“Kiyevdə baş verənlər Putin hakimiyyəti üçün böyük təhlükə sayılır” - ANALİZ

ABŞ-ın “The National İnterest” jurnalı Rusiyanın Ukrayna siyasətinə dair maraqlı analiz verib. “Ukrayna: Putin zərbə vuracaqmı” başlıqlı məqalənin tərcüməsini təqdim edirik.

Dünya Ukraynanın Qərb tərəfə yönəlməsinə imkan vermək istəməyən Putinin zərbəsinə hazır olmalıdır. Buna şübhə edənlərə V.Putinin Sovet İttifaqının dağılmasını 20-ci əsrin ən böyük katastrofası adlandırmasını xatırlatmaq yetərlidir. O, Ukraynanın qərbdən möhkəm şəkildə yapışmasını, gələcəkdə Avropa Birliyinə üzv olacağını və ən pisi, NATO-ya girməsini qəbul edə bilmir.

Ukrayna ətrafındakı hərəkətlər Rusiyanın yaxın xarıcə (post sovet məkanına) və Şərqi Avropaya təsir etmək cəhdlərinin son damlalarıdır. Moskva üçün yaxın xaricdəki təsir imkanlarını genişləndirmək strateji cəhətdən mühüm sayılır. Belə vəziyyətlərdə geri çəkilmək və təslim olmaq təhqir olunmuş məğlubiyyət kimidir və bununla barışmaq Rusiyanın Suriyada əldə etdiyi nailiyyətləri də heçə endirər. Ukraynadakı hadisələrə Putinin nöqteyi nəzərincə qiymət verilsə burada söhbət geopolitik hakimiyyətdən çox, gələcək perspektivdə Rusiyanın özündə də buna oxşar proseslərin başlaya biləcəyindən gedir. Əgər Ukrayna xalqı Moskva tərəfindən müdafiə olunan prezidenti devirə bilibsə, deməli belə bir hadisə Moskvanın özündə də ola bilər. Rusiyaya görə xalq hakimiyyəti və qərb sisteminin cəlbediciliyi üstünlük təşkil etməməlidir. Kiyevdə baş verənlər Putin hakimiyyəti üçün böyük təhlükə sayılır.

Bunların qarşısını almaq üçün o, nə edə bilər? Qazın qiymətini qaldırmaq, Ukraynadan gələn mallara məhdudiyyət qoymaq və digər üsullarla ciddi nailiyyət əldə etmək olmaz. Rusiyanın təzyiq üsulları düşmənçilik münasibətlərini artıra bilər ki, bu da Ukrayna əhalisində “Qərb daha yaxşıdır” fikrini yaradar. Gözləmə variantı Moskva üçün heç də yaxşı perespektiv vəd etmir. Qarşıdan gələn seçkilərdə qərbpərəst qüvvələrin qalib gələcəyi şübhə doğurmur. Bütün hallarda Rusiyanın intervensiyasına bəraət qazandırmaq çətin olacaq. Ukrayna hökuməti söyləyə bilər ki, bəli, biz Rusiya ilə yaxın dostluq əlaqələri qurmaq istəyirik. AB ilə bağlanacaq müqavilə bu istiqamətdə işləməyə məne olmaya bilər. Rusiyanın baş naziri Dmitriy Medvedyev bəyan edib ki, Ukraynada hakimiyyətə gələnlər silahlı çevriliş etdiklərinə görə onların legitimliyi şübhə altındadır. Ən mühümü ondan ibarətdir ki, Qərbin hesab etdiyi kimi, Medvedyev heç də Putindən yaxşı deyil. O da Putin kimi sistemin bir parçaşıdır. Putin Medvedyevdən istifadə edərək belə məlumatı mətbuata çatdıraraq nümayiş etdirmək istəyir ki, bu məsələdə rus hakimiyyəti yekdildir. Əgər Moskva Ukrayna hökumətinin legitimliyinə şübhə edirsə, onlar Krımdakı rus çoxluğundan bir kart kimi istifadə edə bilərlər. Bunu bir neçə üsulla həyata keçirmək olar. Məsələn, rusların sıxışdırılması şaiyəsini yaymaqla. Bu tip şaiyələr artıq internet səhifələrində tez-tez yer alır. Sonra isə qızışdırıcılıqla məşğul olaraq Şərq regionlarını və Krımdakıları mərkəzi Kiyev hakimiyyətini qəbul etməməyə təhrik edərlər. Moskva təcili sürətdə Ukraynanın həmin hissələrini dövlət kimi tanıya da bilər. Bunu həyata keçirmək yolunda Moskvanın yeganə ciddi maneəsi ölkənin Şərq tərəfində görkəmli bir liderin tapıla bilməməsidir. Hələlik bu senari üzrə ilk addımlar atılıb və Krımda gərginlik artır. Gələcəkdə hadisələrin nə cür istiqamət alacağını ancaq ehtimal etmək olar.

ABŞ-ın İranın nüvə proqramına qarşı olan mövqeyini analiz edərək Putin belə bir fikrə gələ bilər ki, Obama administrasiyasının hər hansı hərbi konfrantasiyaya getməsi mümkün deyil. Avropalılar isə təkbasına hərbi əməliyyata girişməzlər. Putinin hesablamasına görə, onlara qarşı hərbi risk gözlənilmir. Ona görə ki, 2008-ci ildə rus qoşunlarının Gürcüstan və Cənubi Osetiyaya göndərilməsi zamanı heç nə baş veməmişdi. 2008-ci ildəkindən bir qədər fərqli ssenarini yenidən təkrarlamaq olar. Rusiya üçün ən riskli məqam Qərbin onlara qarşı tətbiq edə biləcəyi sanksiyalardan ibarətdir. Belə sanksiyalar hədsiz dərəcədə ağrılı və təsirlidir. Son dövrlərdə Rusiya iqtisadiyyatı çətin vəziyyətdədir. Rublun qiyməti aşağı düşür ki, bu da ölkədən kapital axınına səbəb ola bilər. Avropalıların hər hansı sərt təzyiqlərinə cavab kimi Rusiya onlara gedən qazı və nefti dayandırar. Ukrayna hadisələrinə Çinin necə reaksiya verəcəyi də çox maraqlıdır. Çünki Çin Ukraynaya xeyli pul yatırıb və bu ölkənin parçalanması onların investisiyalarını təhlükəyə atar.

Ümumiyyətlə isə vəziyyət nə qədər mürəkkəb olsa da, V.Putin belə hesab edir ki, Rusiya üçün Ukraynanın Qərb düşərgəsinə keçməsindənsə Moskvanın separatçılıq kartından istifadə etməsi onlar üçün daha az risk daşıyar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar