NEFT: 30 DOLLARDAN AŞAĞI? – İran nefti qiyməti daha 10 dollar aşağı salacaq!

Neft çıxaran bütün ölkələr hasilatı əvvəlki həcmdə davam etdirirlər. Hətta Amerikada gündəlik hasilat 17 min barel artıb. Əksər ölkələrdə benzin və digər neft məhsullarının ehtiyatı demək olar ki, tam doludur. OPEK əvvəlki kimi hasil etdiyi neft kvotasını aşağı salmaq istəmir. Bu isə əsas etibarı ilə Səudiyyə Ərəbistanının bazarda öz payını saxlamaq və onların Amerikanın şist neftinin inkişafına qarşı həyata keçirdikləri siyasətlə bağlıdır. (“Atlantico” - Fransa)

İran ilə Səudiyyə Ərəbistanı arasındakı diplomatik əlaqələrin kəsilməsi yaxın perspektivdə neft istehsalının azaldılacağı barəsində, bu iki ölkənin razılığa gəlmək məsələsinin üstündən xətt çəkir. Digər tərəfdən isə yeni qabaqcıl texnologiyaların sürətlə təkmilləşməsi daha dərin qatlardan da neft çıxarılmasına imkan yaradır.

- Çin iqtisadiyyatı dünyadakı ümumi tələbat həcminə təsir edir

Tələbat gözlənildiyi kimi, artmır və bunun səbəbi Çinin iqtisadi böyüməsinin kiçilməsi ilə bağlıdır. Hal-hazırda Çinin göstəricilərinin əksəriyyəti ciddi narahatçılıq doğurur. ”Reuters” agentliyinin məlumatına görə, keçən ilin noyabr ayında Çinin istehsal sektorundakı aktivlik, növbəti dəfə aşağı düşüb. Dekabrda da geriləmə davam edib. Yuanın 7 yanvardakı yeni devalvasiyası Çin üçün neft alınmasının qiymətini qaldırır və eyni zamanda tələbatı məhdudlaşdırır. Bu ilin 11 yanvar tarixində Şanxay birjasının indeksi 5% aşağı düşdü. Ümumiyyətlə isə Şanxay birjasının indeksi iki həftə ərzində 20%, 2015-ci ilin iyunundan indiyədək olan müddətdə isə 40% aşağı yuvarlanıb.

- Geosiyasətdə dəyişikliklər

Gəlin əvvəl İrandan başlayaq. İranın dünya bzarına qayıdışı neftin qiymətinin daha da aşağı düşməsi ilə nəticələnə bilər. Dünya Bankının məlumatına görə, İran neftinin bazara çıxması qiymətləri daha 10 dollar aşağı salacaq. Hələki bu ölkə aktiv şəkildə neft ixracatının artırılmasına hazırlaşır və noyabr ayında Tehran elan etmişdi ki, 2016-cı ilin əvvəlində hasilatı yarım milyon, 2016-cı ilin martında isə bir milyon barel artıracaq.

İran OPEK–də Səudiyyə Ərəbistanından sonra neft ehtiyatına görə ikinci yeri tutur: 132 milyard barel. Ona görə də İranın bazara qayıtması hesablardakı vəziyyəti əhəmiyyətli şəkildə dəyişəcək. Bundan başqa, Ər-Riyad ilə Tehran arasındakı diplomatik əlaqələrin dayandırılmasından sonra, tərəflərin heç biri hasilatı azaltmağa hazırlaşmır. Yəqin ki, onların hər biri öz paylarını digərinin hesabına artırmağa çalışacaq.

- Ciddi iqtisadi nəticələr

Qara qızılın qiymətinin 2014-cü ilin ortasından başlayaraq aşağı düşməsi ixracatçı ölkələrə ciddi zərbə oldu. Venesuela iflas səviyyəsinə gəlib çıxıb. Rusiya büdcəsinin gəlirlərinin yarısı, ixracının isə 40 %-i neftdən asılıdır. ”Reuters” hesab edir ki, əgər neft 30 dollar səviyyəsində qalarsa, onda Rusiyanın dövlət xəzinəsi bir il ərzində boşalacaq. Orta Asiyanın ən güclü iqtisadiyyatına malik olan Qazaxıstanın valyutası təngə, 2015-ci ilin avqustundan indiyədək 25 % ucuzlaşıb. Bu ölkənin 2014-cü ildə Ehtiyat Fondunda 77 milyard dollar vardı. İndi bu ehtiyat əriyir. Bu ilin yanvar ayında həmin fondda 64 milyard dollar qalıb. Əgər Qazaxıstanın heç də az olmayan xərclərini nəzərə alsaq, onda deyə bilərik ki, altı-yeddi aydan sonra Ehtiyat Fondu boşala bilər.

Norveç də ciddi zərbə alıb. Bu ölkədə daşınmaz əmlakın qiyməti sürətlə düşür. ”Statoil” neft şirkəti 20 min nəfəri işdən çıxarıb. Norveç yüksək texnologiyaya malik ölkədir. Ona görə də, onlar texnologiyanı xaricə ixrac etməyi bacarmalı və ya bu texnologiyanı digər sahələrə yönəltməlidir.

- İri miqyaslı islahatlar

Pulsuz qalmamaq və ya hətta iflas vəziyyətinə düşməmək üçün təcili tədbirlər görməli olan, zərbə altında qalmış xeyli ölkə var. Məsələn, qazancının 90 %-i neftdən gələn Səudiyyə Ərəbistanı iri miqyaslı islahatlara başlayır. Büdcəsindəki 89,2 milyard dollar kəsiri ilə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı, iqtisadiyyatın planlaşdırılması barəsində danışmağa məcbur olub. Krallıq ənənəvi olaraq, su və enerji daşıyıcılarının tariflərinə subsidiyalar verir. Amma bu yaxınlarda onlar benzinin qiymətini 50%-dən artıq qaldırdılar (indi qiymət 20 sent olub) və subsidiyaların azaldılacağını bəyan ediblər. Zəruri tələbat mallarından başqa, bütün mallara 5% ƏDV tətbiq olunub. Maliyyə Nazirliyi müəssisələrin (avia və telekommunikasiya şirkətləri) özəlləşdirilməsinin mümkünlüyünü nəzərdən keçirir.

Neft qiymətinin uzunmüddətli çöküşü bütün Səudiyyə iqtisadiyyatını dəyişikliyə doğru aparır. Krallıq dövlət sektorunun payının azaldılmasına və özəl sahənin inkişaf etdirilməsinə niyyətlənib. Maraqlıdır ki, bu yaxınlarda “The Economist” jurnalına müsahibə verən kralın oğlanlarından biri – Salman Mühəmməd bəyan edib ki, milli neft şirkəti “Aramco” birjaya çıxa bilər. Bəs, bu hansı formada baş verəcək? Bazara şirkətin kapitalının bir hissəsi, ya bir neçə filial çıxarılacaq? Hələki, heç bir qərar verilməyib. Şahzadə bəyan edib ki, yekun qərar yaxın aylarda veriləcək və onun özü bu mərhələni nikbinliklə gözləyir.

- “Aramco” birjaya çıxacaq?

“Aramco” dünyanın ən böyük neft şirkətidir, lakin maliyyə hesablarını dərc etmir. Bu isə onun satış həcmi və ehtiyatı barəsində məlumatlar əldə etməyə imkan vermir. Hələlik yalnız spekulyasiya və astronomik qiymətlər haqqında eşidirik. Belə ki, 8 yanvarda “Le Tribune” qəzetində yazılan məlumata əsasən, birjada “Aramco”ya 3 trilyon dollar verərlər. İstənilən halda bu cür hərəkət, “Royal Dutch Shell”, ”Exxon Mobil”, ”BP”, ”Chevron” və “Total” kimi şirkətlərin üstün olduqları neft sektorunda inqilabi bir addım olar. Digər tərəfdən isə bu Səudiyyə Ərəbistanına yeni maliyyə axını gətirərək, onun radikal islahatlar aparmağa hazır olmasını nümayiş etdirər.

Beləliklə, neftin qiymətinin aşağı düşməsi özü ilə birlikdə dərin dəyişikliklərə yol açır. Bunun belə olması isə həm geosiyasi, həm də sırf siyasi amillərə təsir göstərir. Hələ bu yaxınlarda bəzi ekspertlər hesab edirdilər ki, toplanmış neft ehtiyatları tezliklə tükənəcək və bir barelin qiyməti yenidən 100 dollara qalxacaq. Ancaq Çinin böyüməsinin yavaşlaması, İranın gələcəkdə bazara çıxması və toplanmış neft ehtiyatları şəraitində, çox güman ki, neftin qiyməti 30 dollar ətrafında dayanacaq ki, bu da özü ilə bərabər siyasi gücün yenidən bölüşdürülməsi prosesi ilə nəticələnək.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar