Pərviz Həşimlinin qardaşı: “Təvəkkül Qurbanovu tanımırıq”

 Bu həftə həbs olunan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin qardaşı Zamin Həşimli sentyabrın 19-da “Media forum” saytına danışıb.

Zamin Həşimli deyib ki, qardaşının həbsi siyasi və peşə fəaliyyəti ilə əlaqəlidir: “İttihamlar qondarmadır. Pərvizin maddi durumunu, fəaliyyətini hamımız bilirik. O qədər ağılsız deyil ki, evində oturduqları divanın altına, evin ortasına, uşağının oynadığı yerə silah qoysun. Bunun absurd bir iş olduğu hamıya məlumdur”.

Qardaşının sözlərinə görə, Pərviz Həşimlinin evində axtarış aparılan vaxt məhəllənin girişindəki kamera qurğusu bağlanıb: “Sentyabrın 17-də axşam saat 8-dən ayın 18-i gecə 2-yə kimi biz evin ətrafında olmuşuq. Evi mühasirəyə almışdılar. Biliblər ki, evdə xanımı və beş yaşlı qızı var. Buna baxmayaraq 20-30 nəfər silahlı adam qapı-pəncərəni qırıb evə giriblər. Əvvəlcədən məhəllənin girişində olan kamera qurğusunu da bağlayıblar”.

Zamin Həşimli bildirib ki, Pərviz Həşimli ilə həbs barədə söhbətləri olmayıb: “Ayın 18-də ona həbs qərarı verilərkən məhkəmə binasının qarşısında idik. Onu eləcə avtomobilə oturdub aparanda uzaqdan görə bildik, söz soruşmaq imkanımız olmadı. Hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanıldığını bilirik”.

Zamin Həşimli Gəncədə yaşayan valideynlərinin və ya hər hansı qohumlarının evində axtarış olmadığını qeyd edib: “Sadəcə Pərvizin iş yerlərində axtarış aparıblar”.

Qardaşı bildirib ki, Pərviz Həşimli ilə birlikdə həbs olunan Təvəkkül Qurbanovu tanımırlar.

Pərviz Həşimli “Bizim yol” qəzetinin parlament müxbiri, “Moderator.az” saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədridir.

MTN-in onun işi ilə bağlı rəsmi açıqlamasında deyilir: “Azərbaycan Respublikasının vətəndaşları Həşimov Pərviz Kamran orlu və Qurbanov Təvəkkül Zəkəriyyə oğlu Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilindiklərinə görə sentyabrın 17-də tutulublar. Onlar təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin 18 sentyabr 2013-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar