir videoçarx paylaşıldı. Bu videoda Mahsun Qırmızıgülün “Bizdən deyilsən” mahnısının müşayiəti ilə yanmış evin bütün rakurslarda şəkilləri göstərilir, mənim fotolarımı, dünya yəhudi lobbisinin çox yaxın bir adamı kimi İsrailin bayrağı, David ulduzu ilə birgə verirdilər. Ev yanandan sonra belə bir filmin ortaya çıxması məni çox təəccübləndirdi. Amma dəqiq deyə bilmərəm bu hadisə nə səbəbdən olub.

- Kirayə həyata nə vaxt son qoyursunuz?

- (Gülür) Bu haqda məndən soruşmasanız, daha yaxşıdır.

- Ötən müsahibədə demişdiniz ki, ipoteka ilə Hacı İbrahimin Xəzər adalarında tikdiyi şəhərdən mənzil almaq niyyətiniz var.

- (Gülərək) Hacının şəhəri bitməyib axı.

- Sizinlə bağlı söz-söhbət hakim komanda daxilində müzakirə olunubmu, qınaq, irad bildirilibmi?

- Əlbəttə ki, baş verən bütün proseslər, hadisələr hər zaman müzakirə olunmalı, həqiqətin harda olduğu üzə çıxarılmalıdır. İndi dövlət müxalifət mətbuatının yazdığı hər bir cəfəngiyyata da vaxtını sərf etməz, daha qlobal məsələlər var, onlara vaxt ayırmaq lazımdır.

- Ancaq bu barədə yazı heç də müxalifət mətbuatında dərc olunmamışdı.

- Haqqın.az müxalifət mətbuatı deyilmi?

- Yox, müstəqil saytdır.

- Bilmirəm. Mən təkcə o saytı nəzərdə tutmadım. Müxtəlif media orqanlarında tez-tez belə şeylər olur. Tək mənim ünvanıma deyil, hər bir iqtidar mənsubunun özünün və ya övladının ünvanına belə yazılar tez-tez ortaya çıxır. Bunlar planlı, istiqamətləndirilmiş şəkildə yazılır.

- Bəzən iddia olunur ki, hakimiyyətin daxilində bir-birinə qarşı dayanan qruplaşmalar var deyə, belə yazılar ortaya çıxır...

- Bunlar hamısı söz-söhbətdir. Azərbaycan hakimiyyəti vahid bir komanda şəklində fəaliyyət göstərir. Cənab prezidentin başçılıq etdiyi komandası, silahdaşları, komanda üzvləri var. Biz komanda üzvləri olaraq prezidentimizin qoyduğu və yürütdüyü siyasəti, qarşımıza qoyulan vəzifələri həyata keçiririk. Bütün bunlar hamısı kənar qüvvələrin quraşdırdığı söz-söhbətdir ki, iqtidar daxilində problemlərin olduğunu, kimlərinsə bir-biri ilə münasibətlərində ziddiyyətlərin yarandığını iddia etsinlər. Bizim hamımızın bir məqsədi var, o da prezidentin qarşımıza qoyduğu vəzifələri yerinə yetirmək, onun siyasətini həyata keçirmək, Azərbaycan xalqı və dövləti üçün çalışmaq, onun inkişafına nail olmaq. Yuxarıda qeyd olunan iddialara və bu tipli başqa məsələlərə yer vermək, müzakirə obyektinə çevirmək dövlətin ümumi mənafeyinə ziyan gətirər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar