XALQINA ÖZÜNƏİNAMI QAYTARAN ADAM!

İlyas İSMAYILOV

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru

“Ancaq öz mənliyini qoruya bilənlər 

həyat mübarizəsində qalib gələrlər”

Ralf Emerson

“Xarakterə malik insanlar məxsus olduqları cəmiyyətin vicdanıdırlar” (R.Emerson); “Ciddilik xarakterin əsasıdır” (O.Balzak); “Xarakterli insan hər bir sözündə və davranışında vicdanlıdır”(S.Smayls); “Talant sakitlikdə yetişir, xarakter təlatümlü həyat burulğanlarında” (İ.Höte);“Xarakterin gücü, məzmunundan asılı olmayaraq, heç bir şeylə əvəz olunmayan dəfinədir. Bu güc ancaq ruhun təbii qaynaqlarından gəlir. Tərbiyə və insan ləyaqətinin əsası olan bu güc qorunub saxlanılmalıdır” (K.Uşinski); “Əsl mərdlik bədbəxtlik vaxtı özünü göstərir” (F.Volter); “Əsl igidlik, sakitcə özünü ələ almaqda və heç bir təhlükəyə, bədbəxtliyə məhəl qoymadan öz borcunu təmkinlə yerinə yetirməkdə ifadə olunur” (C.Lokk)...

Müxtəlif zamanlarda və ayrı-ayrı ölkələrdə yaşayıb-yaradan, başqa-başqa xalqların içərisindən çıxan mütəfəkkirlərin yuxarıda sadalanan fikirləri, sanki, general Şarl de Qollun şəxsində söylənilib, qeyd olunan mülahizələrin irəli sürülməsində fenomenal həyat hadisəsi kimi məhz o nəzərdə tutulub, bu cümlələr onun şəxsiyyətinin və fəaliyyətinin spesifik xüsusiyyətlərini xarakterizə etmək niyyətindən doğub.

De Qollun həyat və fəaliyyətilə yaxından tanışlıq bu ehtimalın - nə qədər ağlasığmaz, fantastik görünsə də -tamamilə doğru olduğunu təsdiqləyir. Bu da, görünür, həyat heyrətlərindən biridir.

Məlumdur ki, insan anadan nə cinayətkar, nə müdrik, nə də müqəddəs doğulur. Şəxsiyyətin formalaşmasında həyat şəraitinin, ictimai mühitin həlledici rolu danılmazdır. Məhz həyat şəraiti, ictimai mühit şəxsin sosial keyfiyyətlərinin bəzilərinin təzahürünə, inkişafına və formalaşmasına kömək göstərir, digərlərini isə boğur, söndürür. Elə buradan da məntiqi bir sual meydana çıxır: De Qollun şəxsiyyət kimi formalaşdığı ictimai mühit nə ilə xarakterizə olunurdu?

...1870-71-ci illər Fransa-Prussya müharibəsində Fransa məğlub olmuşdu - Elzası və Lotaringiyanın yarısını itirmiş, beş milyard frank məbləğində təzminat ödəməyə məcbur edilmişdi. Alman imperiyasının 1-ci reyxkansleri Otto Fon Bismarkın sözləri ilə desək, “Fransaya öz bədbəxtliyini ağlamaq üçün yalnız gözləri saxlanılmışdı”. Lakin bu dərd fransızların iradəsini tamamilə sındıra bilməmişdi, əksinə, zaman-zaman onların şəxsi ləyaqət və Vətənə məhəbbət hisslərinin güclənməsinə təkan vemiş, nə qədər ağır, dözülməz olsa da, onları əsasən şəxsi problemləri deyil, məhz Vətən, Fransa, onun əzəməti daha çox düşündürməyə başlamışdı. 30 il keçsə də, fransızlar müharibədə məğlubiyyətin rüsvayçılığını ürək ağrısı ilə, iztirabla yad edir, bütün şüurlu fəaliyyətlərini bu rüsvayçılıqdan xilas olmağa, yenidən məğrur nəfəs almağa həsr edirdilər. Fransanın, Vətənin alçaldılmasından söhbət gedəndə, hiddətlənən fransızlarda vətənpərvərlik hissləri vəcdə gəlirdi.

İtirilmiş Elzas və Lotaringiya torpaqlarının adlarını da Fransada restoranlara, kafelərə və digər əyləncə və istirahət yelərinə qoymurdular. Bu adlar fransızlar üçün müqəddəs, vətənpərvərlik hissini oyadıb cuşa gətirə biləcək məbəd sayılırdı. Fikir, düşüncə və ən əsası, əməl də bu müqəddəs yerlərin azad edilməsinə yönəldilmişdi (İndi bizdə dəbə minmiş düşmən tapdağı altında olan torpaqlarımızın, şəhər və kəndlərimizin adlarını - “Şuşa”, “Cıdır düzü”, “Laçın dəhlizi” və s. kimi - əyləncə yerlərinə vermək ənənəsi, yəqin ki, heç də Vətən həsrətilə bağlı deyil və bu hal Vətənə məhəbbət hissini də gücləndrə bilməz. Axı əyləncə yerlərində xalqın dərdi çəkilmir, Vətənin xilası barədə düşünülmür - İ. İ.). Belə bir şəraitdə Fransada ancaq iki sosial qurum - Ordu və Kilsə hər cür ehtirama, hörmətə layiq hesab edilirdi. Fransızlar Vətən torpaqlarının işğaldan azad edilməsi, Fransanın öz məğrurluğu və əzəmətinin özünə qaytarılması ümidlərini də milli ləyaqətin və şərəfin daşıyıcısı sayılan Ordunun gücünə və Allahın mərhəmətinə bağlayırdılar. “Nə qədər ki, torpaqlarımız düşmən tapdağı altındadır və bütün fransızların da vəzifəsi Almaniyanı məğlub etməkdir, onda hamının yeri Ordudur!”- şifahi və yazılı ictimai fikir ancaq bu düşüncəni əks etdirirdi. On doqquz yaşlı gənc de Qollun ancaq zadəgan ailələrində doğulan uşaqlara daxil olmaq imkanının verildiyi xüsusi hərbi məktəbə - Sen-Sirə girməsi də məhz bununla bağlı idi.

Xatırladaq ki, general Şarl de Qoll zadəgan nəslindəniydi. Elə onun familiyasına olan “de” əlavəsi də buna işarədir. Uşaqlıqdan şərəfli zadəgan nəslindən olduğunu ona andırır və aşılayırdılar ki, o, öz mənşəyini, tarixi missiyasını unutmamalı, başqa sözlə, millətin yüksək mənəvi simasını saxlamalı, Vətənə məhəbbəti və katolik dininə etiqadı ilə fərqlənməli, Fransanın yüksək ruhunun daşıyıcısı olmalıdır. Ona görə də lap gənc yaşlarından de Qoll hesab edirdi ki, o, necə deyərlər, torpağın duzudur, yəni təkcə fərd kimi özünün deyil, həm də qədim bir nəslin onun missiyasını yerinə yetirməli olan görkəmli nümayəndəsi, davamçısıdır.

deqoll.jpg

Sen-Sirdə və həyatının sonrakı mərhələlərində general de Qoll özünü təkəbbürlü, ötkəm aparır, ictimai və dövlət işləri üçün zəruri olanları çıxmaq şərtiylə, demək olar ki, heç kimlə əlaqəyə girmir, başqalarından kənarda dayanmağa üstünlük verir, bir sözlə, yalqız, tənha həyat tərzi keçirirdi. Bu da onun həyata baxışından irəli gəlirdi. O, özünün “Qılıncın tiyəsi”adlı kitabında yazırdı: “Fəaliyyət adamını xeyli dərəcədə eqoizm, dikbaşlılıq, lovğalıq, qəddarlıq və hiyləgərlikdən kənar təsəvvür etmək olmaz. Əgər o, bu keyfiyyətlərdən böyük işlər görmək üçün bir vasitə kimi istifadə edirsə, onda bütün bunları bağışlamaq olar və bunlar onu daha da ucaldar”. Və yaxud: “Hakimiyyət nüfuz tələb edir, nüfuz isə tənhalıq”.

Ədalət naminə, onu qeyd etmək lazımdır ki, o, bu xüsusiyyətini, artıq qeyd edildiyi kimi, hakimyyətə gəlməmişdən çox-çox qabaq - hələ Sen-Sirdə oxuyanda, aşağı rütbəli zabit olduğu zamanlarda belə, bariz göstərmişdi.

Bunlarla yanaşı, həyatın bütün mərhələlərində - istər hərbi xidmət keçdiyi dövrdə, istərsə də oxuduğu vaxtlarda - de Qoll öz vəzifəsini dərin bilik əsasında, səliqə ilə, nəzərə çarpan dərəcədə qüsursuz, təmiz yerinə yetirirdi. Hələ hərbi xidmət dövründə onun rəhbərlərindən soruşanda ki, nədən belə nümunəvi əsgəri mükafatlandırmırsınız, kapitan Tyuni cavab verir: “Özü üçün ən layiqli vəzifənin Baş Komandanlıq olduğunu hesab edən və bütün davranışıyla buna hazırlaşan oğlanı mən necə serjant təyin edə bilərəm?”.

İnsanın öz həyat yolunun seçməsində və dünyagörüşünün formalaşmasında oxuduğu kitabların, pərəstiş etdiyi müəlliflərin rolu, şübhəsiz, az deyildir. Başqa sözlə, şəxsiyyətin batini sirrini onun qəbul etdiyi mənəvi sərvətlər aləminə daxil olmaqla açmaq mükündür ki, buna da yol o insanın sevdiyi kitablarda, ideallaşdırdığı müəlliflərin əsərlərində əks olunan dünyagörüşlə tanışlıqdan keçir. Duşünürəm ki, bu qaydanı general Şarl de Qollun şəxsiyyətinin və mənəviyyat aləminin öyrənilməsinə də tətbiq etmək uğurlu olur.

De Qollun ən çox sevdiyi, demək olar ki, stolüstü kitabi “Fransa tarixi” idi. Bu da onun Vətənə məhəbbəti ilə bağlıydı. O, Fransanı Müqəddəs Ana kimi sevirdi və bu sevgi həm gücünə, həm də öz mahiyyətinə görə daim sonsuz axan vaxt, zaman kimi hüdudsuz, ölçüsüz idi. Hələ gənc yaşlarından hesab edirdi ki, həyatının mənası Fransa naminə nəzərə çarpan mühüm fədakarlıq, qəhrəmanlıq göstərmədir. Ümumiyyətlə, ən böyük qəhrəmanlığın psixoloji əsası ancaq Vətənə məhəbbət ola bilər. Hər bir insanın qiyməti cəmiyyətə, insanlara verdiyi fayda, tarixi əhəmiyyəti isə Vətən qarşısındakı xidmətləri ilə müəyyən olunur. Şəxsi ləyaqət də özündən bədgümanlıqda deyil, Vətənə vurğunluqda və bunun əməldə nümayiş etdirilməsində böyük məna kəsb edir.

Bir az qabağa gedərək, qeyd etməyi vacib sayıram ki, bu böyük insan iki dəfə Vətənini bədbəxtlikdən xilas etmiş, ölkəsinin siyasi və hüquqi vəziyyətinin bərpasına nail olmuş, iki dəfə könüllü olaraq tutduğu vəzifədən istefa vermiş, həm də görkəmli yazıçı, sərkərdə və hərbi nəzəriyyəçi kimi tanınmışdı. Əlli yaşınadək siyasi səhnədə görünməsə də, yazıçılıq  və sərkərdəlik sahəsindəki fəaliyyəti onun sonrakı karyerasını xarakterizə edən bir çox siyasi, mənəvi, zehni və psixoloji keyfiyyətlərini göstərmişdi. Bu böyük, nəhəng insan müharibədən sonra - 1944-46 cı illərdə Fransa hökumətinə başçılıq etmiş, 1958-1969-cu illərdə isə ölkəsinin prezidenti olmuşdur.

De Qoll tarixə həm də eksponatların yerləşdirilib saxlandığı muzey kimi yox, xalqın formalaşması və inkişafı prosesi kimi baxırdı. Ona görə də bu insanın fəlsəfəsində zamana ümumdünya duyğusu hiss olunurdu. Hazırda mövcud olanın məna və həyati qüvvə kəsb etməsi üçün o, həmişə bəşəriyyətin yaddaşı, eyni zamanda böyük müəllimi və mahir tərbiyəçimiz olan tarixə müraciət edər, öz hərəkətlərini təkamülün ümumi xətti ilə əlaqələndirərdi.

De Qollun sevdiyi müəlliflərdən biri əsgərlərin taleyindən səmimi, ürəkdən gələn, təsiredici söz və ifadələrlə yazan məşhur fransız yazıçısı Alfred de Vin (1797-1863) idi. Hələ əsgərlikdə qulluq edərkən, azacıq boş vaxt tapan kimi, de Qoll dərhal onun “Əsarət və əsgərin böyüklüyü” əsərini oxuyardı. Alfred de Vin Ordunu “millətin içində millət” sayır, onu “dövrün bədbəxtliyi” hesab edərək, yazırdı: “Ordu millətin böyük bədənindən qopardılmış canlı varlıqdır. Ancaq bu varlığın balaca uşaq kimi, ağlı inkişaf etməmiş və inkişafı da qadağandır. Bu varlıq nə etdiyini və gerçəklikdə nə olacağını belə anlamır. Lakin bütün bunlara baxmayaraq, bəzən ölkəyə şərəf gətirən də məhz odur”.

General de Qollun öz həyat yolunun müəyyən edilməsində məşhur fransız şairi və publisisti Şarl Peqinin (1873-1914) də rolu az olmamışdır. Onun səhra çantasından həmişə Peqinin “İki həftəlik dəftərlər”jurnalının nüsxələrini tapmaq olardı. Bu talantlı şair öz yaradıcılığında Fransanın keçmişini yüksəklərə qaldırır, Böyük Fransa İnqilabı iştirakçıları və Napoleonun qvardiya üzvlərinin qarşısında baş əyirdi. O, Fransanı dini ekstaza bürünmüş “mistik Ana Vətən” kimi səciyyələndirir, onun yüksək taleyə məxsus romantik obrazını yaradır və bununla da, necə deyərlər, nəfəs alır, təsəlli tapırdı.

Göründüyü kimi, bu ziyalılara de Qollun rəğbəti onların da Fransaya, Orduya hörmət və məhəbbətləri ilə bağlı idi.

Fransanın idealist filosofu Anri Berqsonla (1859-1941) tanışlıq da de Qollun həyata baxışının fomalaşmasına böyük təsir göstərir. Belə ki, Berqson həyatda baş verən hər hansı bir dəyişikliyin universallığını qəbul edir, inkişaf prosesini də keyfiyyətcə yeninin əmələ gəməsi kimi izah edirdi. O, hamını fəaliyyətin zəruruliyini, yaradıcı enerjinin meydana çıxmasını dərk etməyə çağırırdı. Berqson hesab edirdi ki, həyat elmi kateqoriyalardan daha mürəkkəb olduğundan, təfəkkürün heç bir kateqoriyasını olduğu kimi, dəqiqliklə həyat hadisələrinə tətbiq etmək olmaz. Digər tərəfdən, bu idealist filosof intuisiyanı ağıldan üstün sayırdı.

Mütəxəssislərin yazdıqlarına görə, de Qollun ömrü boyu A. Berqsonun təsiri altında olmasının səbəblərindən biri də bu filosofun öz fikirlərini gözəl və yüksək bədii forma və obrazlar vasitəsilə izah etməsi olmuşdur. Görünür, buna görə ona sonralar məhz ədəbiyyat üzrə Nobel mükafatı verilmişdi.

General de Qollun həyat və fəaliyyəti sübut edir ki, o, açıq təfəkkür sahibi, həyatda öz missiyasını dərk edən insan kimi, köhnə ənənəvi ideyalara məhəl qoymadan yeni, gözlənilməz, cəsarətli, orijinal addımlar atır, çətin və mürəkkəb vəziyyətlərdə ağıllı təhlil əsasında və məhz intuisiyanı rəhbər tutaraq, praktiki qərarlar qəbul edirdi. Bu baxımdan, generalın 1932-ci ildə nəşr olunan “Qılıncın tiyəsi” əsərində yazdığı fikirlər çox maraqlıdır: “Hər hansı böyük bir iş görmək istəyən adamlar yalançı qanun-qaydaların görüntüsü üzərindən adlayıb keçməyi bacarmalıdırlar”.

Şarl de Qollun bədxahları belə, etiraf edirlər ki, 1940-cı ildə o, marşall Petenin başçılıq etdiyi Fransa hökumətinin faşist Almaniyası ilə müvəqqəti barışıq müqaviləsinin imzalanmasını gözləmədən (de Qoll bu muqaviləni Fransa üçün ölümə bərabər sayırdı - İ.İ), formal qayda-qanunlarını tapdalayaraq İngiltərəyə qaçır və böyük bir işi gormək istəyini - Vətənini faşistlərdən azad etmək arzusunu ortaya qoyur. Elə bu vaxtdan da Şarl de Qoll tank müharibəsinin ölkədən kənarda çox da məşhur olmayan nəzəriyyəçisindən Fransa Müqavimət Hərəkatının simvoluna, rəmzinə, təcəssümünə, ölkənin xilaskarına çevrilir. Fransanın faşistlər tərəfindən məğlub edildiyi, əzildiyi, təhqir olunduğu, ümidsiz halda üzü üstə yerə sərib inildədiyi bir zamanda, de Qoll özündə güc tapıb cəsarət nümayiş etdirərək, bütün qamətilə ayağa qalxır, dik dayanır və 18 iyunda London radiosuyla çıxış edərək bütün dünyaya bəyan edir: “Bir döyüşün uduzulması hələ müharibənin uduzulması demək deyil!”. Müharibəni ağılsızlıq, qan-qada, fəlakət gətirən hal kimi qiymətləndirib təslimçiliklə barışmağa hazır olanlara isə de Qollun cavabı daha sərt olur: “Əgər doğrudan da müharibə ağılsızlıqdırsa, torpaqların düşmən tapdağı altında qalması və məğlubiyyətin etirafı bundan da betərdir!”. O, son qələbəyə tam inandığını, ona görə də Böyük Britaniya ərazisinə səpələnmiş fransız əsgər və zabitlərini, fəhlə və mühəndislərini, silah istehsalı mütəxəssislərini ona qoşulmağa çağırır...

Sonrakı mərhələlərdə həyat özü sübut etdi ki, Fransanın gələcək taleyi də məhz bu addımla müəyyən olundu. Bu addım həm də Şarl de Qollun zabit karyerasına son qoyaraq, yeni dövlət xadimi həyatının başlanğıcı oldu.

De Qollun möhkəm iradə sahibi olan anası Janna de Qoll oğlunun London radiosu ilə çıxışı barədə eşidəndə, - “Belə də olmalıydı, mən Şarlı tanıdım, bu, məhz onun edəcəyi işdir” – demişdi.

Bəziləri general de Qollun Fransadan İngiltərəyə qaçaraq Fransa Müqavimət Hərəkatını yaratmasını onun şəxsi şöhrətpərəstliyi, həmişə diqqət mərkəzində olmaq istəyi və s. ilə izah edirlər. Lakin general de Qoll marşall Peten və onun tərəfdarlarından fərqli olaraq, dünyada baş verən hadisələrin mahiyyətini, qüvvələr nisbətini dərk edərək, başa düşürdü ki, “müharibə Fransa ərazisi ilə məhdudlaşmır, bu, dünya müharibəsidir və Fransa da tək deyildir”.

General hər hansı bir qərar qəbul edəndə də əsl dövlət adamı olaraq, həmişə üç pirinsipişərəf və ləyaqəti, sağlam düşüncəni və Vətənin maraqlarını rəhbər tutardı.

Sanki, tale də bu insanı seçərək, onun həyat çətinlikləriylə mübarizəsindən, bir növ, ləzzət alır, əylənirmiş kimi, onunla böyük bir oyuna girişmişdi: o, hər dəfə ciddi sınaqlarla üz-üzə qoyulur və bununla da hər dəfə onun daha bir yeni keyfiyyəti açılır, üzə çıxırdı. Məsələn, o, hələ rota komandiri olarkən, Birinci Dünya Müharibəsində almanlara qarşı vuruşur, ən çətin, çıxılmaz anlarda təslim olmaq və yaxud qaçıb canını qurtarmaq əvəzinə, şəxsi mərdlik nümayiş etdirərək, əlbəyaxa döyüşə atılır, tabeçiliyindəkiləri də buna sövq edir. Nəticədə ağır yaralanır, yaralı vəziyyətdə də almanlara əsir düşür, Fransaya isə ölüm xəbəri yayılır. Hətta ailəsinə də bu haqda rəsmi məlumat verilir.O özü isə əsirliyin ilk günündən yalnız və yalnız qaçmaq, almanlara qarşı yenidən döyüşə atılmaq, vuruşmaq arzusu ilə yaşayır. Düz beş dəfə qaçmağa cəhd göstərsə də, hər dəfə uca boyu ona mane olur. Hətta bir dəfə alman əsgərinin formasını geyinib qaçır, ancaq şalvarın balağı dizinə, pencəyinin qolu isə dirsəyinə çatdığından, nizam-intizamlı alman ordusunun bu “komik əsgər”i hamının diqqətini dərhal cəlb edir və onu tutub geri qaytarırlar. Beləliklə, iki il səkkiz ay əsirlikdə olur və burada öz xarakterinə sadiq qalır, müstəsna yaddaşı, iti ağlı, dərrakəsi, oxumağa sonsuz həvəsi və hərb tarixini gözəl bilməsi ilə əsir yoldaşlarını heyran edir. Yenə dəyişmir - burada da son dərəcə qürurlu, təkəbbürlü davranır, söhbətlərində həmişə haqlı olduğunda israr edir, özünü adamayovuşmaz qərib kimi aparır. Bütün bu xüsusiyyətlərinə görə ona əsgərlikdə “Konnetabl”, yəni“Kralın Ali Baş Komandanı” ləqəbini verirlər.

General de Qollun adi vətəndaş baxımından qeyri-adi, sözün əsl mənasında fərəh və həsəd doğuran hərəkətlərini başa düşmək üçün yaxın silahdaşı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, IV Respublikanın müxtəlif kabinetlərində nazir, V Respublika illərində ölkənin Milli Məclisinin sədri, nəhayət, 1969-1972-ci illərdə Fransanın Baş naziri olmuş Jak Şaban-Delmasın da təsdiq etdiyi kimi, onun heyranedici, çox güclü, əslində fövqalədə bir keyfiyyətini mütləq nəzərə almaq lazımdır: “Şarl de Qoll yaşayıb güzəran keçirəndə də, fikirləşəndə də, qərar qəbul edəndə də və onu həyata keçirəndə də tam əmin idi ki, o, Fransanın ciddi nəzarəti altındadır, onun qarşısında məsuliyyət daşıyır və Fransa da daim onun görüş dairəsindədir”.

Vətənə məhəbbətdən doğan bu keyfiyyəti həm də “de Qoll” adlanan sirrin başa düşülməsinin açarlarından biri saymaq olar. Bu tarixi şəxsiyyətin daxili aləmini açmaq və qeyri-adi hərəkətlərinin motivini başa düşmək üçün, eyni zamanda, onun qəlbində yanan azadlıq məşəlini də duymaq gərəkdir. O, sanki, Afinalı Periklin “Xoşbəxtliyi azadlıq, azadlığı isə igidlik doğurur, odur ki, hərbi təhlükələrin gözünə dik baxın” kəlamını praktiki həyata keçirirdi. Məhz bu keyfiyyəti sayəsində o, özünə xarakter və düşüncə tərzi tərbiyə edib yaradır, taleyinin ümumi istiqamətini müəyyən etməyə nail olurdu. Hələ lap uşaqlığından heç kim onu nəyəsə məcbur edə bilməz və o da başqalarının ondan gözlədiyi hərəkətləri etməzdi. Müasirlərinin təsdiqinə görə, o, təkcə özü ilə münasibət saxlasa da, heç vaxt nə başqasının, nə də özünün əsirinə çevrilməzdi.

Yeri gəlmişkən, de Qoll həm də dərin intellekt sahibi kimi öz düşüncələrini, ideyalarını məharətlə, böyük ustalıq və bədii zövqlə kağıza köçürən bir yazar, fikir adamı idi. Avtobioqraflarının rəyincə, de Qoll siyasi, dövlət xadimi, hərbi nəzəriyyəçi və sərkərdə olmasaydı belə, yazıçı kimi mütləq məşhurlaşacaq, şöhrətin zirvəsini fəth edəcəkdi. Doğrudan da, o, analitik xarakterinə, məzmun və praktiki təkliflərinə görə çox yüksək qiymətləndirilən bir sıra əsərlərin müəllifidir: “Düşmən düşərgəsində ixtilaf” (1924), “Qılıncın tiyəsi” (1932), “Gələcəyin Ordusu” (1934), “Fransa və onun Ordusu” (1938), “Memorandum” (1940) və s.

De Qollun “Hərbi memuarlar”ı isə təkcə məlumatlılıq və məzmun etibarilə deyil, həm də sənətkarlıq baxımından çox yüksək dəyərləndirilir. Bir çoxlarının fikrincə isə, ilk baxışdan bu əsərlər xüsusi məsələlərə həsr edilmiş görünsə də, həqiqətdə de Qoll əsl dövlət xadimi kimi bu kitablarında dövlətin, millətin, hakimiyyətin bölünməsi konsepsiyasını, cəmiyyətə rəhbərlik və fəaliyyət fəlsəfəsini izah edir, dünyada baş verən hadisələrin və baş verə biləcək təhlükələrin ümumi mənzərəsini yaradır. Mütəxəssislər təsdiq edirlər ki, bu əsərlər nəinki hərbi, siyasi və bədii yaradıcılıq baxımından çox yüksək səviyyədə yazılıb, habelə müəllif məhz dövlət adamı kimi düşünüb-daşınıb və ideyalarını gələcək nəsillər ücün ağ vərəqlərə həkk edib. O, “Gələcəyin Ordusu” əsərində manevr müharibəsinin, yəni xüsusi istehkamlar düzəldilmədən keçirilən döyüşün, mexnikləşdirilmiş qoşun və peşəkar ordu konsepsiyasını işləyib hazırlayıb. Mütəxəssislərin fikrincə, uzun müddət keçməsinə, elmi-texniki tərəqqinin xeyli və sürətli inkişafına, xüsusən də hərb sahəsindəki yeniliklərə baxmayaraq, generalın ideyaları indi də çox aktualdır.

De Qollun həyatıyla tanışlıq belə bir fəlsəfi fikrin də doğruluğunu tamamilə təsdiq edir ki, şəxsiyyətin cəmiyyətdə vəziyyəti onun cəmiyyətə olan tələbləri, həyatının məzmunu isə qarşısına qoyduğu məqsədlərlə müəyyən olunur. O özü “Qılıncın tiyəsi”ndə yazır: “Böyük adamlar olmadan heç şey baş vermir. Onlar da ona gorə böyük olurlar ki, məhz bunu istəyirlər”.Elə həmin əsərində, - “Ordulara olduğu kimi, xalqlara da yaxşı rəhbər lazımdır. Bu olarsa , qalanı özü düzələr”, - fikrini irəli sürən de Qoll, doğrudan da, böyük adam kimi, təkcə boy-buxununa yox, habelə intellektual səviyyəsinə və əməllərinə görə kütlənin ümumi fonunda ona ayrılmış dar çərçivələrdən kəskin surətdə kənara çıxır, seçilirdi.

Bu da bir həqiqətdir ki, insanın böyüklüyü, əsasən, özünün özüylə, hissləri, ehtirasları ilə mübarizədə təsdiq olunur. Böyük adam heç vaxt tamahkar, var-dövlət hərisi ola bilməz. Bu fikrin təsdiqi üçün tarixdən çoxlu misallar da gətirmək mümkündür. De Qoll həm də məhz buna görə böyük adam idi. Onu ancaq Vətən, onun gələcəyi düşündürürdü. O, 1962-cı ildə yazırdı: “Mən heç zaman burjua olmamışam. Burjuaziya vara, sərvətə, gəlirə, mülkiyyətə can atmaq deməkdir. Mən və ailəm isə həmişə kasıb olmuşuq. Mən heç vaxt özümü bu sinfin - burjuaziyanın  maraqları ilə bağlı hiss etməmişəm”.

İnsanlarla münasibətlərində ciddilik, soyuqluq nümayiş etdirsə və adamayovuşmaz görünsə də, de Qoll qətiyyən incə insani hisslərdən məhrum deyildi. Məsələn, o, Vətənini xilas etmək məqsədilə həyatını təhlükədə qoyaraq, İngiltərəyə qaçdıqdan və məşhur 18 iyun çıxışından sonra öz ölkəsinin hərbi tribunalı tərəfindən əmlakı müsadirə edilməklə ölüm cəzasına məhkum olunur. Elə buna cavab olaraq onlarla fransız qadını öz nişan üzüklərini Müqavimət Hərəkatını müdafiə etmək üçün ona göndərəndə, habelə onun çıxışından cəmi bir neçə həftə sonra vəfat etmis anasının qəbrinin şəklini alanda de Qoll qələmlə təsvir edilməyəcək dərəcədə mütəəssir olur və kədərlənir. Başqa bir misal: ağıl zəifliyi ilə seçilən kiçik xəstə qızı Anna 12 yaşında güclə yeriyir, 3 yaşındakı uşaq kimi danışırdı. Əzəmətli general bütün boş vaxtlarını bu zavallı qızcığazı ilə keçirər, onu əyləndirmək üçün xarakterinə uyğun olmayan hərəkətlər edər, hətta mahnı oxuyardı. Həmin bu xəstə qız 16 yaşında vəfat edəndə de Qoll çox kövrəlir və dəfndən sonra ağlayan həyat yoldaşını incəliklə, həssaslıqla sakitləşdirməyə çalışaraq, deyir:“Daha ağlama, artıq qızımız heç kimin qızından fərqlənməyəcək”...

Əlbəttə, tarixin daha bir müəmması adlandırıla biləcək, həyat burulğanlarında, çətin, ekstremal anlarda öz qeyri-adi, ağlasığmaz və ecazkar davranışlarıyla hamını heyrətə salan bu insan haqqında çox şey yazmaq, çox şey demək olar. Ancaq hesab edirəm ki, Afinalı Periklin sözləriylə desək, “şərəf hissindən ilham alan, vətəndaşlıq borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən, dərdin də, sevincin də nə olduğunu yaxşı anlayan və məhz buna görə təhlükələrdən qorxub-çəkinməyən”bu insan haqqında yazdıqlarımızı tamamlamaq və de Qoll böyüklüyünü daha yaxşı qavramaq üçün Jak Şaban-Delmasın aşağıdakı fikrinə mütləq diqqət yetirilməlidir: “General de Qoll fransızlara özlərinə hörmət və Fransaya inam hissini qaytaran adam idi”.

(Strateq.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar